Erməni terrorizmi... Layihə

Erməni terrorizmi...

Aytən Mustafayeva: "Erməni qəsbkarlarının Xocalıda törətdikləri vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilir"

IV yazı

...Millət vəkili Aytən Mustafayeva həmçinin əlavə edib ki, BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var: "1992-ci ilin 26 fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsı ilə nəticələnib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı 200 ilə yaxın müddətdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.
Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin soyqırımı kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilir. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətmişlər. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə ediblər".
Onun sözlərinə görə, beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, müharibə cinayəti sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlərə deyilir: "Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilib ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilib ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. Konkret olaraq 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan tələblər kobud surətdə pozulub.
Belə bir deyim var - keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Bu mənada, Azərbaycan xalqı da XX əsrin sonlarına təsadüf edən bu vəhşəti unutmur, onun dünyada tanıdılması istiqamətində fəal iqş aparır. Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Ulu öndərin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Möhtərəm Prezident İlham Əliyev ilk gündən "Biz müdafiədə deyil, hücumda olmalıyıq"–deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısının Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı sərəncamında vurğuladığı kimi, "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".
Millət vəkilinin fikrincə, son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması təqdirəlayiqdir: "Milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu istiqamətdə ilk layihə "Qarabağ həqiqətləri" toplusunun hazırlanmasından ibarət olmuşdur. Qısa, lakin bütün mahiyyəti əks etdirən bu toplu bir neçə dilə tərcümə olunub. Xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Qarabağın daha qədim tarixini əks etdirən ikinci topluda isə Qafqaz Albaniyasından başlayaraq Azərbaycan SSR-dək dövrdə Qarabağın tarixi öz əksini tapıb.
Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin bütün dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir".
Millət vəkili əlavə edib ki, "Xocalıya ədalət" kampaniyası dünyanın əksər məkanlarında, Avropada, ABŞ-da da keçirilir. Xocalı həqiqətlərinə dair fotoşəkillər, filmlər əks etdirilir, qətliam qurbanlarının anım mərasimləri təşkil edilərək soyqırımı kəskin şəkildə pisləyən şüarlar səsləndirilir: "Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilib.
Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələyiblər. Təəssüflə vurğulamaq lazımdır ki, uydurduqları yalanlara, sanki, özləri də inanmış kimi görünən ermənilər bu gün də yığcam yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, ötən əsrin əvvəllərində havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər özləri qonşu xalqların tarixi əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırım və terror aktları törədiblər.
Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin türk dünyasına qarşı apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücumun təşkili prosesində bütün türkdilli dövlətlərin iştirakı olduqca vacibdir".

Əli