“Qardaşımın həbsi seçkilərlə bağlıdır” Güney Azərbaycan

“Qardaşımın həbsi seçkilərlə bağlıdır”

Rəfsəncaninin qızı: "Məqsəd, atamın seçkilərdəki nüfuz və təsirini azaltmaqdır"

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi avqustun 10-da jurnalistlərə açıqlamasında həbs edilən qardaşı Mehdi Haşimidən və bu həbsin səbəblərindən danışıb.
Faizə Haşimi deyib ki, atası Haşimi Rəfsəncani və onun ailəsinə qarşı göstərilən təzyiqlər əks nəticə verəcək: "Qardaşımın həbsi və ailəmizə göstərilən təzyiqlər növbəti parlament və Üləma Məclisi seçkiləri ilə əlaqədardır. Məqsəd isə atamın həmin seçkilərə qatılmasının qarşısına almaq, onun bu seçkilərdəki nüfuz və təsirini azaltmaqdır.
Atam, iki il əvvəlki prezident seçkisində təyinedici rol oynadığı üçün indi ona qarşı təxribat xarakterli təbliğat aparır, təzyiq göstərərək əsasız ittihamlar irəli sürürlər. Halbuki bu təzyiqlər sonunda əks nəticə verəcək. Bütün bu cəhdlər isə ona görədir ki, atamın növbəti seçkilərdəki təsirini azaltsınlar və hər iki seçkini istədikləri məcraya yönləndirərək nəzarətdə saxlasınlar.
Son vaxtlar isə sosial şəbəkələrdə müəyyən şəkillər yayaraq deyirlər ki, bu Rəfsəncaninin qızı Faizədir. Yaxud da kişi və qadınların birgə rəqs etdiyi hansısa bir toy məclisindən şəkillər yayaraq deyirlər ki, bu şəxs Rəfsəncaninin nəvəsidir. Bununla da onlar atama və onun ailəsinə qarşı təxribat xarakterli təbliğat aparırlar. Bütün bunlar yalandır. Bu şəkillərin kimlər tərəfindən və hansı məqsədlər üçün yayılması artıq bəllidir.
Qardaşım Mehdi Haşimiyə qarşı irəli sürülən ittihamlar və onun məhkəmə prosesi başdan ayağa irad və şübhələrlə doludur. Tarix göstərib ki, heç bir hakimiyyət insanları tutub zindana salmaqla qala bilməyib. Şübhəsiz ki, İndi də belədir".
Qeyd edək ki, Rəfsəncaninin oğlu Mehdi Haşimi avqustun 9-da barəsində çıxarılmış 10 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına salınıb. O, dövlət əmlakını mənimsəməkdə, İranla neft müqaviləri bağlayan bir sıra xarici şirkətlərdən rüşvət almaqda, ölkənin milli təhlükəsuzliyinə qarşı çıxmaqda və daha bir neçə qanunsuz hərəkətdə ittiham olunur.