“Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması hesabına olmamalıdır” Layihə

“Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması hesabına olmamalıdır”

"Fikir və söz azadlığı hüququ həyata keçirilərkən şərəf və ləyaqətin müdafiəsi hüququna da riayət edilməlidir"
Natiq Abdullayev: "Beynəlxalq hüquq fikir və ifadə azadlığının heç də məhdudiyyətsiz hüquq hesab etmir"

Bu gün mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də "Diffamasiya haqqında qanun"la bağlıdır. Bu qanunun qəbul olunub olunmaması ilə bağlı vəziyyət mübahisəli olaraq qalır. Bəziləri hesab edir ki, cəmiyyət hələ sözügedən qanunun qəbul olunmasına hazır deyil. Bəziləri isə hesab edir ki, ümumiyytlə "Diffamasiya haqqında qanun" heç bir zaman qəbul olunmamalıdır. Bu fikri səsləndirənlər onu əsas gətirirlər ki, belə bir addım atılarsa bir xaos yaranacaq və xüsusən də mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində, o cümlədən sosial şəbəklərdə təhqirlərə daha çox yer veriləcək, kim kimi istəsə təhqir edəcək. Bununla da arzuolunmaz vəziyyət yaranacaq. Amma bir sıra ekspertlər bunun əleyhinə çıxaraq, "Diffamasiya haqqında qanun"un qəbulunu vacib sayır və bunu söz azadlığının tərkib hissəsi kimi qəbul edirlər.
"Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyinin sədri Natiq Abdullayev hesab edir ki, şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları şəxsiyyəti fərdiləşdirməyə yönələn əsas şəxsi-qeyri əmlak hüquqlarıdır. Onun sözlərinə görə, şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları bir qayda olaraq onunla xarakterizə edilir ki, bu hüquqlar şəxsiyyətin özündən ayrılmaz olub, sözün həqiqi mənasında onun ayrılmaz atributlarıdır: "Qeyd etmək lazımdır ki, şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları şəxsiyyətin cəmiyyətdəki sosial-əxlaqı vəziyyətini, mənəvi-əxlaqi və işgüzar keyfiyyətlərini xarakterizə edərək onu fərdiləşdirərək təkrarolunmaz sosial varlığa çevirir. Qanunvericilik şərəf, ləyaqət və işgüzar nüfuza tərif vermir. Həmin anlayışların mahiyyətinə aydınlıq gətirmir. Hüquq elmində şərəf və ləyaqət bir tərəfdən etik kateqoriya, digər tərəfdən əxlaqi-hüquqi kateqoriya, başqa tərəfdən isə əxlaqi kateqoriya hesab edilir.
Bu baxımdan demək olar ki, şərəf və ləyaqət etik-sosial nemət olub, şəxsin əxlaqi keyfiyyəti, mənəvi sərvətidir.
Şəxsiyyətin hüquqlarının, xüsusən də onun şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarını müdafiə etmək məsələləri müasir dövrün ən vacib və aktual problemlərindən biridir. Bu həm milli, həm də beynəlxalq hüquqla müdafiə olunur. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və qorunması məsələsi bır sıra kompleks tədbirlərlə təmin edilir ki, hüquqi tədbirlər də onların əsasıdır. İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilib ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Dövlət bu müdafiəsinin hüquqi mexanizmlərini müvafiq olaraq Cinayət Məcəlləsində və Mülki Məcəllədə təmin edib".
O, həmçinin əlavə edib ki, respublikamızda şərəf, ləyaqətin və işgüzar nüfuzun qorunmasının iki növü mövcuddur:
"1) cinayət hüququ ilə müdafiə; 2) Mülki hüquqi müdafiə. Cinayət hüququ ilə mülki hüquqi müdafiə ilk olaraq məqsədlərinə görə fərqləndirilir. Cinayət hüquqi müdafiənin məqsədi hər şeydən əvvəl böhtan və təhqir kimi cinayətləri törətmiş şəxslərin dövlət adından cəzalandırılması məqsədini daşıyır, mülki hüquqi müdafiənin məqsədi isə pozulmuş və ləkələnmiş şərəfi, ləyaqəti və işgüzar nüfuzu bərpa etməkdən ibarətdir. İkinci əsas fərq isə tətbiq edilən məsuliyyətdir. Cinayət hüququ ilə müdafiədə əməl cinayət mühakiməsi icraatı qaydasında, mülki-hüquqi müdafiə üsulunda isə əməl mülki məsuliyyətlə cəzalandırılır. Xeyli müddətdir ki, bəzi ictimai təşkilatlar, media qurumları və ayrı-ayrı şəxslər respublikamızda "Diffamasiya" haqqında qanunun qəbul edilməsi istiqamətində müvafiq işlər aparırlar.
