“15 İyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir” Gündəm

“15 İyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir”

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində mühüm siyasi və tarixi əhəmiyyət daşıyan günlərdən biridir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Millət vəkilinin sözlərinə görə, bu tarix yalnız təqvimdə qeyd olunan bir gün deyil, Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və milli birliyin təmin olunması baxımından böyük dönüş nöqtəsidir:
“Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi hadisədir. Bu gün bizi həmin əlamətdar tarixdən 33 il ayırır. 15 İyun xalqımızın öz gələcəyinə sahib çıxmasının, dövlətçiliyimizi qorumaq iradəsinin və milli həmrəyliyinin simvoludur. Bu tarixin əsas memarı isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.1990-cı illərin əvvəllərində ölkəmiz çox mürəkkəb və ağır vəziyyətlə üz-üzə idi. Siyasi qeyri-sabitlik, iqtisadi böhran, separatçılıq meylləri, idarəçilikdə yaranmış problemlər və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ciddi təhlükələrlə qarşı-qarşıya qoymuşdu. Belə bir dövrdə xalq öz güvəndiyi liderə müraciət etdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin parçalanma təhlükəsindən xilas olmasına imkan verdi”.

Deputat bildirib ki, Ümummilli Lider ilk növbədə ölkədə sabitliyin və vətəndaş həmrəyliyinin təmin olunmasına nail oldu:
“Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyi sistemi gücləndirildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı. Eyni zamanda, atəşkəsə nail olunması, iqtisadi islahatların başlanması və beynəlxalq əməkdaşlığın genişlənməsi Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Əsrin müqaviləsi”nin imzalanması və yeni hüquqi bazanın formalaşdırılması Azərbaycanın inkişaf strategiyasında mühüm mərhələ təşkil edib.1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarını genişləndirdi, xarici investisiyaların cəlb olunmasına şərait yaratdı və Azərbaycanın beynəlxalq enerji xəritəsində mövqeyini gücləndirdi. 1995-ci ildə qəbul olunan Konstitusiya isə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoydu”.

Komitə sədri qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir:
“Bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər, iqtisadi inkişafı, beynəlxalq mövqeyinin güclənməsi və ən əsası ərazi bütövlüyümüzün bərpası həmin strateji xəttin məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi.Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də Milli Qurtuluş ideyalarının davamıdır. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması həmin arzunun reallığa çevrildiyini göstərir.15 İyun həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz Milli Qurtuluş Günündə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyi rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanması bu tarixin əhəmiyyətini daha da artırdı. Bu hadisə Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin daha yüksək mərhələyə yüksəldiyini göstərdi”.

Hicran Hüseynova vurğulayıb ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik, birlik və dövlətçilik iradəsinin rəmzidir:
“Bu gün Azərbaycan güclü, müstəqil və qalib dövlətdir. 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müasir inkişaf yolunun başlanğıcı kimi tariximizdə əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin ideyaları və siyasi irsi bu gün də Azərbaycanın uğurlu inkişafının əsas istiqamətlərindən biridir”.

Günel Elxan