“İnternet çap mediasını məhv etməyəcək, sadəcə onların formasını dəyişəcək” Layihə

“İnternet çap mediasını məhv etməyəcək, sadəcə onların formasını dəyişəcək”

Həsir Əhmədli: "Diffamasiya haqqında" qanun jurnalistikada səliqə-səhman yaradacaq"
Natiq Məmmədli: "Mətbuatın sərbəst fəaliyyət göstərməsi vacibdir"

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli bugünkü mətbuatın durumu, söz-fikir azadlığı və plüralizmin inkişafı haqqında fikirlərini bölüşüb. Onun sözlərinə görə, siyasi baxımdan bu gün Azərbaycan mətbuatını azad hesab etmək olar: "Çünki senzuranın ləğvindən sonra mətbuata qarşı heç bir açıq basqı və təzyiq görünmür. Amma bunun əvəzində iqtisadi cəhətdən müəyyən sıxıntılar var. Sözsüz ki, iqtisadi asılılıq da basqının bir növüdür. Belə ki, tanınmış iqtidar mətbuatının maliyyələşməsində, sosial təminatında heç bir problem yoxdur. Amma müxalifət və müstəqil mətbuatda vəziyyət fərqlidir. İqtisadi baxımdan onların vəziyyəti çox acınacaqlıdır. Bunun əsas səbəbi də reklamın mətbuat arasında düzgün paylanmamasıdır. Əgər reklam bazarı düzgün tənzimlənsə, mətbuatın maliyyə problemləri o qədər də çox olmaz".
O, həmçinin əlavə edib ki, söz, fikir azadlığından sui-istifadə halları da var: "Hətta kifayət qədərdir də deyə bilərəm. Amma ondan qorxmaq lazım deyil. Çünki jurnalistlər olmayan bir fikri ifadə eləmirlər. Düzdür, qeyri-professional jurnalistlər var ki, öz şəxsi maraqları üçün bu azadlıqdan istifadə edirlər. Sadəcə, bunun o qədər də təhlükəli bir hal olduğunu düşünmürəm. Odur ki, çəkinmədən mətbuata, sözə azadlıq vermək lazımdır".
Onun fikrincə, KİV üçün "4-cü hakimiyyət" anlayışı nisbidir: "Bu ifadə müəyyən dövrün nəbzindən asılı olaraq yaranıb. Və bu gün üçün məni qane eləmir. Çünki zamana və hadisələrə uyğun olaraq, mətbuat tez-tez yerini dəyişə bilir. Hətta bəzən mətbuat birinci hakimiyyət də ola bilir. Hesab edirəm ki, "4-cü hakimiyyət" köhnədən qalmış bir ifadədir. Bilirsiniz ki, bu ifadənin tarixi İngiltərədən gəlir. Mənim fikrimcə, mətbuata "4-cü hakimiyyət"dən daha çox "nəzarətçi hakimiyyət" statusu yaraşır. Mətbuatın funksiyalarından biri də baş verən hadisələrə kənardan nəzarət etməkdir". Mətbuatda qütbləşmə tendensiyasından danışan Həsir Əhmədli onu da diqqətə çatdırıb ki, qütbləşmə özlüyündə pis iş deyil: "Cəmiyyət özü iki yerə bölünübsə, iqtidar və müxalifət varsa, bu, mətbuatda da öz əksini tapmalıdır. Bu, qanunauyğunluqdur. Dünyanın quruluşuna fikir versək görürük ki, o özü də iki qütbə - cənub və şimal qütbünə bölünüb. Qütbləşmə pis şey deyil. Amma gərək vahid nüvə ətrafında qütbləşməyi bacarasan. Bizim cəmiyyətimizin çatışmayan cəhəti odur ki, biz, həmişə müxtəlif nüvələr ətrafında cəmləşirik. Bu da, təbii ki, mətbuata da sirayət edir. Həm iqtidar, həm də müxalifət mətbuatına. Deyək ki, vahid azərbaycançılıq ideyası ətrafında birləşsək, cəmiyyətdə də heç bir narazılıq olmaz. Bu artıq dövlətin idarə olunması deməkdir. Amma bizim nüvələrimiz başqa-başqadır. Bizdə azad mətbuatın təzahürləri var, amma sadəcə çalışıb o nüvələri birləşdirməliyik. Mətbuatımız da buna xidmət eləməlidir. Şəxsən mən Əli bəy Hüseynzadənin üçəm düsturunun tərəfdarıyam. Yeganə çıxış yolumuz budur: türkçülük, islamçılıq və müasirlik. Bu üçünün ortaq nöqtəsini tapmalıyıq, gündəlik həyatımızdan tutmuş, mətbuatımıza qədər tətbiq eləməliyik. O ideya ətrafında birləşməliyik. Əks halda nə cəmiyyət, nə də mətbuat indiki vəziyyətdən çıxa bilməyəcək. Mətbuatda plüralizm də eyni nöqtəyə aparıb çıxaran müxtəlif yollardır. İnsanların ağzına və ağlına gələni danışması plüralizm demək deyil. Vahid ideologiyadan çıxış edib müxtəlif fikirləri ifadə edə bilərik. Bizim cəmiyyətimizin yeganə çatışmazlığı məqsədsizlikdir. Necə ki, cəmiyyətimiz vahid nüvə ətrafında birləşməyib, jurnalistikamız da bu vəziyyətdə olacaq".
