Ədəbiyyatşünas, teatrşünas və tənqidçi Layihə

Ədəbiyyatşünas, teatrşünas və tənqidçi

Yaşar Qarayevin tənqidi əsərlərinin hər biri bu gün də ictimai fikrə təsir etmək gücünü, enerjisini, canlılığını qoruyub saxlayır

Ədəbi tənqidin ilk növbədə vəzifəsi gerçəkliyi ötən əsərləri təqdim etməkdir. Bu cür əsərləri ədəbi prinsiplərə uyğun görən və təqdim edən isə tənqidçilərdir. Professor Bədirxan Əhmədov tanınmış ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev haqqındakı araşdırmasında onun yaradıcılığını təhlil edir, müəyyən qənaətlərə gəlir: "Ədəbi-tənqidi fikrimizin patriarxı Yaşar Qarayev, ədəbiyyat elminin, tarixçiliyinin və ədəbi, tənqidi, estetik fikrinin yaşarılığını təmin edən, onu durduğu yerdən yeni bir istiqamətə hərəkətə gətirən tədqiqatçılar, elm, düşüncə, fikir adamlarımız bütün həyatını ədəbiyyatşünaslıq elminə, onun gəlişməsinə, yeni elmi konsepsiyaların yaranmasına, bir sözlə, ədəbiyyatşünaslığın yeni mərhələyə daşınmasına həsr etmiş və bu sahədə önəmli işlər görmüşlər. Belə adamlar ədəbiyyatımızı, ədəbi fikir tariximizi yaşarı etməklə özlərinin də yaşarılığını təmin etmiş olurlar. Bu adamlardan biri də ədəbiyyatımızın böyük bir dövrünün inkişaf yolunun, ayrı-ayrı mərhələ və problemlərinin araşdırılmasında ölçüyəgəlməz qatqıları olan Yaşar Qarayevdir. Onun Azərbaycan ədəbiyyatşünaslığında, tənqidində və ictimai fikrində (ona görə ictimai fikri deyirik ki, onun tənqidi həm də bütünlükdə ictimai münasibətləri özündə ehtiva edirdi) yeri və rolu zaman keçdikcə daha aydınlığı, işləkliyi, funksionallığı, ictimai məzmunu ilə üzə çıxır. Yaşar Qarayev yalnız ədəbiyyatın inkişaf yolları, problemləri, tarixi, bugünü və perspektivləri ilə bağlı nəzəri məqalələr, fundamental əsərlər yazmayıb, eyni zamanda uzun müddət həm də ədəbi siyasəti birbaşa həyata keçirən bir ədəbiyyat rəhbəri və başçısı olub. Mən onun AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna etdiyi uzun müddətli rəhbərliyi ilə elmin inkişafına böyük dəstəyini, qeyri-adi, orijinal nəzəri düşüncələrinin bir müddət ədəbi mühiti məşğul etməsini, konseptual tədqiqatların aparılmasına yaratdığı azad, yaradıcı şəraiti nəzərdə tuturam".
Araşdırmaçı hesab edir ki, bu mənada Yaşar Qarayevi özünəqədərki ədəbiyyatşünas, nəzəriyyəçi, tənqidçi, teatrşünas tipini ən yaxşı şəkildə birləşdirən və özündən sonrakı nəsil üçün böyük bir ədəbi, nəzəri irs qoyub getmiş elm və fikir adamlarımızdan biri hesab etmək olar: "Hələ uzun illər bu komponentlərin hamısını özündə daşıyan ədəbiyyatçı nəsli onun bu zəngin ədəbi irsinin yaşarılığını daha aydın hiss edəcək. Qətiyyətlə söyləmək olar ki, XX yüzil Azərbaycan elmi, tənqidi, nəzəri düşüncəsində, eləcə də teatr və dramaturgiya nəzəriyyəsində özünün yaratdığı obrazın və fəth etdiyi elmi səviyyənin yenidən təkrarlanması mümkünsüz görünür, çünki Yaşar Qarayev özü təkrarsız və bənzərsizdir. Yaşar Qarayevin tədqiqatçı portreti son dərəcə zəngin, geniş palitralı, çoxtərəfli faktorları özündə əks etdirir və onun haqqında düşünərkən daha çox ədəbiyyatşünas, teatrşünas, nəzəriyyəçi və tənqidçi tipi üzərində dayanmalı olursan. Doğrudur, buraya ictimai, sosial publisist və ömrünün sonlarında daha çox meyl etdiyi və özünəməxsus portret oçerklər və icmallar yazdığı ədəbiyyat tarixçiliyini, eləcə də yaradıcılığında epizodik şəkildə yer alan daha bir neçə potret cizgiləri də əlavə etmək olar, ancaq bunlar, mənim fikrimcə, onun yaradıcı şəxsiyyət potretində müəyyən yer tutsa da, ana xəttini təşkil etmir. "Yaşar Qarayev fenomeni"nin (Ş.Alışanov) əsas sütununu yuxarıda qeyd etdiyimiz dörd parametr - ədəbiyyatşünas, teatrşünas, ədəbiyyat və estetika nəzəriyyəçisi və tənqidçi keyfiyyətləri təşkil edir. Tədqiqatçının ədəbiyyatşünaslıq debütündə ilk elmi əsəri "Faciə və