Ermənistan Azərbaycana vurduğu zərəri ödəməlidir Layihə

Ermənistan Azərbaycana vurduğu zərəri ödəməlidir

Faiq İsmayılov: “Daşınmaz tarix və mədəniyyət abidələrinə vurulmuş zərərə görə Azərbaycanın Ermənistandan təzminat almaq hüququ var”

Bu gün Ermənistanda yenidən revanşist meyillər müşahidə olunmaqdadır. Ancaq bu istəklərin gələcəyi yoxdur. Qarşıdakı dönəm işğalçılardan hesab sorulmaqla yadda qalacaq: işğaldan azad edilmiş ərazilərimizdəki tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı məsələlər daha dəqiq şəkildə çözüləcək. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirir ki, “Keçmiş SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələri dövlət qeydiyyatdan kənarda qalıb. Azərbaycan müstəqillik qazandığı ərəfədə ərazisi işğal olunduğundan oradakı abidələri qeydiyyata almaq mümkün olmadı. Məhz bu səbəbdən də abidələrə işğal dövründə ermənilər tədəfindən vurulan zərərin hesablanmasında böyük çətinliklər yaranır”.
F.İsmayılov Qarabağdakı tarix və mədəniyyət abidələri ilə bağlı apardığı tədqiqatları (abidələrin yerləşdiyi inzibati ərazi vahidləri, abidələrin kateqoriyaları, yerli, ölkə və beynəlxalq əhəmiyyətli olması və s.) ümumiləşdirərək bu qənaətə gəlir ki, yerli əhəmiyyətli 903, ölkə əhəmiyyətli 609, beynəlxalq əhəmiyyətli 285 abidə olub. Araşdırmaçının arix və mədəniyyət abidələrinə dəyən zərərin qiymətləndirilməsi haqqında qənaətlərinə gəlincə, bildirir ki, “daşınmaz tarix və mədəniyyət abidələrinə vurulmuş zərərə görə Azərbaycanın Ermənistandan təzminat almaq hüququ var. Ermənilər işğal zamanı ərazilərimizdə nəinki sənayemizi, kənd təsərrüfatımızı, təbii sərvətlərimizi dağıdıb qarət edib, iflic vəziyyətinə salıblar, eyni zamanda orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq xalqımızın işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc və ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini, tətbiqi sənət numunələrini, o cümlədən folklorumuzu, toponimlərimizi, mətbəximizi eləcə də tarixi əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf götürərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçiriblər. Burada qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu hadisələr Beynəlxalq Hüquqda Mədəniyyətin soyqırımı anlamını verir. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana xeyli miqdarda maddi və mənəvi zərər dəyib”.
Bu zərərin miqdarının dəqiqləşdirilməsi, işğal nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi məsələsinə gəlincə, F.İsmayılov qeyd edir ki, ilk növbədə müasir beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan Respublikası ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təzminatlar almaq hüququndan istifadə etməlidir. İkincisi, bu, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülə bilən, yaxud sürülən iddiaların müəyyən dərəcədə qarşısını alar. Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və əraziləri işğal etdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “Təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur”.
Təcavüz aktının törədilməsi soyqırım, irqi ayrı-seçkilik, etnik təmizləmə, aparteid, humanitar faciə və s. cinayət əməlləri kimi BMT Nizamnaməsi və digər vacib beynəlxalq sənədlərin pozulmasına yönəlib və dünya birliyi dövlətləri tərəfindən beynəlxalq cinayət kimi tövsif edilir. Məhz bu səbəbdən təcavüz cinayəti soyqırım cinayəti, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bərabər Roma Statutunun 5-ci maddəsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilib.
Qeyd edilməlidir ki, bu beynəlxalq cinayət əməllərinin törədilməməsi öhdəlikləri bütövlükdə dünya dövlətləri üçün xüsusi kateqoriya öhdəliklər xarakteri daşıyır. Bu öhdəliklərin pozulması bütövlükdə dünya dövlətlərinin ümumi maraqlarının pozulması ilə müşayiət edilir. Odur ki, bu öhdəliklər bütün tərəflər qarşısında qoyulur və dünya dövlətləri bu öhdəlikləri pozmuş dövləti məsuliyyətə cəlb etmək hüququna malikdirlər.
Azərbaycan, XVIII əsrin sonlarından XXI əsrədək ermənilərin təcavüzü nəticəsində daim ərazi və mədəniyyətinin böyük itkisi ilə üzləşib. Bu gün Azərbaycanın işğaldan azad ounmuş tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırılması bizim borcumuz və vəzifəmiz hesab edilməlidir.
İşğaldan azad olunmuş ərazilərdəki abidələr forma və həcminə şörə iki hissəyə bölünür; daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələr. Daşınan abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd) şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır. Halbuki bu kateqoriyaya aid aid olan 26 muzey, şəkil qalareyaları və şəxsi mülklərdən minlərlə eksponat torpaqlarımızın işğalı dövründə ermənilər tərəfindən qənimət kimi mənimsənilib, bir qismi aparılaraq Ermənistanda saxlanılıb, bir qismi isə Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin böyük şəhərlərində satış üçün hərraca çıxarılıb və ya nüfuzlu şəxslərə hədiyyə edilib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə qismən salamat qalan abidələr daşınmaz abidələr kateqoriyasına aid olanlardır. Onlar əsasən arxeoloji və memarlıq qrupuna daxil olan binalar, tikintilər və qurğulardır ki, bu abidələr inşa edildikləri və ya qurulduqqları yerlərdə hələlik öz mövcudluqlarını qoruyub saxlayırlar. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsi, eyni zamanda Xocalı şəhərində soyqırım cinayətləri törətməsi, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi bu dövlətin tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini doğurub.
Eyni zamanda, təcavüz və işğal nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulub və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuşdu. Habelə Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulub. Beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilib. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir, bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları da müəyyən edilib. Bu maddədə göstərilir: “Beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər.”
Bu müddəa eyni zamanda BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamə ilə bir daha təsdiq olunub. Bu qətnamənin “Vurulmuş zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə və həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Elçin Qaliboğlu