“Mövsümi xəstəliklərin yaranmasına bunlar səbəb olur” Cəmiyyət

“Mövsümi xəstəliklərin yaranmasına bunlar səbəb olur”

“Payız mövsümünün gəlməsi ilə əlaqədar bəzi mövsümi xəstəliklər, el arasında soyuqdəymə deyilən, lakin müxtəlif viruslar tərəfindən törədilən xəstəliklərin sayı çoxalır. Buna səbəb havaların qeyri-stabil keçməsi, gah isti, gah soyuq olması və bununla əlaqədar geyim rejiminə əməl edilməməsi, eyni zamanda, payız dönəmində virusların inkişafının daha sürətli olması, insanların immun sisteminin zəif olmasıdır.”

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında terapevt, infeksionist, həkim Etibar Süleymanov deyib.

E.Süleymanov bildirib ki, xəstəliklərin qarşısını almaq üçün idmanla məşğul olmaq, immun sistemini gücləndirməkdən ötrü bol meyvə-tərəvəz, göyərti məhsullarından istifadə etmək, vitamin kompleksləri qəbul etmək lazımdır: “Eyni zamanda, insanların bir yerə toplanması, uşaqların bağçalarda, məktəblərdə, universitetlərdə bir araya gəlməsi xəstəliklərin artmasına səbəb olur. Ona görə xəstələnmiş insanların təcrid olunması, hərarəti olan insanların evdə özünü təcrid etməsi və maskalardan istifadə etməsi lazımdır”.

Onun sözlərinə görə, bunlarla yanaşı, peyvəndlər xəstəliklərin qarşısını almağın ən yaxşı yollarından biridir: “Qrip, pnevmaniya və yoluxucu xəstəliklərdən suçiçəyi, qızılca və s. əleyhinə peyvəndlənmənin vaxtında aparılması məsləhət görülür”.

Günel Elxan