Klublarımıza 48 mümkün rəqib İdman

Klublarımıza 48 mümkün rəqib

Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 101 komandadan 97-si dəqiqləşib. Bu siyahıda yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klubları "Qəbələ", "Neftçi" və "Keşlə"də yer alıb. Püşkatmada komandaların yer alacaqları səbətlərə də böyük ölçüdə aydınlıq gəlib. İyunun 12-də keçiriləcək ilkin mərhələnin püşkatmasında 14 komanda iki səbətə bölünəcək. Bu iştirakçılardan yalnız biri bilinməsə də, onun yer alacağı səbət bəllidi.
Bu raundun 7 qalibi I təsnifat mərhələsində 87 komandaya qoşulacaq. Sonunculardan yalnız üçü bəlli deyil. Lakin Monteneqro təmsilçisinin səpələnməyəcəyi dəqiqdisə, Sloveniya və Macarıstan klublarının hansı səbətdə qərarlaşacağı bilinmir. Azərbaycanın hər üç təmsilçisi iyunun 19-da keçiriləcək püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, mümkün rəqibləri səpələnməmişlərdi.
Həmin səbətdə 40 komanda və ilkin raundun 7 cütlü yer alacaq. Lakin bu 54 komandadan üçü – Ermənistan klubları təmsilçilərimizə rəqib ola bilməz. Digər 51 komandadan üçü tam dəqiqləşməyib. Bir sözlə, "Qəbələ", "Neftçi" və "Keşlə"nin ilk rəqibi olmağa 48 namizəd var. İyunun 19-da həm də II təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və I mərhələnin 47 cütü iştirak edəcək. Klublarımızdan yalnız "Qəbələ"nin yer aldığı cütlük səpələnmişlərdən olacaq. "Neftçi" və "Keşlə" isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək. Yarışa II təsnifat mərhələsindən başlayacaq komandalar arasında "Sevilya", "Beşiktaş", "Atalanta", "Leypsiq", "Bordo", "Bernli" kimi səpələnmiş rəqiblər də var.