İŞİD-in yeni marşrutu... Dünya

İŞİD-in yeni marşrutu...

MDB ölkələri radikal qruplaşmalara qarşı birgə mübarizə istiqamətində əməkdaşlığa başlayır

Cavid

Rusiya başda olmaqla birlik ölkələri ilk növbədə Tacikistan-Əfqanıstan sərhədlərində mühafizəni gücləndirməyi düşünür.
Rusiya Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən generalı "Röyters"ə bildirib ki, əsas təhlükə Mərkəzi Asiyada fəallaşan radikalların hücuma keçməsidir: "Onlar Rusiya, həmçinin, digər MDB ölkələrinin daxilinə sıza və burada ciddi təhlükələrə səbəb olacaq addımlar ata bilərlər. Bu təhlükə Əfqanıstan sərhədlərindən başlayaraq Qafqaza qədər uzanır".
Ötən həftənin sonu Qazaxıstanda keçirilən MDB sammitində Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya dövlət başçıları bu məsələni müzakirə ediblər. Sammitə Moldova xarici işlər nazirinin müavini, Ukrayna isə baş nazirin müavini səviyyəsində qatılıb. Türkmənistan prezidenti isə sammitə gəlməyib. Diqqət çəkən məqam türkmanbaşının xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini Vaşinqtona göndərməsidir.
MDB icraçı katibi Sergey Lebedev isə jurnalistlərə açıqlamasında təhlükənin ciddiliyindən danışaraq buna qarşı MDB ölkələri arasında ittifaqın qurulmasının vacibliyini vurğulayıb.
"Röyters" yazır ki, Rusiya Suriyaya müdaxilədən sonra radikalların Əfqanıstan sərhədindən ona hücum edəcəyindən narahatdır. Kreml Rusiyada ekstremizmi dayandırmağa məcbur olduğunu dilə gətirir. Lakin Qərb ölkələri hesab edirlər ki, Moskva SSRİ damğası ilə itirdiyi qlobal gücünü qaytarmaq üçün çalışır. İddialara görə, Rusiya Əfqanıstana müdaxiləyə şərait yaratmaq üçün də əsas yaradır.
Bu arada Rusiyanın lenta.ru saytı Qafqaz və Mərkəzi Asiya regionu üçün ekstremistlərin təhlükəsini anons edib.
"Rusiyanın hava qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlardan sonra İŞİD ekstremistləri regionda fəaliyyətlərini yeni düzəlişlər edir, başqa regionlara üz tuturlar. Onların növbəti marşrutunun hara olacağı dəqiq deyil. Lakin Mərkəzi Asiya və Cənubi Qafqaza gələcəkləri istisna deyil. Məlumdur ki, Gürcüstanda Pankisi dərəsində İŞİD tərəfdarları kifayət qədərdir, Azərbaycanda da radikallar mövcuddur", - deyə sayt yazır.
Şərqşünas Andrey Areşev hesab edir ki, Suriyanı tərk edən İŞİD döyüşçülərinin ilk marşrutu İordaniya və Türkiyə ola bilər: "Həmçinin, Qafqaz, Ural-Volqa bölgəsi və Mərkəzi Asiya əsas marşrutlar sırasındadır".
Sayt qeyd edir ki, Suriyada döyüşçülərin qayıdışı Orta Asiyada və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini psiləşdirəcək.
Rusiyalı politoloq Aleksandr Knyazev isə "Nezavisimaya qazeta"da yazıb ki, Əfqanıstan ərazisindən "İslam Dövləti" (İŞİD) qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib.
"Şahidlərin bildirdiyinə görə, Türkmənistanın Marı şəhərinə hər gün sərhəddə həlak olan hərbçilərin cəsədləri daşınır. Marı aerodroumundan hərbi aviasiyanın sərhədə doğru intensiv uçuşları müşahidə olunur. Ümumiyyətlə, Türkmənistan istiqamətində situasiya pisləşməkdədir"- deyə Knyazev yazır.
O da bildirilir ki, Türkmənistan İŞİD təhdidinə qarşı müttəfiq axtarır və özünün neytral statusundan imtina etməyə hazırlaşır.
Lakin ehtimal olunur ki, bu təhdidə qarşı Aşqabad Rusiya ilə yox, ABŞ-dan kömək istəyi nəzərdən keçirir. Belə ki, bu günlərdə prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə xarici işlər naziri Rəşid Meredov Vaşinqtona uçub.
Qazaxıstandakı MDB sammitinə isə Berdıməhəmmədov daha aşağı ranqlı məmuru - baş nazirin müavinini və xarici işlər nazirinin müavinini göndərib.
Rusiyalı politoloq deyir ki, elə bu fakt Aşqabadın müttəfiq olaraq kimi seçdiyini göstərir.
Digər rusiyalı politoloq Arkadi Dubnov isə hesab edir ki, Aşqabad Rusiyanın Xəzərdən onunla razılaşdırmadan Suriyaya raket zərbələri endirməsindən narazıdır.

Digər tərəfdən, Rusiya Türkmənistan qazının Transxəzər marşrutu ilə Avropaya və TAPİ marşrutu ilə Əfqanıstan, Pakistan və Hindistana nəqlinə imkan vermək istəmir. Vaşinqton isə hər iki layihədə Türkmənistanın tərəfindədir.
Maraqlıdır ki, Aşqabadın özündə Əfqanıstanla sərhəddə döyüşlərin getdiyini təsdiqləmirlər.
"Nə İŞİD? Nə "Taliban"? Bizdə Türkmənistanda bu haqda heç nə məlum deyil"- deyə Aşqabaddakı mənbə "Rosbalt"a bildirib.
Həmçinin Türkmənistan XİN Qazaxıstana rəsmi etiraz notası göndərərək bildirib ki, oktyabrın 15-də Astanadakı MDB sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiyada təhlükəsizliklə bağlı situasiyadan danışarkən "guya Türkmənistan sərhədində hansısa insidentlərin baş verdiyini" bildirməsindən narazılıq ifadə edib.
"Türkmən tərəfi Qazaxıstanın mövcud vəziyyətə uyğun olmayan bu bəyanatlarından olduqca narahatdır"-notada bildirilir.
Belə görünür ki, Aşqabad Əfqanıstanla sərhəddə baş verənləri təkcə dünya ictimaiyyətindən deyil, öz vətəndaşlarından da gizlədir. Belə ki, Rusiya və Orta Asiya KİV-lərində Əfqanıstan-Türkmənistan sərhədində döyüşlərin getdiyinə dair xəbərlərin yayılmasından sonra Aşqabad həmin saytlara girişi bağlayıb.
Həmçinin xüsusi xidmət əməkdaşlarının nəzarəti altında çoxmərtəbəli binalardan peyk antenalarını sökməyə başlayıblar. Həmçinin əmək kollektivlərində işçilərə başa salınır ki, "antihökumət saytlarına" girməsinlər.