“Əgər Gürcüstan Rusiyaya və İrana meylli siyasət yürütməyə davam etsə...” Dünya

“Əgər Gürcüstan Rusiyaya və İrana meylli siyasət yürütməyə davam etsə...”

Qabil Hüseynli: "Qərb tərəfindən ciddi cəzalandırılacaq"

Prezident İlham Əliyevin noyabrın 6-da Gürcüstana səfərinin baş tutacağı gözlənilir. Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli prezidentin səfəri ilə bağlı danışarkən bildirib ki, Sərkisyan Gürcüstanın "boz kardinalı" olan Bidzina İvanişvili ilə əlbir olaraq energetika sahəsində müəyyən oyunlara getmək istəyir: "Bu oyunların əsas məqsədi Gürcüstana həm Rusiya, həm də İran qazından istifadə üçün şərait yaradılması ilə bağlıdır. Sərkisyan bu məsələdə böyük oyun oynamaq niyyətindədir. Guya, Gürcüstanın qaz almasını diversifikasiya etmək adı altında faktiki olaraq Rusiyadan gələn və Abxaziyadan keçən dəmir yolunun yerdə qalan hissəsini istismar etmək, blokadadan çıxmaq istəyir. Çox təəssüf, Sərkisyanın qurduğu bu oyunlarda həm İvanişvili, həm də onun komandasından olan şəxslər fəal iştirak edirlər. Azərbaycanın Gürcüstanın çətin vaxtlarında ona ən ucuz qiymətə qaz verməsi yaddan çıxmamalıdır. Üstəlik, bu gün Gürcüstan ərazisindən keçən enerji xətlərindən Gürcüstanın öz büdcəsinin 40 fazini təmin etməsi yavaş-yavaş rəsmi Tiflisin yadından çıxır. Gah Gürcüstanın "Qazprom"dan qaz almaq niyyəti bildirilir, gah da Ermənistan vasitəsilə İran qazının alması fikirləri səslənir. Bu diplomatiya əslində Gürcüstanın həm enerji, həm də müxtəlif sahələrdə tərəfdaşı olan Azərbaycanı da dərindən düşünməyə vadar edəcək". O, əlavə edib ki, Prezident İlham Əliyevin səfəri ən azından Ermənistan təxribatının qarşısını alacaq: "Qazprom"la əlaqələri olan, onun səhmlərinə sahib olan Bidzina İvanişvilinin provakasiyaları Gürcüstanın ənənəvi siyasi xəttindən uzaqlaşmağa yönəlib. Bu da Rusiyaya, İrana meyllənmə, Azərbaycanla olan siyasi və iqtisadi ənənələri minimuma endirməyi ortaya çıxarmaqdadır". Gürcüstanın Azərbaycandan qaz asılılığını azaldaraq Rusiyadan qaz almasının Amerika tərəfindən necə qarşılanacağına gəlincə isə, ekspert bildirib ki, Amerika bu məsələyə pozitiv münasibət göstərməyəcək: "Gürcüstanın Rusiyaya meyillənmək oyunu Amerikaya xoş təsir bağışlamayacaq. Çünki bu Gürcüstanın tamamilə Rusiyanın təsiri altına düşməyə gətirib çıxara bilər. Bu da nəticədə Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Tbilisi-Qars kimi Amerikanın təəssübünü çəkdiyi böyük enerji və nəqliyyat layihələrinin təhlükə altına düşməsinə səbəb ola bilər. Azərbaycandan böyük qazanc götürən Gürcüstanın birdən-birə bu cür addımlar atması siyasətdə heç cür yozulan deyil...Gürcüstanın bugünkü hakimiyyəti nə qədər Qərbyönümlü siyasət yürütdüyünü bəyan etsə də, əslində Qərb bu hakimiyyəti sevmir və bu hakimiyyəti siyasi səhnədən uzaqlaşdırmaq üçün müxtəlif gedişlər edir. Amerika Gürcüstanda hakimiyyətə əslində Rusiya ilə bağlı olmayan, təmiz demokratların gəlməsini istəyir. Burada əsas yeri Saakaşvilinin komandasına vermək istəyir. Əgər Gürcüstan Rusiyaya və İrana meylli siyasət yürütməyə davam etsə, Qərb tərəfindən ciddi cəzalandırılacaq".