Rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib Layihə

Rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib

Vətəndaş jurnalistikasının özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik hiss olunur

Müasir jurnalistika son 10 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoyub, bu da informasiyanın maksimum opreativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşib və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşib. Yeni anlayışlardan biri "Sosial media"dır. Sosial media - insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Biznesmenlərə görə isə sosial media istehlakçı tərəfindən yaradılan mediadır. Sosial mediaya internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, ani ünsiyyət proqramları, forumlar daxil edilir.
Sosial media nümunələrindən biri xəbər saytlarıdır. Bunlar elə saytlardır ki, istifadəçilər həm oxuya, həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur. Sosial şəbəkələrə (Facebook, twitter, google+ və s. ) "çayxana" da demək olar. Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır. Ani ünsiyyət vasitələrinə (msn, skype, google talk və s. ) heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar aid edilir. Forumlarda insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsndə internet istifadəçiləri axtardıqları və maralandıqları məlumatları əldə etmiş olurlar. Habelə hər bir fərd öz bloqunu yaradır və onu gündəlik kimi istifadə edir.
Sosial medianın təşəkkülü və inkişafı da informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Sosial şəbəkələrdə, bloqlarda, forumlarda hansısa mövzu ortaya qoyulur və hər kəs ona öz töhfəsini verir. Nəticədə dəqiq müəlifi məlum olmayan, kollektiv bir məhsul alınır və hər kəs bu məhsuldan özünə lazım olan hissəni götürür. Bu bizim bildiyimiz jurnalistikadan fərqli bir praktikadır. Sanki iməclik nəticəsində ortaya çıxan jurnalistikadır. Vikipediya, onlayn ensiklopediyadakı iş də kollektiv məhsuldur. Ənənəvi KİV-də interaktivlik yoxdur və ya məhduddur. Cəmiyyətin çox az bir hissəsi öz fikrini böyük kütləyə diqtə edirdi. Bu sahədə inhisarçı bir mühit mövcud idi. Sosial media bu inhisarçı mühiti dağıdır. Başqa sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir.
Sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biridir. İnsanlar artıq internet və texnologiyanın imkanlarından istifadə edərək bloqlar və sosial şəbəkələr vasitəsilə İnsan Hüquqları Haqqında Ümumdünya Bəyannaməsinin 19-cu maddəsində təsbit olunmuş hüquqlarını reallaşdıra bilərlər. 19-cu maddədə qeyd olunur ki, hər kəs fikir və ifadə azadlığı hüququna malikdir, bu hüquqa öz əqidəsində qalmaq azadlığı və hər hansı maneə olmadan istənilən vasitələrlə və sərhədlərdən asılı olmayaraq məlumat və fikirləri axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
İkinci anlayış yeni mediadır. Bu gün "yeni media" anlayışının müxtəlif izahlarına rast gəlmək mümkündür. Bir qrup ekspert buraya bütün rəqəmsal və elektron informasiya ötürücülərini, elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər yeni medianın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. Bir qrup mütəxəssis isə bildirir ki, əgər klassik media "təkin çoxluğa" təsiridirsə, yeni media "çoxluğun çoxluğa" qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın qarşılıqlı rəyi və cavab reaksiyası vardır.
Bizim izah edəcəyimiz növbəti anlayış "Vətəndaş jurnalistikası" anlayışıdır. Vətəndaş jurnalistikası bizim əvvəllər auditoriya adlandırdığımız kəsimin fəallaşmasıdır. Əgər hansısa internet istifaçisinin öz şəxsi bloqunda yeləşdirdiyi informasiya ictimai əhəmiyyət kəsb edirsə, kimlərsə bundan bəhrələnirsə, deməli bu da jurnalistikadır, amma biz buna vətəndaş jurnalistikası deyirik. Bu gün sadə oxucu üçün fotomüxbir, operator yaxud publisist olmaq imkanı yaranıb. Bu gün mobil telefon vasitəsilə ediləni 10 il əvvəl peşəkar media qurumları yüksək keyfiyyətli avadanlqları ilə əldə edə bilmirdilər.
Vətəndaş jurnalistikasnın qarşısında duran ənənəvi ya da peşəkar jurnalistika bu köklü dəyişikliyi yaxşı dərk etməli, auditoriyanın tələbatını düzgün müəyyənləşdirməli, yeni modellərə və bu tələblərə cavab verən məhsullara üstünlük verilməlidir. Ənənəvi KİV üçün artıq iki fəaliyyət istiqaməti mövcuddur:
1. İnormasiya yarışında sosial mediadan istifadə etmək
2. Kütlənin əsas ünsiyyət vasitəsi olmaq.
Qeyri-məhdud imkanlara malik, həm də inteqrator olan internet medianın ənənəvi növlərini öz qanadı altına yığır və beləcə konvergensiya prosesi baş verir.
