İnternet medianın saxta İP problemi Layihə

İnternet medianın saxta İP problemi

Və yaxud kimin İP-si həqiqi, kimininki saxtadır?
Azərbaycanda saytlar əsasən "Liveinternet" saytının reytinq sayğacı ilə öz reytinqlərini ölçürlər

Son zamanlar internet saytlarının İP yarışına girməsi və bunun üçün bəzi hallarda dövlətçilik maraqlarının üzərindən xətt çəkməsi halları də müşahidə olunurdu. Xəbərin mahiyyətindən asılı olmayaraq sayğacın prioritet kimi götürülməsi bir sıra mənfi tedensiyalara yol açır. Bəzi saytlar bundan əl çəksə də bir sıra xəbər portalları hələ də sayğacı əsas götürürlər. Onu da əlavə edək ki, bir sıra hallarda sayğaclar saxtalaşdırılır və bu da reklam cəlb etmək xarakteri daşıyır. Belə bir təcrübə beynəlxalq saytlarda da mövcuddur.
Bu kimi virtual biznes rəqabəti Azərbaycanda da aparılır. Bəzən saytlarda hətta milyonlarla izləyicilərin olduğ görüntüsü yaradılır ki, bu da reallığı əks etdirmir. Bəs bu ağ yalanda məqsəd nədir? Yəni ziyərtəçi sayını süni şəkildə şişirtmək reklam cəlbi üçün bir vasitə sayılır.
Sayt rəhbərləri reklam cəlb etmək üçün min cür oyunlardan çıxırlar. Çox zaman virtual aləmin verdiyi imkanlardan sui-istifadə edənlər də olur. Belə ki, bəzi saytların sayğaclarına diqqət etdikdə inanılmaz rəqəmlərlə qarşılaşırıq. Hətta bəzən elə yazı olur ki, bir gün ərzində onu oxuyanların sayına baxanda heç cür buna inanmaq olmur. Bu da o ehtimalı yaradır ki, sayt inzibatçıları reytinqlərini yüksəltmək üçün yalandan bu statistikanın sayını artırırlar. Doğurdan da, saytlara daxil olanların və ya saytlardakı hər hansı yazını oxuyanların sayını yalandan artırmaq olarmı? Maraqlıdır ki, bunu necə etmək mümkündür? Bu kimi hallar veb-masterlər tərəfindən edilir, yoxsa bunu hər hansı sayt izləyicisi də edə bilər?
İKT üzrə ekspert Cahid İsmayıloğlu internetdə onlayn rejimdə işləyən müxtəlif statistik hesablama sistemlərinin mövcud olduğunu bildirib: "Bunlar sayta daxil olanların sayını, daxilolma vaxtını, coğrafi məkanını və s. ən xırda detalları hesablayıb qeydə alır. Eyni zamanda hər bir saytın daxili sistemində də bu statistik hesablama mövcuddur. Bu statistika sayta daxil olanların sayını hesablamaqla yanaşı, hər bir səhifənin ayrı-ayrılıqda nə qədər oxunduğunu da hesablayır və oxuculara nümayiş etdirir. Bu, xəbər saytlarında çox müşahidə edilir. Saytdaxili statistikalar çox vaxt sayt idarəçiləri tərəfindən xəbəroxunma saytı süni surətdə "şişirdilir" və reytinqi yuxarı göstərməyə çalışırlar. Məsələn, sayta daxil olanların sayı ilə bir xəbərin oxunma sayı arasında uyğunsuzluqlar, fərqlər görünür. Sayta 100 adam baxıbsa, görürük ki, bir xəbəri 500 adam oxuyub. Necə olur ki, sayta 100 adam daxil olur, amma bir xəbər 500 dəfə oxunur? Bu statistikalar günlük, həftəlik, aylıq və illik olmaqla hesablanır, arxivləşdirilir".
