ETTELAAT güneyli fəalları oğurlayır Güney Azərbaycan

ETTELAAT güneyli fəalları oğurlayır

Hüquq müdafiəçiləri Ana Dili Günü ilə bağlı tutulmuş azı 10 soydaşımızın hələ də həbsdə olduğunu bildirir

Bir neçə gündən bəri İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) məmurları tərəfindən naməlum istiqamətə aparılan güneyli milli fəallar Səid Hüseyni və Nasir Əbdülhüseynzadənin yeri nəhayət ki, bəlli olub.
Məlumata görə, fəallar artıq Ərdəbil zindanına köçürülüb.
Xatırladaq ki, adları çəkilən şəxslər 21 fevral - Dünya Ana Dili Günü ərəfəsində Ana Dili ilə bağlı bildirişlər yaydıqlarına görə Parsabadda yaxalanıblar. Onlar yaxalanarkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və döyülüblər.
Qeyd edək ki, yalnız iki gün öncə Səid Hüseyni öz ailəsi ilə bir neçə saniyəlik telefon əlaqəsi saxlamağa nail olub. O atasına bildirib ki, gözləri bağlı halda saxlanılır.
Səid Hüseyni zindana köçürülənə qədər ağır işgəncə altında olub. İşgəncələr nəticəsində onun üz nahiyəsinə ağır zərbə dəyib və üz-gözü göyərib. Bu səbəbdən də onunla görüşə icazə verilməyib və hətta onu təkrar olaraq məhkəməyə də aparmayıblar.
Fəallar məcburi etiraf vermək üçün həm polis və həm də ETTELAAT idarəsində ağır işgəncəyə məruz qalıblar. Onlar həmin gün ETTELAAT idarəsindən məhkəməyə sonra isə məcburi etiraf almaq məqsədi ilə yenidən ETTELAAT idarəsinə intiqal edilib. Fəallar bir idarədən o birinə aparılan zaman təhqiramiz şəkildə əl-ayaqları bağlı aparılıb. Onlar tutulduqdan iki gün sonra Parsabad məhkəməsinə aparılıb, hakim qondarma ittihamlar irəli sürüldükdən sonra saxlanılma qərarı çıxarıb. Və fəallar Ərdəbilin mərkəzi zindanının yanındakı ETTELAAT idarəsinin təcridxanasına intiqal edilib.
Fevralın 26-da zindan məsullarından biri Səid Hüseyninin atasına, övladlarının 1 gün saxlanıldıqdan sonra naməlum istiqamətə aparıldıqlarını bildirmişdir.
Digər bir fəalın sorağı isə Evin zindanından gəlib. İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 3 gün əvvəl tutulan fəal Həmid Mənafinin Tehranın Evin zindanında saxlandığı bəlli olub. Konkret nədə günahlandırıldığı bilinməyən azərbaycanlı fəalın ailəsinin və hüquq müdafiəçilərinin açıqlamasına görə, Həmid Mənafi Evin zindanının sərt rejimlə idarə edilən 209-cu korpusuna köçürülüb və orada fəala müxtəlif təzyiqlər göstərilib.
İran Kəşfiyyat Nazirliyinin Tehran şöbəsinin əməkdaşları azərbaycanlı fəalı martın 8-də iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus əşyalar götürülüb.
Xatırladaq ki, İranın təhlükəsizlik və polis qurumları fevralın 21-i Beynəlxalq Ana Dili Günündən bir neçə gün öncədən başlayaraq Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda 200-dən artıq milli fəalı saxlayıb. Nəzarət altına alınanların çoxu zəmanət qarşılığında azadlığa buraxılsalar da, hüquq müdafiəçiləri hazırda Ana Dili Günü ilə bağlı tutulmuş azı 10 fəalın hələ də həbsdə olduğunu bildirir. Bu həbslər 2007-ci ilin fevral ayından bəri Ana Dili günü tədbirləri ilə bağlı baş vermiş ən böyük həbs dalğası hesab edilir.