Başqa tərəfdən bu gün evlərdə radio da, tv də, internet də, qəzet də var. Amma informasiyanın ötürülməsində ənənəvi-klassik jurnalistika artıq hegemonluq edə bilmir. Operativlik və interaktivlik vətəndaş jurnalistikasının əsas üstünlükləri olsa da, ənənəvi jurnalistikanın bəzi özəlliklərinə sahib olmaması onun mövqeyini zəiflədir. Bunların başında etibarlılıq məsələsi və etik kodekslərinin olmaması gəlir.
Vətəndaş jurnalistikasının özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik hiss olunur. Bəzən hadisələri yarımçıq, birtərəfli və subyektiv işıqlandırır. Əksər bloq və xəbər saytlarında kifayət qədər heç bir mənbəyə əsaslanmayan məlumatlar var. Burada peşəkar jurnalistikanın prinsip və qaydaları gözlənilmir. Baxış bucağı birtərəfli və məhduddur. Hadisənin bütün tərəflərini bir araya gətirmir. Olaya fərqli bir gözlə baxsa da, bəzən həqiqəti əks etdirmir. Amma o, xəbərdə balans məsələsini oxucunun xeyrinə dəyişir, jurnalistlərlə oxucular arasındakı məsafəni aradan qaldırır. Jurnalistdən tələb olunan isə auditoriyanın etimadını qazanmaq üçün faktlı, vicdanlı, qərəzsiz, dolğun olmaq, balanslı yanaşmaq və jurnalist peşəsinin normalarına həmişə sadiq qalmaqdır.
Nəticə olaraq, jurnalistikanın yeni texnologiya və vasitələrlə zənginləşməsi heç bir halda yeni və fərqli jurnalistikanın ortaya çıxması deyildir. Media yeni olsa da problemləri köhnədir. Yeni media yeni texnologiyanın yaratdığı yeni mühitdə – rəqəmsal mühitdə, yeni jurnalistika alətləri ilə jurnalistikanın icra olunmasıdır. İnformasiya texnologiyasının yeni inkişaf tempi mətni, qrafik formanı, səsi, bunların hamısını rəqəmsal formaya keçirir və ayrı-ayrılıqda deyil, birgə istifadəni nəzərdə tutur. Bu mənada jurnalistikada daha bir termin işlək olmağa başlayıb: digitallıq, rəqəmsallaşma, məzmunun müasir kompüter dilinə çevrilməsi. Bu proses informasiyanın yaradılması və ötürülməsində, onun qəbul edilməsində bundan əvvəlki bütün ənənəvi maneələri arxada qoyur.
Rəqəmsallıq (digitallıq) ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir. Belə bir elmi fikir də meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə bilər.
Pakistanın Preston Universitetinin rektoru doktor Əbdül Basit bildirib ki, jurnalistika sahəsində baş verən ən böyük yenilik sosial jurnalistikadir. Rəqəmsal texnologiyanın inkişafı ilə bu sahədəki yeniliklər vətəndaşlara şəbəkələr vasitəsilə ünsiyyətə girməyə imkan yaradıb. Facebook, Twitter və s. kimi sosial şəbəkələr məlumatın əldə edilməsi, tədqiq edilməsi, redaktə edilməsi və yayılması işini təkmilləşdirdi. Beləliklə, sosial jurnalistika ənənəvi jurnalistikanın inqilabi inkişaf etmiş formasıdır. Bu inkişaf bizim həyatımıza təsir göstərir: "Altı min il əvvəl gil lövhələrdəki yazıdan, Pekində 748-ci ildə çap olunmuş ilk qəzetdən, Qutenberqin kitab çapını kəşf etməsindən sonra Avropada baş verən nəşr inqilabından, 1665-ci ildə "Oksford" qəzetinin mütəmadi çapından, XX əsrdə minlərlə qəzetin çap edilməsindən sonra biz bu gün virtual qəzet nəşrinə qədəm qoymuşuq. Virtual qəzetin nəşri yalnız məlumatın yayılmasına xidmət etmir, həm də bütün jurnalistika işinə təkan verir. Rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib. Eyni vaxtda sosial medianın ortaya çıxması jurnalistika sahəsində qəfil və sürətli yeniliyə səbəb oldu. Jurnalistika XX əsrin ikinci yarısında peşəkar sahə kimi formalaşdıqdan sonra medianın iki formasını özündə ehtiva etdirdi: çap və elektron media. Çap formasına qəzet və jurnalların çap edilməsi daxildir. Elektron mediaya isə radio və televiziya yayımı daxildir. Adi jurnalistikada məlumatın daxil və xaric olma prosesləri gedir. Müxbirlər, tədqiqatçılar məlumatı daxil edir, redaktorlar və təhlilçilər onun üzərində işləyərək formaya salır və istifadəçiyə təqdim edirlər. Məlumatın xaric olması isə onun yayılmasıdır. Sosial medianın meydana gəlməsi jurnalistikanın mərhələlərini dəyişdi. Məlumat sosial mediadan, xüsusilə bloqlardan əldə edilir. Tədqiqatlar göstərir ki, jurnalistika məlumat əldə etmək üçün daha çox sosial mediadan asılıdır. Vətəndaş jurnalistikası, yəni adi vətəndaşların maraqlı məlumatları yayması sosial medianın vasitəsilə ortaya çıxmışdır. Vətəndaş jurnalistikası elektron və sosial mediada özünə geniş yer tapıb. Məlumatın ötürülməsi prosesində də təkamül baş vermişdir. Bütün böyük qəzet və jurnallar virtual olaraq da məlumat yayır ki, bu da sosial medianın əhəmiyyətini və inkişaf sürətini artırır. Gələcəkdə bunun ənənəvi mediaya ciddi mənfi təsiri olacaq. Çap edilən qəzetlərə ehtiyac ciddi surətdə azalacaq".

Cavid