Bu baxımdan bir hüquqşünas olaraq belə bir qanunun zəruri olub-olmaması ilə bağlı öz mülahizələrimizi nəzərinizə çatdırmaq istəyirəm. İlk olaraq oxucularımızın diqqətinə "diffamasiya" sözünün mənasını çatdırmağı zərurət hesab edirik. Diffamasiya latınca diffama - ləkələyirəm, bədnam edirəm deməkdir. Hüquq ədəbiyyatında konkret fərdi və ya hüquqi şəxsin nüfuzunu cəmiyyətin adi üzvünün gözündə aşağı salan, habelə cəmiyyətin qəbul etdiyi etik normaları qəsdən nalayiq formada pozan və siyasi, mədəni, maarifləndirici, ədəbi, aydınlatıcı və s. dəyəri olmayan kütləvi yayılmış təhqiramiz ifadələr diffamativ ifadə hesab edilir. Diffamasiyanın vurduğu mənəvi zərər şəxsin haqsız olaraq toplumda nüfuzdan düşməsi, ona qarşı nifrət yaranması, onun gülüş və ya qınaq hədəfinə çevrilməsi nəticəsində fiziki və ya ruhi iztirablar keçirməsi ilə nəticələnir.
Diffamasiya haqqında qanunun qəbulu ilə diffamativ ifadələr yayan və diffamativ mənəvi zərər vuran "şəxslər" demək olar ki, "məsuliyyətsiz" qalacaq və heç bir cinayət cəzasına məruz qalmayacaqlar. Hər bir Azərbaycan vətəndaşı həm öz şəxsiyyətinə, həm də digər şəxsin şəxsiyyətinə hörmət qoyur. Yuxarıda göstərildiyi kimi şərəf-ləyaqət hər bir şəxsin mənəvi sərvətidir.
Bir tərəfdən də "Diffamasiya haqqında" qanun Azərbaycan xalqının milli mentaliteti, milli dəyərləri ilə uzlaşmayan qanundur. Odur ki, belə bir qanunun qəbul edilməsi yolverilməzdir, çünki belə bir qanun insanları bədnam etməyə, onların şəxsiyyətini ləkələməyə maraq göstərən və belə bir hərəkətinə görə məsuliyyətsiz qalmaq istəyən şəxslərin üzdəniraq maraqlarına xidmət edə bilər.
Əgər şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları ən azı hazırkı qaydada müdafiə edilməzsə belə vəziyyət başqa özünümüdafiə qaydalarına gətirib çıxarar ki, bu da hüquqi dövlət üçün xarakterik deyil. Bir daha qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Diffamasiya haqqında qanun qəbul edilərsə bu konstitusion təminat demək olar ki, mənasız olar.
Diffamasiya haqqında qanunun tərəfdarları öz mövqelərinə hüquqi əsas kimi fikir və söz azadlığını önə çıxarırlar.
Bununla yanaşı qeyd etmək istərdik ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prisiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunub. Konstitusiyanın 46-cı maddəsində təsbit olunan şərəf və ləyaqətin müdafiəsi hüququ ilə Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirərkən biri digərləri ilə rəqabətdə olur".
Onun fikrincə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması hesabına həyata keçirilə bilməz: "Bu baxımdan fikir və söz azadlığı hüququ həyata keçirilərkən şərəf və ləyaqətin müdafiəsi hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, "İnsan hüquqlarının və Əsas Azadlıqları Müdafiəsi haqqında" Konvensiyanın 9-10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilib. Həmin şərtlər yalnız sözügedən müddəalarda qeyd edilən məqsədlərdən ötrü "qanunla müəyyən edilməli" və demokratik cəmiyyətin tələblərinə cavab verməlidir".
Onun sözlərinə görə, belə məqsədlər sırasına Konvensiya digər məqsədlərlə yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil edib: "Göründüyü kimi beynəlxalq hüquq fikir və ifadə azadlığının heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtləri ehtiva edir. Bu gün demokratik dövlət quruculuğu yolunda inkişaf edən Azərbaycan dövləti demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə bu hüquqları Konvensiyada ehtiva olunan məqsədlərdən ötrü qanunla məhdudlaşdırıb. Belə ki, bu qanunun qəbulu "reket mətbuatın" inkişafına töhfə verər ki, bu da demokratik cəmiyyətdə qəbuledilməzdir. Azərbaycan dövlətinin mövcud qanunvericiliyində təsbit edilən fikir, söz və ifadə azadlığına şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarının müdafiəsi üçün qoyulan məhdudiyyətlər demokratik cəmiyyətin tələblərinə tam cavab verir. Qeyd etməyi zəruri hesab edirik ki, diffamasiya prinsip etibarı ilə də ümumiyyətlə, qanunvericiliklə bir araya sığmır. Bu baxımdan nəinki, "Diffamasiya haqqında" qanun qəbul etməliyik, hətta şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini daha da gücləndirən normaları qanunvericilikdə əks etdirməliyik. Hazırda qüvvədə olan qanunvericiliklə həqiqi (doğru) məlumatların yayılmasına görə heç bir məsuliyyət nəzərdə tutulmur.
Təklif edərdik ki, güclü mənəvi və ruhi sarsıntıya səbəb olan, heç bir ictimai əhəmiyyəti olmayan doğru məlumatların da yayılmasını qadağan edən norma qanunvericilikdə nəzərdə tutulsun. Diffamasiya haqqında qanunun qəbuluna nail olmaq istəyən şəxslərə tövsiyyə edərdik ki, bir daha öz mövqelərinə baxsınlar. Əminik ki, qanunverici orqan olan Azərbaycan Respublikasının Milli Məclisi bu qanunu qəbul etməyəcək".

Əli