“İstiqlal”ın əsas müəllifləri istiqlalçı publisistlər idi Layihə

“İstiqlal”ın əsas müəllifləri istiqlalçı publisistlər idi

M.Ə.Rəsulzadə: "Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal" nəşrə başlayır"

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat" mövzusunda bağlı silsilə yazını davam etdiririk. Filologiya üzrə elmlər doktoru İslam Ağayev AXC dövrünün mətbuatını belə təsnif edir:
- Azərbaycan Demokratik Respublikasının ideyalarını təbliğ edən milli
mətbuat;
- Milli hokumətə müxalifətdə olan bolşevik ideyalı mətbuat;
- Azərbaycan bolşevik mətbuatı ilə müxalifətdə olan mətbuat;
- Azərbaycanı ərazi cəhətdən parçalayıb Ermənistana birləşdirmək
uğrunda mübarizə aparan mətbuat;
- Özünü bitərəf adlandıran, heç bir siyasi partiyaya mənsub olmayan
informatik qəzet və jurnallar.
Azərbaycan mətbuat tarixinin tanınmış araşdırıcılarından olan Akif Aşırlı bu dövrdə (1918-1920) çıxan "İstiqlal" qəzeti haqqında qənaətlərini bölüşür: "Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. "İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri M.Ə.Rəsulzadənin ilk nömrədə çap olunan baş məqaləsində şərh olunub: "İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyətinə istiqlal deyilir. Hürriyyəti şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal" nəşrə başlayır". Qəzetin epiqrafı üçün böyük türk şairi Tofiq Fikrətin - "Millət yoludur, haqq yoludur tutduğumuz yol,Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol" - beyti seçilib. "Turan" mətbəəsində çap olunan "İstiqlal"ın əsas müəllifləri istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli "İstiqlal"ın əsas yaradıcı sütunları idi".
Araşdırmaçı bildirir ki, qəzetin "Firqə həyatı" rubrikası altında Bakı və ətraf rayonlarda Müsavat partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, ideoloji savaş qəzetdə dərc olunur, siyasi polemikalara yer verilirdi: ""Müsavat"la "İttihad" partiyaları arasında fikir iftilaxları da "İstiqlal"da dərc olunmuşdu. "İstiqlal"ın səhifələrində bədii ədəbiyyat da önəmli yer tuturdu. M.Ə.Rəsulzadənin, Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığına da qəzetdə yer verilib. 1919-cu ildə nəşrə başlayan "Övraqi-nəfisə" aylıq ədəbi-bədii, ictimai-siyasi jurnalın naşiri Zülfüqar Hacıbəyli, redaktoru Əliabbas Müznib idi. Rəngli çap olunan bu jurnalın rəsmlərini Əzim Əzimzadə çəkib. Azərbaycanın istiqlalını, dövlət müstəqilliyini təbliğ edən "Övraqi-nəfisə" ermənilərin törətdikləri soyqırım və zorakılıq hərəkətləri, daşnakların vəhşilikləri barədə publisistik yazılar da dərc olunurdu. Ədəbiyyat, musiqi, teatr, memarlıq
nümunələri barədə yazılarla yanaşı, fotoşəkillər də jurnalın nəfis şəkildə nəşri üçün əhəmiyyətli idi. Firudin bəy Köçərlinin, Abdulla Şaiqin, Camo Cəbrayılzadənin, Əliabbas Müznibin, Əmin Abidin, Məhəmməd Hadinin əsərləri jurnalın səhifələrində işıq üzü görür, oxucuların marağına səbəb olurdu. "Övraqi-nəfisə"də ədəbiyyat tarixinə həsr olunan araşdırmalar da başlıca yer tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Əliabbas Müznib, Xədicə xanım Ədvi, Əliağa Vahid və başqa şair və yazıçıların tərcümeyi-halı, əsərləri çap olunurdu.
