“Proxy deputat” Delyaqin: Rusiya dövlət telekanallarının Azərbaycana qarşı təxribatı davam edir VİDEO Dünya

“Proxy deputat” Delyaqin: Rusiya dövlət telekanallarının Azərbaycana qarşı təxribatı davam edir VİDEO

Rusiyanın iki dövlət kanalında Azərbaycana qarşı təxribat törədilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, “Rossiya 1” və “Pervıy” telekanallarının 28 mart tarixli efirlərində ölkəmizin ərazi bütövlüyü, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verilib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib.
“Rossiya 1” telekanalında yayımlanan “60 minut” siyasi tok-şousunda Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin həddini aşaraq ölkəmizi “proxy dövlət” adlandırıb. Rusiyanın qardaş slavyan Ukrayna dövlətinə qarşı müharibəsindən bəhs olunan verilişdə Azərbaycanın Qarabağ regionunda yaranmış son vəziyyətə toxunulub. Ölkəmiz Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb. Dumanın ermənipərəst fraksiyası “Ədalətli Rusiya”nın üzvü olan Delyaqin bir az da irəli gedərək Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb.

“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə həddini aşan deputat bildirib.

Verilişdə Azərbaycanın əzəli torpağı Xocalının Fərrux kəndində mövqelərini bərpa etməsi Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilovun “Rusiyaya qarşı ikinci cəbhə açılmalıdır” bəyanatı ilə əlaqələndirilərək ölkəmizə qarşı növbəti şər-böhtan atılıb. Erməni teleqram-kanallarındakı tezisləri “Rossiya 1” kanalının efirində dilə gətirən rusiyalı deputat əslində nəyə və kimlərə xidmət etdiyini göstərmiş olub.

Rusiya mediasının təxribatı “Rossiya 1” kanalı ilə yekunlaşmayıb. Azərbaycan mövzusu “Pervıy” kanalda ermənipərəst Artyom Şeyninin aparıcılıq etdiyi tok-şouda da davam etdirilib. Bu dəfə də səhnəyə ölüm ayağında olan, amma ölüb qurtara bilməyən Vladimir Jirinovskini ermənipərəstliyi və “siyasi kloun”luğu ilə mahircəsinə əvəz edən Mixail Delyaqin çıxıb. Rusiya parlamentinin iqtisadi siyasət qoluna rəhbərlik edən Delyaqin bu dəfə Rusiyanın Azərbaycanın neft sənayesini məhv edə biləcəyi ilə hədələyib: “Rusiya iqtisadiyyatından asılı olan Azərbaycan biznesi bir gün içində partlaya bilər. Azərbaycanın neft sənayesi ərazi olaraq çox güclü lokallaşdırılıb və 15 dəqiqə ərzində mövcudluğunu itirə bilər. Ona görə ki, “proksi” başqa cür başa düşmür. Müstəqil dövlət başa düşərdi, “proksi” isə yox. “Proksi”nin bunu sərbəst başa düşmək funksiyası yoxdur. Müasir dünyada baş cür danışmaq daha mümkün deyil”, - deyə ermənipərəst rusiyalı deputat qeyd edib.

“Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır” deyən deputatın məntiqini anlamaq üçün yəqin elə Delyaqin olmaq lazımdır. Azərbaycanın neft sənayesi, Delyaqinin, yaxud Rusiyaya niyə lazım olsun ki? Neft də, neft sənayesi də Azərbaycana məxsusdur. Hələ də “SSRİ yuxuları” görən Delyaqin və Deyaqin kimilər nə qədər tez real həyata qayıtsalar, onlar üçün o qədər yaxşı olar.

Bu cənab dövlət telekanallarında sərsəm bəyanatları ilə kifayətlənməyib, teleqram kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı absurd sorğu da keçirir. Doğrudur, sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycana nüvə zərbəsi endirilməsinin yolverilməz hesab edir, ancaq bu fikrin ortaya atılması, belə bir sorğunun keçirilməsi belə sağlam düşüncənin məhsulu sayıla bilməz.

Əslində, bu açıqlamaları Delyaqinin özünün “proxy deputat”lığını, ermənipərəstliyin girovuna çevrildiyini ortaya qoyur.

Rusiyanın dövlət tərəfindən maliyyələşən federal kanallarında Azərbaycana qarşı təxribatlar yenilik deyil. 44 günlük Qarabağ müharibəsi zamanı da, ondan əvvəllər də eyni mənzərənin dəfələrlə şahidi olmuşuq. Lakin dünən “Rossiya 1” və “Pervıy” kanalının efirində yayımlanan “siyasi marazm”ın Ukrayna müharibəsini balanslı şəkildə işıqlandırdığına görə Rusiyanın dövlət qurumu “Roskomnadzor” tərəfindən Azərbaycanın bir sıra media orqanlarının bloklanması fonunda baş verməsi əslində uzun müddətdir ki, ölkəmizə qarşı təxribat törədən Rusiya media orqanlarının Azərbaycanda yayımının dayandırılması məsələsini gündəmə gətirir. Ukraynada baş verənləri və eyni zamanda Rusiyanın rəsmi mövqeyini şərhsiz, tərəf tutmadan işıqlandıran Azərbaycanın xəbər portalları Rusiya ərazisində bloklanırsa, dövlətimizi “proxy” adlandıran, neft sənayemizi məhv etməklə hədələyən Rusiyanın federal kanalları niyə Azərbaycanda bloklanmasın?

Delyaqin kimi siyasi klounların ermənilərdən aldığı təlimatlar əsasında sərsəm bəyanatlar səsləndirdiyi aydındır. Təəccüb və təəssüf doğuran Rusiya dövlət kanallarının tutduğu mövqedir. Onlar doğrudan anlamırlar ki, hazırda bütün dünya ilə üz-üzə qalan Rusiyanın Türkiyə və Azərbaycanla da münasibətlərini korlamağa xidmət edirlər?