qəhrəman" (1965) yalnız mövzu və problematikası ilə deyil, problemin qoyuluşu, eləcə də sovet ideolojisinin cızdığı düşüncə orbitindən kənara çıxması ilə diqqəti cəlb edirdi. Monoqrafiyada böyük ədəbiyyat və sənət məsələlərinin qabardılması, ədəbiyyatşünaslığımızın nəzəri müstəviyə çıxaraq müstəqil fikir yürütməsini şərtləndirən amillərdən olur. Tədqiqatçı alim Y.Qarayev bu tədqiqatı ilə ədəbiyyatı sosiolojidən ayırmaqla yanaşı, ədəbiyyatşünaslığa fəlsəfi, problematik istiqamət verməklə yeni bir status qazandırmış oldu. Problemin özü (faciə və qəhrəman) kifayət qədər dövrün ədəbi ideolojisi və siyasəti üçün yad bir problem olmasına rəğmən, elmdə ilk addımlarını atırdı, tədqiqatçı ədəbiyyat tarixçiliyinə və mövzuya baxışda, elmi həllində yeni, nüfuzlu fikir deyə bilmişdi. Y.Qarayevin araşdırmalarını fərqləndirən problemə çağdaş baxış, nəzəri erudisiya, ədəbiyyatşünas cəsarəti, ədəbi faktı dəyərləndirmə bacarığı və s. keyfiyyətlər onun sonrakı yaradıcılığında artan xətt üzrə inkişaf edərək bu sahədə böyük bir nüfuz sahibinə çevirdi. Azərbaycan ədəbiyyatşünaslığında elmi həllini gözləyən araşdırmalar bundan sonra alimin nüfuz dairəsinə daxil olur və yalnız özünün deyil, bütövlükdə ədəbiyyatşünaslığımızın, ədəbi elmi düşüncəmizin simvoluna çevrilən "Realizm, sənət və həqiqət" fundamental monoqrafiyası ilə bəlkə də çoxları üçün dar sahə hesab olunan ədəbiyyatşünaslıqda maksimal nəticə əldə etmənin əsasını qoyur. Bizdə Y.Qarayevə qədər maarifçi realizm, realizm və tənqidi realizm haqqında həm nəzəri cəhətdən, həm də ədəbiyyatımızda ifadə olunması baxımından yüksək nəzəri fikir deyilməmişdi. Ədəbiyyat tariximizin böyük bir mərhələ, istiqamət və keyfiyyətlərini əhatə edən bu problemlər, hətta bir çox cəhətdən dünya nəzəri fikri ilə həmahəng səsləşən yeni düşüncəni özündə ehtiva edirdi".
"Ədəbi üfüqlər" (1985), "Meyar şəxsiyyətdir" (1989), "Tarix: yaxından, uzaqdan" (1996) və s. kitablarının hər biri ədəbi, elmi mühitdə bir hadisəyə çevrilirdi. Ömrünün sonlarına yaxın ədəbiyyatşünas alimin ədəbiyyat tarixçiliyi, ayrı-ayrı şəxsiyyətlərin həyatı, taleyi ilə bağlı araşdırmaları onun yaradıcılığının yeni bir keyfiyyətini üzə çıxardı. Onun tarixi və ədəbi faktlara yeni ruh və can verməsi, onu mənalandırması, elmi interpretasiyaları ədəbiyyat tarixçiliyi janrını yenidən aktuallaşdırdı. Cümhuriyyət ədəbiyyatı, Əlibəy Hüseynzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Məmməd Əmin Rəsulzadə yaradıcılığı məhz onun araşdırmalarında istiqlal məzmununun obrazlı ifadəsini tapdı. Cümhuriyyətin qurulmasında və ictimai fikirlə qoşa addımlayan bədii düşüncənin istiqlalçılıq motivləri, rəmzləri, fikir və ideyaları tədqiqatçının araşdırmalarının əsasını təşkil edirdi. Y.Qarayevin son elmi araşdırmalarının yekunu olaraq "XIX-XX yüzillərdə Azərbaycan ədəbiyyatı" və "Min ilin sonu" kitabları ədəbiyyatşünaslığımız qarşısında yeni perspektivlər açırdı. Onun ədəbiyyat tarixi ilə bağlı araşdırmaları və ədəbiyyat tarixçiliyi ənənəvi ədəbiyyat tarixçiliyindən fərqlənirdi; haradasa burada müəyyən uyğunsuzluqlar da tapmaq olar (yəni sırf ədəbiyyat tarixçiliyi baxımından), bəzi təkrarlara da rast gəlmək olardı, ancaq Y.Qarayev dövrün bədii düşüncəsinin tarixinə öz baxışını yaratdı, burada ədəbiyyatın inkişaf yollarının xüsusiyyətləri araşdırılır, ədəbi diaqnozlar qoyulur, elmi araşdırmalar aparılır: özü də görkəmli alimin ədəbiyyat tarixinə baxışı fəlsəfi mahiyyət daşıyır, ədəbi, bədii düşüncə ictimai fikirlə paralel olaraq təhlilə cəlb olunur. Buna görə də Y.Qarayevin ədəbiyyat tarixçiliyi özünəqədərki və özündən sonrakı ədəbiyyat tarixlərindən özünəməxsusluğu ilə seçilir. Bir çox məqalələrində isə tədqiqatçı alim min ilin milli bədii düşüncəsinə fəlsəfi, ictimai baxışını ifadə etməyə nail olur".
