“Ermənilərin dediklərinin hamısı yalan və böhtandır” Layihə

“Ermənilərin dediklərinin hamısı yalan və böhtandır”

Bu yazıda 1905-ci ilin oktyabrında Bakıda ermənilərin törətdikləri iğtişaşlar və qırğınlar haqda danışılır. M.M.Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır: "Padşahın şadlıq günündə müsəlman camaatı "Ura" deyə-deyə küçələri dolanır və türk dilində şüarlar oxuya-oxuya küçələri dolanırdılar. Ruslar öz qırmızı bayraqlarını qoyub imperatorun şəkli ilə öz milli bayraqlarını götürüb dolanırdılar. Müsəlmanlar da onlara qarışıq qubernatorla birlikdə Böyük kilsəyə gəlib dualar oxudular. Bundan sonra isə qubernator baş keşişlə birlikdə "Qasım bəy" məscidinə gəldilər. Orada da dualar oxudular. Bu vaxt bərk yağış yağdığından camaat dağıldı. Bir dəstə kilsənin qabağından keçərkən gördülər ki, bir rus əlində qırmızı bayraq hündür bir yerə çıxaraq hökümətə qarşı nitq söyləyir. Camaat tökülüb onu tutdular və sonra döyüb öldürdülər. Divan da buna mane olmadı. Yenə də 20 oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədi ki, həbsxananı açaraq məhbusları azad etsin, rus qoşunu bunun qarşısını aldı. Toqquşma nəticəsində camaatdan on səkkiz nəfər yaralandı. Həmin gün Bibi-Heybət yolunda qırmızı bayraq qaldıranlarla milli bayraq daşıyanlar arasında bərk vuruşma və atışma oldu. Nəticədə bir adam öldü, iki nəfər isə yaralandı.
Oktyabrın 23-də ruslar qubernatorun iqamətgahında məsləhət toplantısı keçirirdilər. Bu toplantıda ermənilərdən başqa bütün millətlərin nümayəndələri iştirak edirdilər. Toplantıya ermənilər özləri gəlməmişdilər. Məsləhətdən sonra kazaklar gəlib qubernatordan erməniləri cəzalandırmağa icazə verməsini xahiş etdilər. Qubernator onları sakitləşdirdi.
Noyabrın 15-də Şuşa şəhərində ermənilərin törətdikləri iğtişaşlar haqqında Nəvvab yazır: "Məsumovlardan olan bir erməni öldürülmüşdü. Ermənilər bu ölüm hadisəsinin izini qəsdən gətirib müsəlman bazarına çıxardılar və onu müsəlmanlarən öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarış aparmağa başladı. Müsəlmanlar bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol vermərik. Bunu ermənilərin özləri edib bizim üstümüzə yıxırlar ki, müsəlmanları müqəssir etsinlər. Xülasə, çox çəkişmələrdən sonra ermənilərin sakitləşdirilməsindən ötrü divan bir dəstə atlı kazak və bir dəstə piyada götürüb qubernatorla birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın hökmünə əsasən gərək ölən erməninin meyidini verəsiniz. Əgər onun meyidi verilməsə, bu Şeytanbazar adlanan dükanlardan gərək bir neçə yüz manat pul toplayıb o ölən erməninin külfətinə verəsiniz. Bir neçə gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarından keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazı və əyanlarla xoş davranırdı.
