“Bu, insanlığa və əxlaqa xəyanət idi...” Güney Azərbaycan

“Bu, insanlığa və əxlaqa xəyanət idi...”

Mahmudəli Çöhrəqanlı Təbriz olaylarından danışıb

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı "Amerikanın səsi"nin əməkdaşı ilə söhbətdə son vaxtlar Təbriz Stadionunda baş verən hadisələr, eləcə də "Türk Dil Qurumu" layihəsinin ləğvi və yerinə Azərbaycan Mədəniyyət Quruluşunun təsisinə təbrizli məsulların yanaşmasını dəyərləndirib.
O, Təbrizdə gedişatın normal olmadığını, oradakı dövlət qurumları müdirlərinin əksəriyyətinin sabiq "Sepah" və ETTELAAT məsullarından ibarət olduğunu önə çəkib.
Qeyd edək ki, güneyli fəallar və Traktorsazi azarkeşlərinin fikrincə, Şərqi Azərbaycan vilayətinin məsulları komandanın ziddinə həyata keçirilmiş "xain plan" qarşısında səssiz və təpkisiz qalıb, hətta bəziləri hadisələri ört-bas etməyə çalışıblar.
Mayın 15-də Təbriz stadionunda baş verən və "dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq" kimi dəyərləndirilən hadisələr haqqında düşüncələrini şərh edən GAMOH lideri olayların "insanlıq və əxlaqa xəyanət" olduğunu deyib.
"Traktor" klubunun İran çempionatında mövsümün son matçına qədər birinciliyi qoruduğunu, ancaq son qarşılaşmada çempionluğun hiylə ilə Azərbaycan komandasından alındığını ifadə edən Mahmudəli Çöhrəqanlı mayın 15-də Təbriz stadionunda baş verənlərdən "Traxtor"un zərərinə verilmiş şübhəli hakim rəylərinə qədər olanları ətraflı şəkildə izah edib. ABŞ-da mühacirətdə yaşayan güneyli fəal İran Azərbaycanının ən böyük şəhəri Təbrizdə gedişatın normal olmadığını vurğulayır: "Rejim Azərbaycandan çox nigarandır, bu nigarançılıq rəhmətlik Elçibəy zamanından başlayıb. Demək olar Təbrizdə çox güclü və ağır bir ETTELAAT, gizli servis hakimiyyəti vardır... Təbrizdəki dövlət qurumlarında normal müdir yoxdur, müdirlərin hamısı Tehrandan incələnib araşdırılır, əksəriyyəti Tehrandan gələn insanlar, "Sepah" ya ETTELAAT sabiq məsullarıdırlar".
O, həmçinin Traktorsazi komandasının maddi baxımdan İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olduğuna diqqət çəkərək onların gerçəkləri deyil, İran hakimiyyətinin mənfəətlərini düşündüklərini söyləyir.
Təbriz universitetləri ədəbiyyat və dilçilik bölmələrinin sabiq müəllimi olan Mahmudəli Çöhrəqanlı Türk Dil Qurumu" layihəsinin ləğvi, onun yerinə isə "Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Quruluşunun" təsis edilməsi ilə bağlı fikirlərini də açıqlayıb.
"Xamneyinin bir sözü var, deyir ki, bir milləti yox etmək üçün onun dili, ədəbiyyatı, musiqisi və adət-ənənəsini yox etmək lazimdir. Bunlar Azərbaycanla bağlı dəqiqən onun dediklərini icra edirlər," deyə GAMOH lideri qeyd edib.