“Futbolun səviyyəsi aşağıdır” İdman

“Futbolun səviyyəsi aşağıdır”

Böyükağa Hacıyev: "Şkola"mı keçib, ona 6 ay vaxt lazımdır"

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

- Çoxdandı görünmürsüz, stadionlarda gözə dəymirsiz. Ölkə çempionatının oyunlarını izləyirsizmi?
- Bəli, izləyirəm. Bütün oyunlara televiziya vasitəsilə baxıram.
- Cari mövsüm neçə keçir? Çempionatın səviyyəsi sizi qane edirmi?
- Çempionatın səviyyəsi məni qane edə bilməz. Birincisi, istədiyim rəqabəti görmürəm. İkincisi, futbolun səviyyəsi aşağıdı. Bu gün futboldan danışanda gərək ehtiyatlı olaq. Böyük futboldan söhbət gedirsə, bizim futbol ondan uzaqdı.
- Razılaşın ki, ötən həftə keçirilən "Qəbələ" – "Qarabağ" matçı maraqlı və gərgin keçdi. Yüksək tempin, qarşılıqlı hücumların, bir sözlə yaxşı futbolun şahidi olduq...
- Razıyam. Amma cəmi 1 oyun elə olur. Biz həmişə deyirik ki, hazırda çempionatımız iki komanda – "Qarabağ" və "Qəbələ"nin arasında keçir. Bu ikisindən biri çempion olacaq və kuboku götürəcək. İki komanda ilə çempionat olmur.
- Əvvəlki oyununu tam göstərə bilməyən "Qəbələ"nin Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaya qalib gələcəyini gözləyirdizmi?
- Bilirsiz, necədi? "Qəbələ" bir balaca öz oyununu göstərdi, "Qarabağ"a qalib gəldi. Yadınızdadısa, 4-5 il əvvəl çempionluq uğrunda 5-6 komanda "vuruşurdu". Çünki onda əsl rəqabət var idi. İndi isə mübarizə 2 komanda arasında gedir.
- "Qəbələ" bu il "Qarabağ"ın hegemonluğuna son qoya biləcək, yoxsa çempion yenə Qurban Qurbanovun komandası olacaq?
- Bu haqda indidən heç nə demək olmaz. "Qəbələ"nin növbəti turlardakı çıxışını izləmək lazımdı.

- Vaxtilə çalışdırdığınız "Neftçi" haqda da fikirlərinizi eşitmək istərdik. Keçmiş köməkçiniz Tərlan Əhmədovun rəhbərliyi altında komanda ardıcıl 3-cü qələbəsini qazandı...
- Bəli, "Neftçi" son 3 oyununda qalib gəlib. Tərlan mənim "şkola"mı keçib (gülür). Vaxtilə "Neftçi"də köməkçim olub.
- Tərlan Əhmədov "Neftçi"yə əvvəlki əzəmətini qaytara biləcəkmi?
- Yalançı olaram. Qoy, bir az keçsin, sonra nəsə demək olar. "Neftçi"nin son 3 oyunda qələbə qazanması mənə təəccüblü gəlmədi. "Neftçi"yə əvvəlki əzəmətini qaytarmaq üçün Tərlana 6 ay vaxt lazımdı.
- Millinin çalışdırıcısı Robert Prosineçkinin AFFA ilə müqaviləsinin müddəti dekabrda başa çatacaq. Onun bu postda qalıb-qalmayacağı hələ də dəqiqləşməyib. Necə düşünürsüz, Prosineçkinin qərarı nə olacaq?
- Vallah, Prosineçkidən elə bir narazılığım yoxdu. Foqtsdan sonra o, bu gün Azərbaycan futbolçu üçün tapıntıdı. Mən Prosineçkinin ölkəmizdə qalmasının tərəfdarıyam. Çünki müasir futbol oynadır. Prosineçkinin gəlişindən sonra millinin ifasında hücum futbolu gördük. Onun komandası bütün rəqiblərə qarşı yaxşı futbol oynayır.
- Prosineçkinin adı gah Sloveniya, gah Bosniya və Herseqovina yığması, gah da müxtəlif klublarla birgə hallanır. Həqiqətən, ona təkliflər gəlir, yoxsa bu, xorvatiyalının özünüreklam xarakteri daşıyır?
- Prosineçki özünü reklam etməklə məşğul ola bilməz. Çünki işi göz qabağındadı. Bu gün belə söz-söhbətlər çıxırsa, deməli, başqa yığmalar, doğrudan da, onu çağırırlar.
- AFFA rəhbərliyi Prosineçki ilə razılığa gələ bilməsə, onun yerinə kimi dəvət etməlidi?
- Bu, AFFA-nın işidi. Qərarı özləri verəcəklər.
- Məşqçilər Komitəsindəki fəaliyyətinizi çıxmaq şərtilə, neçə vaxtdı ki, işsizsiz. Birdən sizə təklif gəlsə...
- Böyük məmnuniyyətlə qəbul edərəm. Təklif gəldiyi halda, hər bir azərbaycanlı məşqçinin millidə işləməsi onun ümdə vəzifəsidi.
- Yığmamız Robert Prosineçkinin rəhbərliyi altında son seçmə mərhələdə rekord – 10 xal topladı. Böyükağa Hacıyev bu rekordu yeniləyə bilərmi?
- Mənim üçün problem olmaz. Bilirəm ki, yığma klub deyil. Onların arasında çox fərq var. Mən vaxtilə millidə işləmişəm. Odu ki, bu işi də bacararam.