Canni de Byazi: “Azərbaycan millisini böyütməyə çalışacağıq” - MÜSAHİBƏ İdman

Canni de Byazi: “Azərbaycan millisini böyütməyə çalışacağıq” - MÜSAHİBƏ

Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazinin apasport.az saytına müsahibəsi

- AFFA qarşınıza konkret olaraq hansı hədəfi qoyub?

- Məqsədimiz Millətlər Liqasında qrupun qalibi olmaqdır. Bunu həyata keçirməyə çalışacağıq. Əlbəttə ki, asan olmayacaq. Amma özümüzü inandırmalıyıq ki, bunu edə bilək. Ümumiyyətlə, indidən konkret nəsə demək çətindir. Məşqçilər korpusu ilə yaxşı münasibət qurmağa çalışacağam. Hamıdan da bir-birlərinə qarşı bunu istəyəcəyəm.

- Albaniya millisi ilə qazandığınız uğuru burada təkrarlamağınız gözlənilir. Bunu reallaşdırmaq nə dərəcədə inandırıcıdır?

- İlk növbədə təfəkkürü dəyişməliyik. Mən təkbaşıma heç nə edə bilmərəm. Hamımız birlikdə bu xəyalın reallığa çevriləcəyinə inanmalıyıq. Mən ora İtaliya və İspaniyadakı, eyni zamanda Albaniya yığmasındakı 30 illik futbol təcrübəmi gətirirəm. Komandanın bir parçası olacaq hər kəsin yardımı ilə Azərbaycan millisini böyütməyə çalışacağıq. Komanda deyəndə təkcə futbolçuları nəzərdə tutmuram. Federasiyada çalışanların hamısının - fizioterapevtlərdən tutmuş anbar işçilərinə qədər hər kəs bir yumruq kimi birləşməlidir.

- Albaniya yığmasının heyətində böyük liqalarda oynayan futbolçular var idi. Bizim futbolçuların çoxu isə Azərbaycanda çıxış edir. Bu amil sizi narahat etmir?

- Albaniyalı futbolçuların xaricdə oynamalarının səbəblərindən biri odur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində onlarda xaricə axın oldu. İtaliyada, İsveçrədə, Almaniyada doğulan albaniyalılar var. Bu üzdən onların ölkə xaricində futbolçuları çoxdur.

- Ümumiyyətlə, Azərbaycan futbolçularından kimlərin adını xüsusi qeyd edə, fərqləndirə bilərsiniz?

- Mənim üçün komandanı düşünənlər, meydanda cəsarətli oynayanlar və komanda yoldaşlarına kömək edənlər həmişə fərqli olub.

- Yəqin ki, bir müddətdir futbolçuları izləyirsiniz. Azərbaycan çempionatının səviyyəsi barədə nələr düşünürsünüz?

- Bəli, izləmişəm. Deyə bilərəm ki, Azərbaycan Premyer Liqası aşağı-yuxarı Albaniya çempionatı səviyyəsinə yaxındır. Yeganə fərq albaniyalı futbolçuların Avropada legioner həyatı yaşamalarıdır. Azərbaycan yığmasının bir çox oyunlarını da görmüşəm.

- İşə başladıqdan sonra klubların baş məşqçiləri ilə görüşmək fikriniz varmı? Klublarla necə iş aparacaqsınız?

- Hər kəslə yaxşı münasibət qurmaq üçün fikir mübadilələrinə açıq insanam və çox istəkliyəm. Azərbaycan çempionatındakı məşqçilərlə bağlı hələlik bir məlumatım yoxdur. Amma Ansi Aqollinin 9 il "Qarabağ"da oynadığını bilərəm. O, Albaniya millisində futbolçum olub.

- Gələcəkdə azərbaycanlı futbolçuların İtaliyada oynamasına vasitəçilik edə bilərsiniz?

- Mənim işim futbolçuları oyunlara hazırlamaqdır. Bu gün albaniyalı futbolçuların bir neçəsi İtaliya A seriyasında çıxış edirsə, bu, onların yüksək keyfiyyətə malik olmalarının nəticəsidir.

- Millətlər Liqasında Lüksemburq, Monteneqro və Kiprlə qarşılaşacaqsınız. Bu qrupda birinci yer çətin olmayacaq?

- Söhbətimizin əvvəlində də dediyim kimi, məqsədimiz qrup birincisi olmaqdır. Bunun üçün də nə lazımdırsa edəcəyik. Bütün komandaların şansının olduğu bir qrupdur. Biz də digərləri kimi meydana qələbə qazanmaq, turnir cədvəlində onları qabaqlamaq istəyəcəyik.