14:12
406
“Yəmən hökuməti ilə husilər arasındakı qarşıdurma, hərbi toqquşmalar regionda Səudiyyə Ərəbistanı və İran toqquşmasını daha da kəskinləşdirir. Lakin burada əsas məsələ bu qarşıdurmanın hansı mərhələyə qədər davam edəcəyidir. Çünki hazırda hadisələr məhz Yəmən daxilində baş verir və bu prosesdə husiləri İran tərəfi, Yəməni hökumətini isə Səudiyyə Ərəbistanı dəstəkləyir. Hər iki tərəf hələ ki, bu qarşıdurmada özlərinin dəstəklədiyi qüvvələrin önə çıxmasına çalışır və hadisələr Yəmən daxilində davam etdiyi müddətdə hesab edirəm ki, bu, Səudiyyə Ərəbistanı və İran arasında regional gərginliyin davam etməsinə gətirib çıxaracaq, amma birbaşa toqquşmalar və ya daha real hərbi qarşıdurmaya gətirib çıxarmayacaq. Hazırkı məqamda tərəflər də bunda maraqlıdır”.
Bu sözləri xalqcebhesi.az-a politoloq Asif Nərimanlı bildirib.
Politoloq əlavə edib ki, İran tərəfi nəzərə alır ki, əgər məsələyə Səudiyyə Ərəbistanı qoşulacaqsa və husilərin Səudiyyə Ərəbistanı ərazisinə daha kəskin zərbələri olacaqsa, bu, həm ABŞ başda olmaqla bir çox ölkələrin İrana qarşı çıxmasına gətirəcək, həm də son olaraq imzalanan “Məkkə” sazişinə görə Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxaracaq: “Bu isə regionda İran üçün arzuolunmaz bir vəziyyət yaradır. Burada ən problemli məsələ odur ki, hərbi qarşıdurma Qırmızı dənizdə vəziyyətə necə təsir edəcək. Yəni husilərin Qırmızı dənizdə mövqelərinin güclənməsi artıq Səudiyyə Ərəbistanı daxil olmaqla region ölkələri də özlərinə qarşı təhlükə hiss edəcək, o cümlədən bu bölgədən keçən nəqliyyat dəhlizlərindən istifadə edən ölkələr də bu prosesdən özlərinə qarşı təhlükə hiss edirlər. Bu isə İrana qarşı siyasi təzyiqin artmasına gətirib çıxara bilər”.
A.Nərimanlı düşünür ki, bu proses Yəmən hökuməti və husilər arasında qalacağı müddətdə Səudiyyə Ərəbistanı və İran pərdəarxası oyunçu kimi çıxış edəcək: “Təbii ki, gərginlik davam edəcək, lakin hadisələr bir qədər də inkişaf edərsə, xüsusən də Qırmızı dəniz ətrafında vəziyyət gərginləşərsə, bu, artıq pərdəarxası oyunçular olan İran və Səudiyyə Ərəbistanının ön plana çıxmasına gətirib çıxara bilər. Bu da regionda yeni bir qarşıdurmaya gətirib çıxaracaq. Bu isə mövcud vəziyyətdə ən çox İranın əleyhinə olan bir məsələdir”.
Röya İsrafilova