Mətbuatımızın mühacir yazarları Layihə

Mətbuatımızın mühacir yazarları

Ceyhun Hacıbəyli Parisdə yaşadığı dövrlərdə də Bakı qəzetləri üçün məqalələr göndərirdi

Azərbaycanın mühacir mətbuatının aktiv yazarlarından biridir Ceyhun Hacıbəyli. Araşdırmaçı Abid Tahirli yazır ki, ölkədə meydan hərəkatı başlanandan sonra kütləvi informasiya mənbələrində, xüsusilə dövrün qabaqcıl mətbu orqanlarında - "Odlar yurdu", "Elm", "Səhər", "Gənclik", "Azadlıq" kimi nəşrlərdə Sovet hakimiyyəti illərində ört-basdır edilmiş bir çox həqiqətlər haqda yazılmağa başladı. Təbii ki, dahi Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı da diqqətdən kənarda qalmadı.
Münhendə nəşr olunan "Naşe obşeye delo" adlı mühacir qəzetinin 1962-ci il 21 oktyabr tarixli 157-ci nömrəsində yazılıb: "Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada (Azərbaycan) anadan olmuşdur. Orta təhsilini Şuşa və Bakının realnı məktəblərində almış, sonra Peterburq Universitetinə daxil olaraq hüquq fakültəsini bitirmişdir. Daha sonra o, Parisin Sorbonna Universitetində Ali Texniki Məktəbdə təhsil almışdır". Amma Ceyhun Hacıbəylinin təvəllüd tarixləri müxtəlif sənədlərdə müxtəlif göstərilib. Bu barədə ictimai xadim özü ötən əsrin 50-ci illərində qələmə aldığı "Bir il xəyallarda və bütöv bir ömür" adlı memuarında Ceyhun bəy yazır ki, qardaşlarımın doğum haqqındakı şəhadətnamələrində qeyri-dəqiqlik ucbatından ilk təhsil üçün onların məktəbə qoyulmasında problem yaranmışdı.
Ceyhun Hacıbəyli Şuşada realnı məktəbdə - Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və Parisdə ali təhsilə yiyələndikdən sonra hələ 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirmişdir. "İttihad" (1917), eləcə də "Kaspi"nin əlavəsi kimi çıxan "İzvestiya" qəzetlərinə redaktorluq edən C.Hacıbəyli "İrşad", "Proqres", "Tərəqqi", "Kaspi", "Baku" kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasında qardaşı Üzeyir bəyə yaxından köməklik göstərmişdi və 1908-ci il yanvar ayının 12-də, Tağıyev teatrında operanın ilk tamaşasında İbn-Səlam rolunu ifa etmişdi.
Ceyhun Hacıbəyli sonradan Parisdə yaşadığı dövrlərdə Bakı qəzetləri üçün məqalələr də göndərirdi. Yazarın XX əsrin ikinci on illiyindəki Bakı fəaliyyəti daha çox mühərrirlik, maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədi ilə yaradılan komissiyada o, fəal iş aparmışdı. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə sıx təmas qurur. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi "Azərbaycan" qəzetini nəşrə başlamağı təklif edir. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra - sentyabrın 15-də onun redaktorluğu ilə "Azərbaycan"ın ilk nömrəsi işıq üzü görür və C.Hacıbəyli qəzetin 88 nömrəsinə redaktorluq edir. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində Ceyhun bəy də var idi. Nümayəndə heyətinin məsul katibi təyin olunan Ceyhun Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza" adlı müraciətində yazırdı: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim".
Bu məsul və şərəfli vəzifə ona doğma Azərbaycanda həvalə edilən son iş oldu. Ceyhun bəy bir daha Vətənə qayıda bilmədi. Lakin son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun qeyri-rəsmi, lakin mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu.
Böyük xalq xadimi, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski, Əkbərağa Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev, Məmməd Məhərrəmov, Əhməd bəy Ağaoğlu ilə yanaşı Ceyhun Hacıbəyli də daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə heyəti 1920-ci ilin mayınadək "Azərbaycan" adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab ("Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti", "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi") kitablar nəşr etmişdilər. Ceyhun Hacıbəylinin 1919-cu ilin sonunda "Revyu dö mond musulman" jurnalında irihəcmli "İlk müsəlman respublikası" adlı əsəri, "Le temps" qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurur. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində "Azərbaycan" jurnalı nəşrə başlayır.