Ramazan ayının 18-ci günü qubernator belə məsləhət gördü ki, müsəlman əhli dükan-bazarı bağlayıb toy və musiqi çala-çala padşahın fərmanı oxunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar cavab verdilər ki, bu günlər bizim əziz və təziyə günlərimizdir. Odur ki, musiqi və toy çalmaq olmaz. Özümüz isə toplaşıb oraya gələ bilərik. Danışığa əsasən müsəlmanlar dükan-bazarı bağlayıb böyük bir izdihamla, şahın iki şəkli və on bayraq əllərində bazardan keçərək divanxananın qabağına gəldilər və əyanlar da gəlib bağda qərar tutdular. Qubernator böyük çinovniklərlə müsəlmanların toplaşdığı yerə gəldilər. Kilsənin ətrafı kiçik olduğundan qubernator alimlər və əyanlarla birlikdə su anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və padşahın şəkilləri anbarın qabaq tərəfinə yığışdılar. Hər tərəf camaatla dolu idi. Camaatın gurultusundan qulaq tutulurdu. Bir atlı kazak dəstəsi gəlib bir tərəfdə səf çəkib durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər erməni var idi. Onlardan biri qubernatorun yanında, dörd nəfəri isə kilsənin qabağında dayanmışdı. Onların birisinin adı Amrimov Mikit idi. Mən onu yanıma çağırıb dedim:
- Baron Mikit! Bu nə fitnə-fəsad, xəsarət və mərdümazarlıq ki, erməni tayfası dünyaya salıb? Xalqın rahatlığını kəsiblər. Onlar bu qədər tökülən nahaq qanlara, yanan mülklərə və qarət edilən mallara bais oldular.
Mikit cavab verdi ki, Allah-təala belə işlərə bais olan kəslərə və cahil nadanlara qənim olsun. Biz özümüz də mat qalmışıq, bilmirəm nə çarə edək. Abrımız töküldü, etibarımız kəsildi, mal və mülkümüz isə yandırıldı və talan edildi.
Qubernator cibindən bir kağız çıxardaraq bildirdi ki, bu əlahəzrət imperatorun fərmanıdır. Sonra qubernator həmin fərmanı hündür səslə oxumağa başladı. Tərcüməçi isə camaatı başa saldı ki, padşahınız bir neçə işdə bizə hürriyyət, yəni azadlıq iltifat edib:
1. Əvvəla, milli və şəri məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil.
2. Söz azadlığı. Yəni, özünə və millətinə əhəmiyyətli və xeyirli hesab etdiyin məsələləri danışmağa, yazmağa və çap etdirməyə icazə verilir.
3. Vicdan azadlığı. Yəni istədiyin dinə və məzhəbə qulluq etmək.
4. Mal və can təhlükəsizliyi. Yəni milyonlarca malın və mülkün olsa da, bir kəs heç bir haqla ona toxuna bilməz.
Elə ki, fərman oxunub qurtardı, qubernator əlini yuxarı qaldırdı. Camaat da onlara baxaraq əllərini və papaqlarını yuxarı qaldırdılar və sevinclə "Ura" çəkdilər. Cənab uçitel Mirhaşım bəy Vəzirzadə nitq etdikdən sonra cənab axund Hacı molla Hüseyn Qazı hündür səslə bir dua oxudu. Dua başa çatan kimi Ağa Mirhaşım bəy hürriyət manifestinin elan edilməsi münasibəti ilə şəhərin fağır-füqərasına paylamaq üçün yüz manat pul verdi. Onun ardınca da əlli manat, cənab qubernator iltifat etdi. Bir sıra əyanlar da bu xeyriyyə işinə qoşuldular. Bununla da bu təntənəli yığıncaq başa çatdı.
Bu yığıncaqdan iki gün sonra müsəlmanlarla erməniləri barışdırmaq üçün qubernator müşavirə çağırdı. Müşavirədə hər iki tərəfdən nümayəndələr çıxış edərək öz fikirlərini söylədilər və barışıq elan etdilər. Həmin günün səhərisi qubernator Gəncə şəhərinə getməyə hazırlaşırdı. Yüz nəfərəcən müsəlman cavanlarından atlılar silahlanmış halda qubernatorun faytonunu evdən müşayiət edərək qərargaha gəldilər. Bu zaman bir neçə erməni qərargaha gəlib müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə onlara baxıb acıqla dedi:
- Artıq mənə məlum olubdur ki, siz erməni tayfasının müsəlmanlar haqqında mənə dediklərinizin hamısı yalan və böhtandır. Bu şikayətlər bütünlüklə qərəzçilik və düşmənçilik məqsədi güdür.
