“İran məni pul qarşılığında hərraca çıxarıb” Güney Azərbaycan

“İran məni pul qarşılığında hərraca çıxarıb”

İngiltərə-İran vətəndaşı olan və hazırda Tehranın Evin həbsxanasında saxlanılan Nazənin Zağəri İranın onu siyasi tələblərinə görə hərraca çıxardığını deyib.
Xanım Zağəri yazdığı açıq məktubda qeyd edib ki, İranın Britaniyadan onun azad edilməsi üçün böyük məbləğdə pul istəməsini özünün hərraca çıxarılması kimi qəbul edir.
O, həmçinin azyaşlı qızının məktəb yaşının çatdığına görə, gələn ay Britaniyaya gedəcəyini deyib. Beləliklə, bundan sonra Nazənin Zağəri qalan məhkumluq dövründə qızını görməkdən də məhrum olacaq.
Xanım Zağəri yazısında bir daha özünün günahsız yerə həbs edildiyini, eləcə də ölkəsində olan ədalətsizlikləri qeyd edib. O, həmçinin İran rejiminin fələstinli, suriyalı və yəmənli anaların ağrı-acılarına ürəyinin yandığını iddia etdiyi halda, öz ölkəsində bir ananı öz 5 yaşlı uşağından ayırıb, onlara zülm etdiyini bildirib.
“Ölkəm ötən həftə məni öz siyasi tələbi olan böyük məbləğ qarşılığında azad etməyə hazır olduğunu bəyan edib və bununla da məni hərraca çıxarıb. Zindandan çıxmaq üçün ölkəmə olan ümidim uzun illərdir ki, ölüb”- deyə Nazənin Zağərinin məktubunda vurğulanır.
Xatırladaq ki, ötən həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabiq britaniyalı həmkarı Ceremi Hantın Nazənin Zağərinin azad edilməsi üçün təklif irəli sürdüyünü və rəsmi Tehranın da bununla razılaşdığını demişdi. Onun sözlərinə görə, təklifdə İranın Britaniyada dondurulmuş 400 milyon fund sterlinqinin qaytarılması qarşılığında İran Nazənin Zağərini azad etməli idi. Lakin Zərif bildirmişdi ki, sonradan Britaniya tərəfi təklifi icra etməmişdilər.
Bu iddiadan bir gün sonra Ceremi Hant Zərifin dediklərini təkzib etmişdi.