Yunanıstan böhranı Azərbaycana təsir göstərməyəcək Dünya

Yunanıstan böhranı Azərbaycana təsir göstərməyəcək

Vüqar Bayramov: "Referendumun nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək"

Yunanıstanda referendumun nəticələri Azərbaycanla Avropa arasında iqtisadi əlaqələrə təsir göstərməyəcək. Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumları və Avropa Birliyinin "anti-böhran resepti" ölkəni "sıfır cəmli oyunun" iştirakçısına çevirib: "Ötən 5 ildə Qərb Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək özəlləşdirib. Deməli, beynəlxalq maliyyə qurumlarının və hətta AB-nin "anti-böhran resepti" ölkəni "sıfır cəmli oyunun" iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, ancaq strateji baxımdan oyunda nəticə dəyişməyəcək. Afinanın taboladan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominatlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrinə öz hesablarına xeyili xallar yazmasına çoxdan imkan yaradıb". İqtisadçı bildirib ki, referendumun nəticələri avronun məzənnəsinə təsirsiz ötüşməyəcək: "Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır. Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı, eyni zamanda, tranzit ölkədir. Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin dörddə birinin avro və idarə olunan vəsaitlərinin 40 faizinin AB-də saxlanıldığını nəzərə alsaq, Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən biri də Azərbaycandır. Referendumun nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Yunanıstan böhranının ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asıllığını yumşaltmaqda maraqlı görünür".
V.Bayramov Yunanıstan defoltunun Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcəyini bildirib: "Bir tərəfdən, fond artıq xeyli vaxtdır "avrsouzlaşma" siyasəti aparır. Digər tərəfdən isə bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı və sözügedən dövlətlərdə səhmlərin qiymətində artımların olacağı gözlənilir. Bu isə okeanın o tayında vəsaitinin təxminən yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendumun nəticələri Azərbaycan ilə Avropa arasında iqtisadi əlaqələrə də təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında, həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir. Beləliklə, Afina yeni mərhələnin başlanğıcındadır. Bu ölkədə hətta sabahı proqnozlaşdırmaq belə çətin olsa da, Berlin və Parisdə təlaş hiss edilmir. Bu gün Parisdə baş tutacaq Almaniya və Fransa liderlərinin görüşündə səslənəcək bəyanatın mətni heç də fenosian hərfləri ilə yazılmayacaq".