Ərdoğanın qələbəsi Dünya

Ərdoğanın qələbəsi

"Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı silləsi yedilər"
Zahid Oruc: "Qütbləşmiş toplumu vahid bir millət etməyi təkrar bacaran qüvvə əsl Türkiyənin uğurunu təmin edəcəkdir"

Cavid

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib. Türkiyənin Anadolu agentliyi xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 76 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub. 48 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 11 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə BDP, 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədləri qalib gəlib.
İlkin nəticələrə görə, İstanbulda, Ankara və Antalyada AKP-nin, İzmirdə CHP-nin, Adanada və Qarsda MHP-nin, Diyarbəkirdə BDP-nin namizədləri öndədir. İlkin nəticələrə görə, AKP 44,7%-lə irəlidədir. Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.
Seçkilərin nəticələri Ədalət və İnkişaf Partiyasının zəfər sevincinə səbəb olub. AKP tərəfdarları baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahının qarşısında qələbə mitinqi keçiriblər. Ərdoğan vətəndaşların qarşısına çıxaraq onları salamlayıb: "Əziz millətim, dəyərli qardaşlarım hamınızı sevgiylə, hörmətlə salamlayıram. 81 vilayəti, 77 milyon Türkiyə Respublikası vətəndaşını salamlayıram. Ya Rəbbim nə böyüksən. Dünyanın hər yerində zəfərimiz üçün əllərini, könüllərini, dodaqlarını duaya açan dost və qardaşlarıma təşəkkür edirəm. Suriyada bombaların, güllələrin altında qıtlıqla baş-başa savaşan, amma Türkiyədə AKP-nin zəfəri üçün dua edən qardaşlarıma təşəkkür edirəm. Əlbəttə, ən böyük təşəkkür bu əziz millətə düşür. Qardaşlarım, siz yeni Türkiyənin istiqlal mübarizəsinə sahib çıxdınız, sizlərə təşəkkür edirəm. Siz öz iradənizə, öz gələcəyinizə, baş nazirinizə sahib çıxdınız. Artıq köhnə Türkiyə yoxdur, yeni Türkiyə var. Qırx çürük yumurta bir sağlam yumurta ola bilməz".
Ərdoğan daha sonra bildirib ki, o, "Hizmət hərəkatı"nın üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?"
Ərdoğan gülənçiləri "haşhaşilər"ə bənzədib: "Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə "haşhaşilər"ə rəhmət oxutdurdular".
Baş nazir qeyd edib ki, seçkinin nəticələri "millətin siyasətdən kənar yolla" Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi: "Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı silləsi yedilər".
Ərdoğan Fətullah Güləni dəstəkləyən medianı və işadamlarını nəzərdə tutaraq deyib: "Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz burdayıq. Siz indi hardasınız?"
Türkiyənin baş naziri bundan sonra Ankaraya yollanıb. Ankarada da AKP-çilərin qələbə mitinqi keçirilib.
30 mart bələdiyyə seçkilərinin nəticələri məlum olduqdan sonra Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı seçkini dəyərləndirib.
MHP sədri AKP-nin dövlətin hər cür imkanından öz qələbəsi üçün istifadə etdiyini bildirib. Baxçalı deyib ki, 30 mart seçkilərinin lap əvvəlində hakim partiya təzyiqlərə, şantaja əl atıb: "AKP zehniyyəti ictimai və siyasi quruluşu gərmiş və millət iradəsini təhrif edib. Bu seçkilərə tarixin ən böyük rüşvət və sui-istifadə əməliyyatı damğa vurub. Türk milləti rüşvət alveri edən failləri gördü. Baş nazir və partiyası hansı nəticə alırsa-alsın, bəraət qazanmamışdır. Heç bir şey köhnəsi kimi olmayacaq. Seçkinin nəticələri məhkəmələrin yerinə keçə bilməyəcək. Baş nazirin balkon danışmasında Türkiyənin bundan sonrakı günləri haqqında göstərişlər verib. Görünür, baş nazir cəbhələşməni qızışdıracaq. Siyasi nəticələr nəyi göstərirsə-göstərsin, iqtidarda korrupsiyaya batmış qapqara vicdanlı bir zümrə var. Baş nazirin balkon çıxışında yanına aldığı adam ya da kəslər istintaqdan yaxalarını qurtarmış deyillər. MHP türk millətinin seçiminə hörmətlə yanaşır. Partiyamız əhəmiyyətli sayıla biləcək bir müvəffəqiyyətə imza atıb. Bu bizim baxış bucağımızdan bir inkişaf və ümidverici bir mənzərədir. Önümüzdəki dövrdə siyasətə daha çox hörmət və uzlaşma hakim olmalıdır".