Mətbuatın siyasiləşməsinə gəldikdə isə Həsir Əhmədli bildirib ki, mətbuat hər bir cəmiyyətin güzgüsüdür: "Həsən bəy Zərdabini yadımıza salaq. O deyib ki: "Hər bir vilayətin qəzeti, həmin vilayətin aynası olmalıdır". Bu gün cəmiyyətimizdə siyasiləşmə varsa, təbii ki, bu tendensiya özünü jurnalistikada da göstərməlidir. Mətbuat cəmiyyətdə baş verən hər bir hadisəyə obyektiv reaksiya verdiyi üçün siyasiləşmədən kənarda qalması mümkün deyil. Əgər Azərbaycan cəmiyyəti iqtidar və müxalifət nümayəndələrinə, yəni varlılar və kasıblara bölünübsə, mətbuatın tam qalması real deyil".
Qeyri-ixtisas sahiblərinin jurnalistikaya "hücum"una gəlincə isə o, "bu, çox böyük problemdir",- deyə vurğulayıb: "Bu məsələ ilə bağlı dəfələrlə mətbuatda və auditoriyalarda çıxış eləmişəm. "Jurnalistikaya "canlı orqanizm" kimi baxmaq lazımdır. Burada söhbət təkcə informasiya, məqalə yazmaqdan getmir. Yazmağı hamı bacarır. Amma bir var jurnalistika, bir var publisistika. Publisistik üslubda yazmağı bütün savadlı adamlar, alimlər bacarırlar. Amma jurnalistika ayrıca bir redaksiyanı əhatə edən bir sənətdir. Necə ki, jurnalist olduğum üçün mən gedib həkim işləyə bilmərəm. Eləcə də həkim gəlib jurnalist işləməməlidir. Müalicə və müayinədə olduğu kimi, jurnalistikanın da özünə görə incəlikləri var. Mətbuatın vəziyyətinə diaqnoz qoyub, onu sağaltmaq üçün jurnalistikada ancaq professionallar işləməlidir".
O, həmçinin əlavə edib ki, həmişə bu məsələnin aktuallığını vurğulayıram: "Bir var peşə, bir də sənət. Peşə elədir ki, kiminsə əlinə baxmaqla öyrənmək olur. Amma sənət Allah vergisidir. Şair, rəssamlıq kimi. Jurnalistika isə peşədir. İstənilən adam jurnalist ola bilər. Amma bir şərtlə ki, sənin güclü müşahidə qabiliyyətin və fikrini ifadə eləmək üçün qələmin olsun. Hadisələri normal müşahidə edib, gördüklərini qələmə ala bilirsənsə, sən artıq jurnalistsən. Hamının daxilində bir peşəyə istiqamət var. Vacib olan onu üzə çıxarmağı bacarmaqdır. Adam var ki, riyaziyyatı sevir, biz niyə onu gətirib jurnalist etməliyik?"