Topluda Şərq musiqisi və musiqi alətlərinə dair maraqlı yazılara da rast gəlmək mümkündür. Ərəb yazıçısı Cürci Zeydanın əsəri, "Tac-Mahal"ın və Bakının memarlıq abidələri barədə yazı və rəsmlər maraq doğurur. "Övraqi-nəfisə"nin ilk sayında qətlə yetirilmiş Hüseyn Ərəblinski barəsində məqalə dərc olunub. Jurnalın 6 sayı işıq üzü görüb, kağız qıtlığı üzündən nəşri dayandırılmışdı". İlk sayı 1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş" jurnalı da Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına xidmət edən nəşr idi: "Bu jurnalda A.Şaiq, H.Cavid, S.Mümtaz və başqa ədiblər iştirak edirdilər. 1920-ci il aprel çevrilişindən sonra "Qurtuluş"un çapı dayandırılmışdı".
Cümhuriyyət dövrünün satirik nəşrlərinə gəlincə, A.Aşırlı bildirir ki, Cümhuriyyət ideyalarına sadiq qalan və baş verən proseslərə ciddi münasibət göstərib ictimai fikri müəyyənləşdirən mətbu orqanlar kimi, 1918-ci ildən sonra satirik jurnallar da nəşr olunurdu. İlk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan "Şeypur"un naşiri Səməd Mənsur, redaktor M.Ə.Sidqi idi. "Şeypur"un 1918-ci illərdə 11, 1919-cu ildə 3 sayı işıq üzü görür, fəaliyyətini 1949-cu ilin yanvarın 8-dən sonra dayandırıb. "Şeypur" Azərbaycan Xalq Cümhuriyyəti ideallarını təbliğ edir, dövlət quruculuğu prosesində qarşıya çıxan əngəlləri, çətinlikləri qələmə alır, bolşevik təbliğatına qarşı mətbu mübarizə aparır, Bakı neftini ələ keçirmək istəyən dövlətlər arasındakı çəkişmələri ifşa edirdi. "Molla Nəsrəddin" ənənələrini davam etdirən "Şeypur" da müxtəlif üsullardan istifadə olunur, satirik şeirlər, felyetonlar dərc olunurdu. "Şeypur"un başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda
törətdikləri vəhşiliklər idi. Jurnalın 1919-cu il 11 yanvar tarixli 13-cü sayında "Azərbaycanlı" imzalı müəllifin "Erməni yuxusu" adlı felyetonunda bu məsələyə toxunulurdu. "Şeypur"çular Azərbaycanın müstəqilliyini qəbul etməyən bolşevikləri də eyni cür gülüş hədəfinə çevirdi: "Kerenski hökumətindən sonra Rusiyada baş qaldırıb dünyanı azad edəcəyini vəd edən füqəra tərəfdarı, bir nan firqə adamı "bolşoy" (yəni böyük adam) peyda olub... Həmin firqə Bakıda rəhmətlik Şaumyandan ibarət idi. Bakıda yaşlı iranlılardan bəziləri bu firqənin
məramnaməsini qəbul edib, bərbad halda olan İranı abad etmək istəyirdilər. Jurnal müstəqilliyi, milli dövləti qorumağına vacibliyini öz oxucularına bu cürə çatdırırdı:
"Mart hadisələrindən sonra suya batmış toyuq kimi suyun süzülə-süzülə, büzülmüş bir tərəfdə qalmışdım. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə divar dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin. Bu altı ay sənin üçün çox zülmlər olub. Lakin oyunlar üçün çalmaq şeypur olmayıb. İndi şükür olsun "Şeypur"umuzu partlayana qədər çalmağa başlayırıq".
"Şeypur" Azərbaycan dövlətinin maraqlarının əleyhinə yazılar yazan
mətbu orqanlarına qarşı da satirik gülüşdən istifadə edirdi. Belə qəzetlərdən biri rusca nəşr olunan "Vperyod" qəzeti idi. "Şeypur" bu barədə yazırdı: "Vperyod" əslən rus sözü olub, axır vaxt ermənilər onu çox istemal edirdilər. Bu sözün əsl mənası "qabağa" deməkdir. Amma nədənsə ermənilər onu tərsinə başa düşüb "dala" deyə işlədirlər. Bizim zamanlarda da erməni daşnaklarının həmin adda Bakıda bir qəzetləri çıxırdı. Müsəlmanlara müraciətlə hər gün şirin-şirin məqalələr
yazmaqda idi".
