İranda həbsdə olan daha bir azərbaycanlı fəal aclıq aksiyasına başlayıb Güney Azərbaycan

İranda həbsdə olan daha bir azərbaycanlı fəal aclıq aksiyasına başlayıb

İranda 21 fevral - Ümumdünya Ana Dili Günü ilə bağlı tutulmuş daha bir azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Səccad Əfruziyan İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Məlikan (Məlikkəndi) şöbəsinin təcridxanasında qeyri-qanuni saxlanılmasına və təhlükəsizlik məmurlarının davranışlarına etiraz edir.
Qeyd edək ki, ETTELAAT-ın Məlikkəndi şöbəsinin əməkdaşları Səccad Əfruziyanı fevralın 20-də Kərim Fəyyazi ilə birgə həbs edib. Məhkəmə onun azadlığa buraxılması üçün mülk girovu təyin etsə də, ETTELAAT bu qərarın icrasına mane olub. Azərbaycanlı fəalın atası evində yoxlama aparılıb, ona məxsus bir sıra şəxsi əşyalar götürülüb. S.Əfruziyan əvvəlcə Marağa şəhərinin həbsxanasına köçürülsə də, sonradan ETTELAAT-ın Məlikkəndi şöbəsinin təcridxanasına geri qaytarılıb. Ailəsi və yaxınları onun sağlıq durumundan narahatdır. Son məlumatlara görə, azərbaycanlı fəal yenidən Marağa şəhərinin həbsxanasına göndərilib.
Xatırladaq ki, İranda 21 fevral - Ümumdünya Ana Dili Günü ilə bağlı tutulmuş 7 azərbaycanlı fəal da aclıq aksiyasını davam etdirir. Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi Savalan, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Əbulzadə və Abbas Nəzəri ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasında qeyri-qanuni saxlanılmalarına etiraz edirlər. Çünki azərbaycanlı fəalların ilkin məhkəmə prosesi başa çatıb və hakim onların azadlığa buraxılması üçün mülk girovu təyin edib. Ancaq bununla belə soydaşlarımız ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasına köçürülüblər.