Elektron KİV-in güclənməsinin çap mətbuatını sıradan çıxarıb çıxarmayacağına gəlincə isə, Həsir Əhmədli deyib ki, bu problem müasir Azərbaycan KİV-nin problemi deyil: "Bu məsələ lap əvvəldən mövcuddur. Radio çıxanda dedilər qəzetlər "öləcək". Televiziya çıxanda isə dedilər qəzetlər də, radiolar da tarix olacaq. Amma zaman göstərdi ki, bu vasitələrin hər birinin öz spesifikliyi, öz funksiyası var. Amma internet bunların heç birinə bənzəmir. Doğrudan da, internet bu media vasitələrinin hər birini qılınclaya bilər. Amma bu heç də o demək deyil ki, internet hökmranlığı ələ alandan sonra qəzet ləğv olacaq. Xeyr, sadəcə qəzetin bütün iş əmsalını kompüter yerinə yetirəcək. Qəzet üçün kağız, radio üçün ayrı studiya lazım olmayacaq. Bir sözlə, internet media vasitələrini məhv etməyəcək. Sadəcə onların formasını dəyişəcək. Yaxın olmasa da, uzaq gələcəkdə bu hadisə mütləq baş verəcək".
Onun fikrincə, Azərbaycanda hələ ki, "informasiya cəmiyyəti" formalaşmayıb: "Biz, bu prosesin başlanğıc ərəfəsindəyik. Amma müəyyən əlamətləri görünür. Əgər bu gün biz birbaşa internet vasitəsilə dünyanın istənilən ölkəsi ilə əlaqə saxlaya biliriksə, bu artıq "informasiya cəmiyyəti"nin bir əlamətidir. Son vaxtlar məlumatları əsasən internetdən alıram. Qəzetləri də kompüterdə oxuyuram. Yazılarımı da orada yazıram". Onun sözlərinə görə, qəzetlərdə eynilik sovet dövründən qalma sistemdir: "O vaxtları da bir dənə "Kommunist" alanda, başqa qəzetlər almağa ehtiyac qalmırdı. Həmin dövrdən biz 20 ildir uzaqlaşmışıq. Amma bu gün öz yolu, öz istiqaməti olan qəzetlər də kifayət qədərdir. Bu problem xüsusən rəsmi qəzetlərdə özünü göstərir. Səbəb də materialı eyni yerdən, eyni tapşırıqla götürmələridir. Bir də bu problem jurnalistlərin tənbəlliyindən qaynaqlanır. Əksəriyyəti internetin qabağında oturub, hazır materialları işləyir. Nəticədə də qəzetlərin manşetinə kimi eyni olur".
"Diffamasiya haqqında" qanuna gəlincə isə Həsir Əhmədli bildirib ki, bu, qanun Azərbaycan jurnalistikasında səliqə-səhman yaradacaq: "Həmçinin bəzi üzdəniraq jurnalistlər özlərini yığışdıracaqlar. Düşünmürəm ki, "Diffamasiya haqda" qanun mətbuatda özbaşınalıq yaradacaq. Qanun hər bir insanın daxilindəki senzuradır. Hər bir jurnalist yazmazdan əvvəl nə yazdığını düşünməlidir. Həmin yazı heç kəsin şəxsi mənafeyinə toxunmamalıdır".
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli isə deyib ki, demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu var. Onun fikrincə, aydın məsələdir ki, Azərbaycanı istəməyən qüvvələr qloballaşma çağında medianın artan gücünü dərk edərək informasiya resursları üzərində nəzratlərini gücləndirib ölkəmizin imicini ləkələyən addımlar atırlar: "İstər "Evrovision" ərəfəsində, istər prezident seçkiləri vaxtı, ümumiyyətlə ölkə həyatında mühüm hadisələr ərəfəsində belə mexanizmlər işə salınır. Beynəlxalq müstəvidə aparılan "qara piar" kampaniyası təəssüflər olsun ki, bir çox yerli mətbuat orqanlarımıza sirayət edir, çox güman ki, bilərəkdən təhrif olunmuş materiallar Azərbaycanda tirajanlır və ictimai rəydə öz mənfi təsirlərini buraxır".
Onun fikrincə, mətbuatın ümumi fəaliyyətində diqqət çəkən və barışmadığımız məqam isə yalan, böhtan və təhqirlərin yer alması, qəzet səhifələrində ictimai maraqları deyil, siyasi maraqları təmin edən yazılara rast gəlinməsidir: "Hər iki halda media özünün əzəli funksiyasından uzaqlaşır və hansısa mübarizədə alət təsirini bağışlayır. İstər beynəlxalq təzyiqlərə cavab vermək, istərsə də daxildə hədsiz siyasiləşmənin yedəyində getməmək üçün mətbuatın sərbəst fəaliyyət göstərməsi gərəkdir. Dövlətin iradəsi belə bir mühitin yaradılmasına hesablanıb və siyasi iradə ortadadır".

Əli