15 il həbs cəzası almış azərbaycanlı bloqçu azadlığa buraxılıb Güney Azərbaycan

15 il həbs cəzası almış azərbaycanlı bloqçu azadlığa buraxılıb

İranda 15 il həbs cəzasına məhkum edilmiş azərbaycanlı bloqçu Hüseyn Rövnəqi Məleki 5 ildən sonra azadlığa buraxılıb.
"Media forum" saytı bildirir ki, Hüseyn Rövnəqi Məlekinin təxəllüsü Babək Xürrəmdindir. O, tutulana qədər bloqunda yazılarını bu imza ilə təqdim edib.
Hüseyn Rövnəqi Məleki 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra həbs olunub. Təbriz yaxınlığındakı Mələkan şəhərində tutulan bloqçunu Tehran məhkəməsi İran İslam Respublikasının təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilib.
Həbsdə olduğu müddətdə azərbaycanlı bloqçu böyrək ağrısından və daha bir neçə xəstəlikdən əziyyət çəkib.
Hüseyn Rövnəqi Məleki Tehranın Evin zindanında saxlanırdı. O, həbsxanada barəsində çıxarılan həbs qərarına və zindanın ağır şəraitinə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası keçirmişdi.
Azərbaycanlı bloqçunun müalicə almaq üçün şərti azadlığa buraxıldığı, yoxsa onun cəzasının qalan hissəsinin ləğv olunduğu haqda məlumat yayılmayıb.