Daha sonra Dövlət Baxçalı jurnalistlərin suallarına cavab olaraq deyib ki, bu seçkidə MHP-nin itirdiyi qədər də qazandığı var.
Onu da vurğulayaq ki, Türkiyədə keçirilən bələdiyyə seçkisində 4 vilayətin qadın namizədi də öz qələbəsini elan etdi. Hamizədlərdən 2-si BDP-nin, 1 nəfəri hakim AKP-nin, digəri isə CHP-nin nümayəndəsidir.
AKP-nin namizədi olan sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olacaq.
Aydın vilayətindən seçilən CHP-nin namizədi Özlem Çerçioğlu artıq bu vəzifəni ikinci dəfə icra edəcək. Çerçioğlu bundan əvvəlki seçkidə də Aydının bələdiyyə sədri seçilmişdi.
BDP-nin həmsədri və bu partiyadan milət vəkili olmuş Gülten Kışanak Diyarbəkirin, həmin partiyanın digər namizədi Dilek Hatipoğlu Hakkarinin bələdiyyə sədri seçilib.
Türkiyədə ilk dəfə kommunist namizəd də bələdiyyə sədri olub. Belə ki, Türkiyə Kommunist Partiyasının (TKP) namizədi Fatih Mehmet Maçoğlu ilkin nəticələrə görə, bələdiyyə sədri seçilib. TKP üzvü öz namizədliyini əsasən etnik kürdlərin kompakt yaşadığı Tunceli vilayətinin Ovacık rayonundan irəli sürüb. Beləliklə, adında kommunist sözü olan bir partiya Türkiyədə ilk dəfə bələdiyyə seçkisinin qalibi olub.
O da bildirilir ki, Türkiyənin bir neçə şəhərində seçki gərginliyi davam edir. Paytaxt Ankarada yerli litseylərdən birinin qarşısında qarşıdurma baş verib. Qarşıdurmanın CHP-li qrupla başqa siyasi partiyanın tərəfdarı olan digər bir qrup arasında baş verdiyi bildirilir. Bölgəyə çox sayda xüsusi təyinatlı cəlb edilib.
İzmirdə də bələdiyyə seçkilərinin nəticələrinin hesablanması zamanı AKP-li və CHP-li qruplar arasında gərginlik yaşanıb. Hər iki partiyadan olan millət vəkillərinin səslərin sayıldığı yerə gəlməsi ilə gərginlik daha da artıb. Səslərin hesablanması ilə bağlı etirazlarını bildirən CHP-lilər AKP millət vəkillərinin təxribata yol vermək istədiklərini bəyan ediblər.