1925-ci ildə "Sosiete Asiatique" cəmiyyətinin "Journal Asiatque" məcmuəsində C.Hacıbəylinin "XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu Ağa Bakıxanov", 1933-cü ildə həmin nəşrdə "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (əsər 1934-cü ildə Parisdə kitab halında da nəşr edilmişdir), 1930-cu ildə Londonda "Asiatic Revie" məcmuəsində "Azərbaycan mətbuat tarixi" məqalələri dərc edilib. C.Hacıbəylinin mühacirət dövrünün araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə, C.Hacıbəyli "Kavkaz" jurnalının fransız nəşrinə redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə fəal əməkdaşlıq etmiş, "La Revue dö monde musulman", "Le bülletin dölomote France-Orient", "La Revue Contemporaine", "La Revue Politique et Parlamentarie", "La Revue des Jeunes", "Le Fiqaro" və bu kimi mətbu orqanlarla birgə işləmiş, bir neçə il məşhur "La Revue de deux Mondes" fransız jurnalının əməkdaşı olub. Həmin jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı "SSRİ-də ziyalılar" məqaləsi dərc edilib.
İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar mühacirlərin fəaliyyətinə bir durğunluq hakim kəsilir. Müharibə bitdikdən bir müddət sonra mühacirlərin fəaliyyəti yenidən canlanır. Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi, onun orqanı - "Azərbaycan" jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi, onun iki dildə (Azərbaycan, rus) nəşr olunan "Azərbaycan" jurnalı xüsusi fəallıq göstərirdi. Bu dərnəklər, ümumiyyətlə mühacirətin Türkiyə və Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi "Amerika Komitəsi" və rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi olmuşdur və hər iki düşərgə bu müqəddəs amal uğrunda mücadilə etmişdir.
Ceyhun Hacıbəyli "Azadlıq" radiosunun yaradıcılarından, Münhendə fəaliyyət göstərən SSRİ-ni öyrənən institutun fəal üzvü olmuşdur. O, həmin institutun Parisdə fransızca nəşr etdiyi "Qafqaz" jurnalının Azərbaycan bölməsində gedən yazılarını redaktə edib. 1959-cu ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin məşhur "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri çap olunur.
Tədqiqatçılar bildirir ki, C.Hacıbəylinin hekayə və felyetonlarının başlıca mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis cəhətlərinin tənqid edilməsinə xidmət etmişdir. Maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Ceyhun bəyin mühacirətə qədərki yaradıcılığında publisistika mühüm yer tutur. Dövrünün bir çox qələm sahiblərindən fərqli olaraq, hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı "Kaspi" qəzetində seriya məqalələr dərc etdirirdi ki, həmin mənbələrə istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə almaq mümkündür. Salnaməçi-publisistin xüsusi ilə mədəni həyatla bağlı sanballı məqalələri böyük diqqət çəkir.
Mövzu baxımından C.Hacıbəylinin publisistik məqalələrini aşağıdakı kimi təsnif etmək olar:
- ədəbiyyat, mədəniyyət, teatr, maarif, mətbuatla bağlı məqalələr;
- xeyriyyəçilik məsələlərinə həsr olunmuş yazılar;
- Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş şəxsiyyətlərə həsr olunmuş materiallar;
- dini dəyərlərlə bağlı, eyni zamanda fanatizmin ifşası ilə əlaqədar qələmə alınan yazılar;
- erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr.
Araşdırmaçı Abid Tahirli yazır ki, "bəzən qələm sahibləri bir nəfərin öz əqidəsinə və məsləyinə sədaqətini izhar etmək üçün "son nəfəsinədək" ifadəsindən istifadə edirlər. Bu sözlər Ceyhun Hacıbəylinin ünvanına çox yaraşır. O, həqiqətən mənalı həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib". Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub bunu bir daha təsdiqləyir. Bu gün də aktual səslənən həmin sənədlə bağlı H.Xəzərin "Mücahid" jurnalında "Ceyhun bəyin vəziyyəti" adlı məqaləsi dərc olunub. Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir ki, onun M.Vəkiloğluna yazdığı "mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox mühümdür" vəsiyyəti də bu istəkdən irəli gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Parisin Sen-klu qəbiristanlığında dəfn edilib.

Ülviyyə Tahirqızı