Cahid İsmayıloğlu "şişirdilmə"nin texniki olaraq çətin bir əməliyyat olmadığını vurğulayıb: "Sadə şəkildə kiçik rəqəmi silib yerinə daha böyük rəqəm yazmaqla bunu həyata keçirə bilirlər. Bunu adətən veb-ustalar edirlər. Bəzi saytlar var ki, istifadəçi kompüterdə sadəcə "yenilənmə" düyməsini də tez-tez sıxmaqla xəbərin oxunma sayını süni surətdə artıra bilir". Onun sözlərinə görə, bunun qarşısını əlbəttə ki, saytın idarəçiləri almalıdır: "Əgər sayt idarəçisi istəyirsə, hər an saytın statistik göstəricilərini istədiyi kimi şişirdə bilər, çünki texniki olaraq sayt onun əlindədir. Bir şeyi də qeyd edim ki, dünyada ən geniş yayılmış və düzgün, daha ətraflı statistik hesablama aparan sistem "Google Analytics" sistemidir. Mən real hesablama aparmaq istəyən sayt istifadəçilərinə bu sistemdən istifadə etməyi tövsiyə edirəm".
Veb-master Elşən Əzizoğlu da deyib ki, statistikanı artırmaq mümkündür. Onun sözlərinə görə, bunun üçün bəzi ödənişli xarici saytlar və proqramlar var: "Saytlardakı xəbərlərin baxış saylarını saxta yollarla artırmaq mümkündür. Bunun üçün saytı yığan veb-master sistemi elə qura bilər ki, bir dəfə xəbərə "klık" edəndə baxışa on "klık" göstərsin. Yəni, bir istifadəçinin əvəzinə on istifadəçi kimi göstərsin. Saxta yolla baxış sayını artırmaq istədiyimiz xəbərin ardına keçib, bir neçə dəfə F5 düyməsi ilə xəbərin səhifəsini yeniləyərək də istifadəçinin sayını artırmaq olar".
Elşən Əzizoğlu deyir ki, bu kimi saxtakarlıq yalnız veb-masterlər deyil, eləcə də hər hansı istifadəçi tərəfindən də edilə bilər. Onun fikrincə, bunun qarşısını almaq mümkün deyil: "Çünki hər bir işin bir sirri var. Hər bir sayt rəhbəri də saytını baxımlı göstərmək üçün bu sirlərdən istifadə edir".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, hər bir saytın arxasında onun admini durur: "Yəni, o saytı idarə edən, hansı ki, o sayta daxil olanların sayını ölçmək üçün proqramlar quraşdırıb, tənzimləyici işləri görüb. Ümumiyyətlə, bu yaxşı bir şeydir, monitorinq aparmağa imkan verir. Həmçinin, hansı ölkələrdən bu sayta daxil olanları öyrənmək olur. Yəni, kifayət qədər yaxşı alətlərdir ki, sayta müraciət edənlərin təsnifatını bilmək olur. Bunların hamısını ölçməyə imkan verən alətlər var".
Onun fikrincə, istənilən saytın arxasında olan insan lazım gələrsə, bura müdaxilələr edə bilir: "Bunu artıq özü edə bilir. Başqası edə bilmir. Elə ola bilər ki, eyni ünvandan siz ora yüz dəfə daxil ola bilərsiniz. Hansı ki, bir adam daxil olur. Bu məsələləri saytın sahibi həll edir". Osman Gündüz bildirib ki, internetdə peşəkar insanlar saytların hansı auditoriyaya malik olması ilə bağlı müəyyən bir həqiqətə uyğun informasiya ortaya qoya bilirlər. "İnternetdə sosial araşdırmalar, montorinqlər aparmaqla bunu müəyyən etmək olur", - deyə o əlavə edib.