Türkiyədəki seçkilər Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilib. Millət vəkili Zahid Oruc bildirib ki, 30 martdan hansı siyasi qüvvənin və ya platformanın qalib çıxacağından daha çox, yeni Türkiyənin şəkillənəcəyini hər kəs rahatlıqla söyləyir: "Yerli seçkilər olmaq mahiyyətini tam itirərək az qala beynəlxalq bir önəm daşıyan bu milli turun əhəmiyyətinin şişirdilmədiyi də bir faktdır və hazırki iqtidarın məğlubiyyətinə çalışan xarici dairələr son illərin ən ağır siyasi müharibəsini məhz indi apardılar. Türkiyə içində Qərbin dayaqları və NATO-nun əsas söykənəcəyi qüvvələr həmişə Silahlı Qüvvətlər olub. Konstitusiyanın keçmiş formulundan da onlar çox ustalıqla bəhrələniblər və böhran situasiyalarında ordu əsas hakimiyyət mücəssiməsi kimi meydana çıxıb. Ərdoğanın ən çox üstünə getdiyi güclər də məhz onlar oldu. Etiraf edək ki, heç kəsin cəsarəti çatmazdı buna. O, iqtidarını risq altına qoyaraq yaxası döyüş ordenləri ilə dolu olanların rolunu endirmək qərarı ilə Konstitusion islahatlara baş vurdu. "Ergenekonçular"ı, "dərin dövlət" qurucularını görəvdən alaraq həbsə atmaq, ardınca hizmətçilərlə savaş açmaq yalnız öz gücünə inanan bir liderin qərarı ola bilərdi. Hərçənd ki, hamı onu eyforiyaya qapılmaqda, sultana, reallıq hissinin itirmiş krallara çevrilməkdə qınayırdı. Lakin bu ittihamlar AKP rəhbərliyini seçdiyi kursdan daşındıra bilmədi.
Paralel strukturlar tam sarsıldımı, bunu hələ ki, demək çətindir. Lakin yaxın və uzaq xaricin addım-addım izlədiyi Türkiyənin Ərdoğanlı dönəminin davamı artıq Amerikanı və İsraili narahat etməkdədir. Çünki kənardan himayə olunan sistemlər sarsıldıqca onlar ən patriotik ideolojiləri örtük edib xalqın adından danışan digər qüvvələrin sırasına soxulub, hazırkı iqtidarın üzərinə gəlirlər. Türkiyənin regionda güclənməsi və buna millətin verəcəyi səs insanların yetkinlik dərəcəsini ortaya qoyacaq. Əgər əvvəlki kurs etimad qazanacaqsa, bu o anlama gələcək ki, Türkiyənin müsəlman dünyasında təsiri və rolu artmaqda davam edəcək.
Təkcə Misiri misal göstərmək yetərlidir. "Ərəb baharı" zamanı iqtidara gələnlər siyasi model axtarışında məhz qardaş ölkənin idarəetmə quruluşuna istinad etməkdə tərəddüd göstərmədilər. Görünür, məhz elə bu da "Müsəlman qardaşları"nın öldürücü səhvi idi. General Sisi indi minlərlə insanın edamına qərar verir, lakin heç kəs onu demokratik tövrdən kənara çıxmaqda ittiham etmir. Gəzi parkında ölən bir yeniyetməni isə yüzminlərin kumirinə çevirirlər. Ünlü xarici telekanallar hər gün demokratiya mücahidindən silsilə repotajlar verir. Məqsəd aydındır - xalq içindəki davanı daha çox körükləmək, çarpışmanın şiddətini artırmaq.
Amma qalib partiyanın qabağında az qala qazandığı qədər ona nifrət edən digər kəsim də olacaqdır. Həmin qütbləşmiş toplumu vahid bir millət etməyi təkrar bacaran qüvvə əsl Türkiyənin uğurunu təmin edəcəkdir.
Bütün hallarda 30 martdan sonrakı Türkiyə yeni olacaqdır. Hətta hakim qüvvənin əvvəlkindən də artıq səs əldə edəcəyi bu hökmü dəyişməz. İndi xəritəsi üzərinə onlarla partiyalı rəngi çilənmiş bir məmləkətin bu gündən bir aylı-ulduzlu Uca Bayraq altında toparlanması gərək. Xeyirlisi olsun və hər zaman qüdrətli bir dövləti qarşımızda görmək ümidi ilə!"