Vyetnam Qran-Prisi 2020-ci ildə keçirilə bilər İdman

Vyetnam Qran-Prisi 2020-ci ildə keçirilə bilər

Xəbər verdiyimiz kimi "Liberty Media" Vyetnam paytaxtında yürüş keçirilməsi layihəsini sona çatdırmaq əzmindədirlər. German Tilke gələcək küçə trasının mümkün variantlarını hazırlamaq məqsədilə Hanoyun bir neçə rayonunu müayinə edib. Formula-1 yarışlarının menecmentinin keçmiş rəhbəri Berni Ekklstounun fikrincə, Vyetnam Qran-Prisi 2020-ci il çempionatının təqviminə daxil edilə bilər. B.Ekklstoun bu barədə Londonda qarşıdakı mövsümlə əlaqədar müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə jurnalistlərə məlumat verib. O bildirib ki, Vyetnam hökuməti bu ölkəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün sanballı sərmayə qoymağa hazırdır. O deyib: "Mənim bildiyimə görə kontrakt hələ imzalanmayıb. Lakin onlar razılığa gəlibsə, bu yürüş ən tez iki ildən sonra baş tuta bilər".
Formula-1 yarışlarının yeni ev sahibləri Tailand hökuməti ilə də danışıqlar aparıblar. Hərçənd, bu danışıqlar heç bir nəticə verməyib. Bundan əlavə, Çində ikinci yürüşün keçirilməsi üçün imkan axtarılır, lakin bu mərhələnin Vyetnamda təşkil edilməsi daha real görünür, çünki dünya çempionatının qlobal sponsoru olan Hollandiyanın Heineken pivəbişirmə nəhəngi bu ölkəyə maraq göstərir.