B.Əhmədov Y.Qarayevin milli teatrla bağlı fikirlərinə də diqqət çəkir: "O, tədqiqatçı alim portretini ifadə edərkən onun teatrşünas olaraq milli teatrımızın dünəni və bu günü ilə bağlı yazdığı əsərləri, məqalələri xüsusi qeyd etmək lazım gəlir; belə ki, Azərbaycan teatr sənətində Mehdi Məmmədov, Tofik Kazımov kimi rejissorların teatr məktəbi məhz onun məqalələrində bütün təfərrüatları ilə açılırdı. Cəlil Məmmədquluzadə, Sabit Rəhman, İlyas Əfəndiyev və başqalarının əsərlərinin tamaşa həyatı onun fəlsəfi yozumu ilə yeni həyat qazanmış olurdu. Bu dövrdə teatr məktəblərinin tamaşaçı ilə təmasında Y.Qarayev məqalələrinin təsiri də az olmurdu. Bu məqalələrin "Səhnəmiz və müasirlərimiz" (1972) adı ilə kitab şəklində dərc olunması teatr tənqidinin yeni bir mərhələyə daxil olmasında ən önəmli yerlərdən birini tuturdu. Yaşar Qarayev həm də bir tənqidçi idi; belə ki, Azərbaycan tənqidinin sosioloji, ideoloji meyllərdən azad olmasında və fəlsəfi, obrazlı məzmun daşımasında onun tənqidinin böyük rolu vardı. Hər hansı bir əsər onun tənqidində yeni bir ədəbi həyat qazanmış olurdu; tənqidçinin yaradıcı baxışı, yanaşması bədii əsərlə yanaşı tənqidin özünə də müstəqil janr olaraq nüfuz qazandırırdı. Onun tənqidi məqalələri böyük ədəbiyyat, saf sənət yolunda yeni nəzəri istiqamətlər verirdi. "Tənqid: problemlər, portretlər" (1976), "Poeziya və nəsr" (1979) kitabları bütövlükdə tənqidin gəlişməsinin təməl faktorları kimi çıxış edir. Y.Qarayev tənqidi bir çox həmkarlarının yaradıcı məhsulları ilə birlikdə Azərbaycan tənqidinə yeni bir status qazandıraraq vəzifələrini genişləndirdi, məzmununu zənginləşdirdi. Yaşar Qarayev marksist tənqidin tüğyan etdiyi bir zamanda bu janra millilik və ictimailik qazandırdı, tənqidin öldürücü, məhvedici gücünü azaldaraq ideya və mülahizələrinə liberalizm qatdı, bədii düşüncənin bir xətli olmayıb çoxyönlülüyünü təsdiq etmiş oldu. Onun hər bir əsərə yanaşma tərzi və təhlil-baxış bucağı, obrazlı ifadələri tezliklə "Yaşar Qarayev tənqidi" terminin yaranmasına nədən oldu. Onun yaradıcılığında tənqidin vəzifəsi dünya ədəbi fikrindəki funksiyasına yaxınlaşdırıldı, yeni fikir cərəyanı meydana gətirərək onun populyarlığını daha da artırdı. Yaşar Qarayev tənqidinin qərarlılığı, dürüstlüyü, saflığı, təmizliyi, obyektivliyi, hər bir əsərə sənət düşüncəsi ilə yanaşması və bu bucaqdan da təhlil etməsi onun tənqidçi şəxsiyyətini də önə çıxardı. Tənqidin vəzifəsini düzgün anlamayanlar belə Y.Qarayevin arqumentli, canlı, qərəzsiz, obrazlı tənqidinin obyekti olmaq fürsətini qaçırmaq istəmədilər. Onun son dərəcə bənzərsiz elmi, tənqidi əsərlərinin hər biri bu gün də ictimai fikrə təsir etmək gücünü, enerjisini, canlılığını qoruyub saxlayır".

Uğur