AİF prezidenti onların bu işlərlə məşğul olmadıqlarını deyib: "Ola bilər, bununla bağlı qurumlar yarana bilər. Amma bizim belə monitorinqlər aparmaq planımız yoxdur". Azərbaycan İntenet Birliynin sədri Qalib Qurbanov da hər hansı saytın adminstratorunun bunun üçün texnki imkanları olduğunu qeyd etdi. Qalib Qurbanov dedi ki, sayt inzibatçıları şərait yaratsalar, orada yoxlamalar aparmaq olar: "Bizim tərəfimizdən indiyə kimi belə monitorinq aparılmayıb. Çünki saytın işləməsi üçün İP adresi olur. O İP adresi ilə, sözsüz, yoxlama aparıb öyrənmək olar ki, bu həqiqətdir, yoxsa həqiqət deyil". O, Azərbaycanda internet qəzetləri, xəbər saytlarının istifadəçilərinin daha çox olduğunu vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda saytlar əsasən "Liveinternet" saytının reytinq sayğacı ilə öz reytinqlərini ölçürlər. Liveinternet saytından qeydiyyatdan keçdikdən sonra verilən sayğac kodu, kompüterin sahib olduğu İP ünvanına görə hesablama aparır. Bu sayğac vasitəsi ilə KİV -lər güclərini nümayiş etdirməyə çalışırlar. Oxucular isə sayğacın üstündəki şişirtmə rəqəmləri doğru bilib saytın oxucu kütləsinin çox olduğuna inanirlar.
Sayğaca birbaşa müdaxilə etmək münkün olmasa da, reytinq siyahısında ön sıralarda yer almaq üçün redaktorlar bəzən bir sayğacın kodunu bir necə saytda istifadə edərək ümumi göstəricini 1 saytın göstəricisi kimi təqdim edirlər. Təəssüf olsun ki, Azərbaycanın sayğac xidməti təqdim edən "ilk 10" reytinq hesablama saytının verdiyi hesablama kodunu da istənilən qədər saytda istifadə edərək ümumi göstəricini cəmləmək olur. Bəzi KİV redaktorları bu yolla saytlarını reytinq sıralamasında ön sıralarda göstərməyə çalışırlar.
Hər birimizin bildiyi İnternet aləminin devi olan Google şirkətinin "Analytics" hesablama xidmətindən istifadə edən saytlar yox səviyyəsindədir.
Aktual.az portalının baş redaktoru, tanınmış jurnalist Anar Yusifoğlu söyləyib ki, Azərbaycan oxucusu praqmatikdir və onu saxta, robot İP-lərlə aldatmaq, guya bu yolla ictimai rəyə təsir etdiyini isbatlamaq mümkün deyil. Onun sözlərinə görə, xanımlar yaşını gizlədən kimi, bəzi saytlar da real İP-lərini gizlədir: "Baxırsan, hansısa sayta guya 50 min giriş var, ən çox oxunan xəbər isə 100-ü keçmir. Əgər həqiqətən bu sayta 50 min giriş varsa, niyə həmin saytın yazılarını oxuyan olmur. Yoxsa yerdə qalan 49 min 900 oxucu sadəcə saytın loqosuna baxıb, tərk edir. Elələri də var ki, həm sayta giriş sayını, həm də oxunma sayını şişirdirlər. Bilməyənlər üçün deyim ki, bunun üçün xüsusi proqramlar var və ayda bir neçə yüz manat vəsait tələb edir. Bu gün yeganə sayğac "google analitiks"dir ki, orada saytların real giriş sayı göstərilir. Mən təklif edirəm ki, saytlar hər ay özlərinin "google analitiks"dəki nəticələrini elan etsinlər. O zaman aydın olacaq ki, kimin İP-si həqiqi, kiminki isə saxtadır. Əvvəllər su, qaz, işıq sayğaclarına "barmaq" edərdilər. İndi bunu internetdə edirlər. Bu kiminsə cibinə girməsə də, sponsorun gözünə girir və belecə pul aldıqları adamları aldadırlar".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, mediadakı sayğaclar, "İP" qazanmaq tendensiyası arxa plana keçməlidir: "Bu, medianı qeyri-ciddi yola aparır. Necə ki, vaxtilə televiziyalar reytinq dalınca qaçıb evdar qadınların dünyagörüşünə uyğun şit və bayağı KİV-ə çevrildi, bir sıra "İP" dalınca qaçan saytlar da sonda bayağı və qeyri-ciddi quruma çevriləcəklər".

Əli