

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına yaxın olub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Halal Biznes Forumunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, hazırda Azərbaycanda İƏT ölkələrinin təqribən 11 min şirkəti fəaliyyət göstərir:
“Bu rəqəm qarşılıqlı marağı və əlaqələrin dərinliyini göstərməklə yanaşı, Azərbaycanın təşkilat məkanında mühüm iqtisadi tərəfdaş və təşəbbüskar ölkə olduğunu təsdiqləyir. Son illər həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. 2004–2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarından çox sərmayə yatırılıb, bunun 213 milyard dollardan artıq hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Yalnız bu ilin avqustunda keçirilmiş Birinci Azərbaycan İnvestisiya Forumu çərçivəsində dəyəri 10 milyard dollardan çox olan layihələrlə bağlı sənədlər imzalanıb. Bu fakt ölkəmizin təhlükəsizliyinə, sabitliyinə və iqtisadi potensialına beynəlxalq investorların yüksək etimadını nümayiş etdirir”.
E.Əliyev qeyd edib ki, hazırda qeyri-neft sektorunun ÜDM-də payı 68%-ə çatıb və ilin sonuna qədər bu göstəricinin daha da artacağı proqnozlaşdırılır:
“Özəl sektorun payı isə artıq 81%-dir. Bununla yanaşı, Azərbaycanın 43 ölkə ilə qarşılıqlı sərmayələrin qorunması haqqında sazişləri qüvvədədir. Türkiyə və Pakistanla imzalanmış preferensial ticarət sazişləri, eləcə də qonşu və regional ölkələrlə mövcud 12 azad ticarət sazişi sahibkarlar üçün yeni imkanlar açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir logistika infrastrukturu – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolları və tranzit dəhlizləri – ölkəmizi regional iqtisadi siyasətin mərkəzinə çevirir”.
“Qlobal miqyasda halal sənaye sürətlə inkişaf edir. Araşdırmalara görə, halal qida bazarının həcmi 2023-cü ildə 1 trilyon dollar təşkil edib və 2028-ci ilə qədər 3 trilyon dolları ötəcəyi gözlənilir. Keyfiyyət, sağlamlıq və etibarlılıq amilləri halal məhsullara olan tələbatı artırır. Biz inanırıq ki, Azərbaycan sahibkarları da bu böyük bazarda özünə layiqli yer tuta biləcək”, - deyə nazir müavini əlavə edib.