"Şeypur"la yanaşı, həftəlik illüstrasiyalı satirik jurnal olan "Zənbur" da
nəşr olunurdu. 1918-ci ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti" idi. 1909-cu ildə nəşr olunan eyniadlı jurnalın və Molla Nəsrəddin ədəbi məktəbinin davamçısı olan "Zənbur"un naşiri Mirzə Əbdülxaliq Axundov, rəssamı isə Əzim Əzimzadə idi. Jurnalda Əliabbas Müznib, Əli Nəzmi, Səməd Mənsur, Hacı Qasım Səyyah kimi müəlliflər fəal iştirak edirdi. 1918-1920-ci illərdə müstəqil Azərbaycan dövlətinə müxalifətdə olan mətbuat orqanları içərisində bolşeviklərin yaratdıqları nəşrlər say etibarilə çox idi.
Bolşeviklər 1917-1920-ci illərdə Azərbaycanda 40-dan artıq mətbuat orqanı nəşr etmişdilər. Bolşevik mətbuatını çox hazırlıqlı, marksizm ideologiyası ilə silahlanmış siyasi qüvvələr idarə edirdilər. Məhz bunun nəticəsində sinfi mahiyyət daşıyan, proletariatın avanqardı olanlar geniş mətbuat şəbəkəsi yaratmışdılar. Müstəqil Sovet Azərbaycanı ideyasını müdafiə edən Nəriman Nərimanovun, sosialist ideyalarının daşıyıcısı olan M.S.Ordubadinin, Ə.Qarayevin, Seyid Cəfər Pişəvərinin, Ruhulla Axundovun bu baxımdan məxsusi fəaliyyəti var".
Bu dövrdə çıxan qəzetləri təhlil edən araşdırmaçı Akif Aşırlı vurğulayır ki, 1904-cü ildən nəşr olunan "Hümmət" qəzeti 1917-1918-ci illərdə bolşevizmin əsas təbliğat tribunası idi: "Bu dövrdə "Hümmət" M.S.Ordubadinin və Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr edilirdi. Cümhuriyyət dövrü bolşevik mətbuatının ən fəal nümayəndəsi Əliheydər Qarayev idi. Əvvəlcə menşevik "Hümmət" partiyasının millətçi fraksiyasına mənsub olan "Al bayraq" qəzetinin redaktoru olub. Ə.Qarayevdən öncə "Al bayraq" Əhməd Cövdətin müdirliyi ilə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülüb. Bu leqal bolşevik qəzetinin Bakıda yeganə sayı 1920-ci il martın 31-də nəşr olunub. Qəzet Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini tənqid edir, kütlələri sosialist inqilabi uğrunda mübarizəyə çağırırdı. Dövlətə qarşı çıxış etdiyi üçün bağlanılıb. "Al bayraq"dan başqa Ə.Qarayevin "Əxbari", "Zəhmət sədası", "Azərbaycan füqərası", "Bednota", "Qolos truda", "Məşəl", "Oktyabr inqilabı" kimi qəzet və jurnalları da var idi.
"Tartan-partan" Ə.Qarayevin müdirliyi ilə Tiflisdə nəşr olunan satiric jurnal idi ki, bu məcmuə 1918-ci ildə bir sayının çapından sonra fəaliyyəti dayandı. Ə.Qarayevin rusca nəşr etdiyi digər leqal bolşevik qəzeti "Bednota" idi. Bu nəşr 1919-cu ilin sentyabrın 14-dən oktyabrın 26-na qədər fəaliyyət göstərmişdi. "Bednota"da Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları və fəhlə konfransları barəsində yazılar dərc olunurdu. Azərbaycanın müstəqilliyinin
əleyhinə fəaliyyət göstərdiyinə görə qapadılıb.

Uğur