Qubernator ermənilərin cavabını verdikdən sonra müsəlman atlılarının müşayiəti ilə yola düşdü. Xan bağından bir az o tərəfə getdikdən sonra faytonu saxlatdırıb müsəlman atlılarına artıq dərəcədə iltifatla razılıq edib, onların geri dönməsini məsləhət bildi. Atlılar qubernatorla xüdahafizləşib geri döndülər. Atlılar gurultu ilə şəhərə daxil olarkən ermənilər vəhşətə düşdülər. Onlar belə xəyal etdilər ki, bu atlı müsəlman erməni-müsəlman davasını təzələmək üçün kəndlərdən cəm olub davaya gəldilər. Mətləb aydın olandan sonra ermənilər sakitləşdilər.
Fitrə bayramı günü bütün alimlər, seyidlər və əyanlar məscidə toplaşıb ermənilərlə davada məzlum və şəhid olanlar üçün təziyə tutub Quran oxuyurdular. Bu zaman erməni xəlifəsi bir neçə keşiş və camaatın nümayəndələri ilə məscidə gəlib müsəlmanların bayramını təbrik etdilər, sülh və əmin-amanlıq yaratmaq üçün camaatla görüşüb qayıtdılar.
Şəvval ayının səkkizinci günü belə bir xəbər yayıldı ki, Dilicanda yol gələrkən Qərvənd tərəfdə dörd erməni öldürülüb. Odur ki, təhqiqat aparmaq üçün bir neçə müsəlmanı yoldan geri qaytarmışlar. Bu deyilən əhvalat baş verən gün ermənilər Yel dəyirmanı deyilən qayanın üstündən, aşağı yolla odun gətirən Xəlfəli bir müsəlmanı güllə ilə vurub, ölümcül yaralamışdılar. Müsəlmanlar onu gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra divana hadisə ilə bağlı məlumat vermişdilər.
Kərbəlayi Məhəmməd adlı bir yaxşı papaqçı var idi. O tikdiyi papaqların bir qismini aparıb erməni bazarında satardı. Ermənilərin namərdliklərindən yaxşı halı olan adamlar Kərbəlayı Məhəmmədi erməni bazarına getməkdən çəkindirməyə çalışırdılar. Mən özüm (M.M.Həvvab) iki dəfə onun erməni bazarına papaq apardığını görüb, məzəmmət etmiş və erməni bazarından əl çəkməsini ona təkrar-təkrar demişdim. Bu məsləhətləri qulaqardına vuran Kərbəlayi Məhəmməd həmin günün axşamı, yəni şəvval ayının 8-ci günü bir neçə papaq götürüb satmaq üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə daldaya çəkib öldürmüş, cəsədini isə gizlətmişdilər.
Yenə həmin gün ermənilərə xəbər gəldi ki, Turşsuyun yolunda müsəlmanlar iki erməni öldürüb, başlarını kəsiblər. Bu xəbəri eşidən kimi, bir dəstə erməni cavanı silahlanaraq fəryad çəkə-çəkə ermənilər öldürülən tərəfə yollandı. Bazarda alış-verişlə məşğul olan ermənilər bu fəryadı eşidən kimi həyəcanlı şəkildə dükanlarını bağlayıb meydana yığıldılar. Hər tərəfdən müxtəlif çağırış və haray səsləri gəlirdi. Rus tayfasından olan bir nəfər bu vəziyyəti görən kimi qaçıb divanxananın qabağına gəldi. Burada o, müsəlmanlara xəbər verdi ki, nə durmusunuz, ermənilər davaya hazırlaşırlar, bu saat sizin üzərinizə hücuma başlayacaqlar. Bu xəbəri müsəlmanlara çatdırdıqdan sonra həmin rus qoşun hazır olmaq üçün zəng çaldı.
Bu xəbəri eşidən müsəlmanlar dükanlarını bağlayıb silahlandıqdan sonra səngərlərə qaçdılar və davaya hazır vəziyyət aldılar. Ermənilər də kilsələrin damında, evlərdə və küçələrdə hazırladıqları səngərlərə doluşmuşdular. Divan əhli əhvalatdan xəbərdar olan kimi bir dəstə əsgər götürüb, musiqi çala-çala erməni məhəlləsindən keçərək müsəlman məhəlləsindən bazara gəldilər. Camaat əhvalatdan xəbərdar olan kimi sakitləşərək hərə öz yerinə qayıtdı".

Uğur