Rusiya Türkiyəni təxribata çəkir Dünya

Rusiya Türkiyəni təxribata çəkir

Rəsmi Ankaranın təkzib etməsinə baxmayaraq Türkiyə və Səudiyyə Ərəbistanı Suriya müharibəsi teatrında vəziyyətin dramatik şəkildə dəyişməsinə cavab olaraq birgə hərbi plan üzərində işləyir.
"The Financial Times" qəzeti bu plana Suriya ərazisinə quru qoşunlarının yeridilməsinin də daxil olduğu haqda yazıb. Belə ki, Rusiya aviasiyasının güclü dəstəyi ilə Bəşər Əsəd qüvvələri ölkənin şimalındakı Latakiya və Hələb bölgələrinə nəzarəti geri qaytarmaq üzrədir.Bu bölgədə nəzarət "Əl-Nusra Cəbhəsi", qismən İŞİD və "Azad Suriya Ordusu"nun əlində idi.
Lakin Suriya ordusu üsyançıları sıxışdıra bilib və Hələb şəhərinin xarabalıqlarını tamamilə mühasirəyə almaq üzrədir. Bu şəhərdən on minlərlə qaçqın Türkiyə sərhədlərinə cəmləşib. Yaraqlılar isə hücum edən qüvvələrdən qorunmaq üçün ancaq geri çəkilməyə üstünlük verir. Çünki qüvvələr qeyri-bərabərdir. Xüsusən də havadan Rusiya aviasiyası onlara göz açmağa imkan vermir.
Qəzetin yazdığına görə plan yaxın həftələrdə hazır olacaq. Təbii ki, o vaxta qədər Əsəd qüvvələri Hələbi tutmasa. Səudiyyə Ərəbistanı tərəfdən planın üzərində müdafiə naziri, şahzadə Məhəmməd ibn Salman işləyir. Səudiyyəlilərin planından xəbərdar olan iki mənbə deyib ki, Fars körfəzindən olan yüksək vəzifəli şəxslər Ər-Riyadda türk vəzifəliləri ilə görüşürlər. Türkiyə Suriyaya müdaxilə üçün formal olaraq YPG kürd qruplaşmasının fəaliyyətini göstərir. Bu qruplaşma Türkiyə sərhədlərinə doğru irəliləyib. Lakin Türkiyə tərəfi Suriyaya quru müdaxiləsi barədə deyilənləri təsdiqləmir.
Digər tərəfdən Türkiyə və Səudiyyə qüvvələri şimal istiqamətindən Suriyaya daxil olsalar birbaşa Rusiya hərbi əməliyyatlar teatrına girmiş olacaqlar. Çünki bu bölgələrdə Rusiya aviasiyası intensiv reydlər keçirir, habelə hava məkanı Suriyada yerləşdirilmiş Rusiya S-400 komplekslərinin nəzarətindədir. Rusiya xəbərdarlıq edib ki, bu bölgəyə daxil olan Türkiyə təyyarələri dərhal vurulacaq. Türkiyənin Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurmasından sonra Moskva Ankaraya birbaşa hərbi cavab verməyib. Ancaq bu o demək deyil ki, Putin Ərdoğanın həmin hərəkətinə görə hərbi qisas fürsətini əldən buraxacaq.
Əgər Suriyada təhlükəslik zolağı yaratmaq üçün quru müdaxiləsi olsa Türkiyə bunu havadan da dəstəkləməlidir. Bu isə o deməkdir ki, Türkiyə aviasiyası Rusiya raketlərinin qoruduğu hava məkanına daxil olacaq. Və böyük ehtimalla vurulacaq. O zaman nə baş verəcək? NATO formal olaraq Türkiyəni müdafiə edə bilməyəcək. Çünki döyüş Suriya ərazisində baş verəcək. Və belə görünür ki, Putin də elə bunu istəyir. Türkiyədə də bunu nəzərə alırlar və Suriyaya birbaşa hərbi müdaxilə haqda xəbərlərin israrla təkzib edilməsi də buradan irəli gəlir. Ancaq baş nazir Əhməd Davudoğlu Türkiyənin Hələbi müdafiə edəcəyini də deyib. Bu, hansı formada baş verə bilər? Analitiklər hesab edir ki, ən ağlabatan variant təcili olaraq Suriyanın şimalındakı yaraqlılara dəqiq silahlar, o cümlədən daşınan zenit-raket qurğularının çatdırılması ola bilərdi.
Beləliklə, Rusiya Qərb və onun müttəfiqləri üzərində daha bir iir geosiyasi qələbəyə çox yaxındır. "The Washington Post" qəzeti yazır ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi vəziyyəti ABŞ və onun müttəfiqlərinin dəstəklədiyi üsyançı qrupların əleyhinə kökündən dəyişdi. "Bizim hesablamalarımız tamamilə alt-üst oldu. İndi tamamilə əminliklə deyə bilərik ki, Bəşər Əsəd bizim hesabladığımızdan daha çox müddət hakimiyyətdə qalacaq"-ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri, general Vinsent Stüart Senatın kəşfiyyat komitəsi qarşısında deyib.

Cəmi yarım il əvvəl Amerika kəşfiyyatı Bəşər Əsəd üçün "oyunun bitdiyini" deyirdisə Rusiyanın müdaxiləsi bütün kartları alt-üst edib. Belə görünür ki, Moskva hamını ya Əsəd, ya İŞİD seçimi qarşısında qoyub. Və belə demək olar ki, bir güllə ilə bir neçə hədəfi vura bilib. Rusiya Suriyanın şimalındakı kürd qüvvələrini də az qala öz tərəfinə çəkib və kürdlər İŞİD-ə qarşı döyüşməyi müvəqqəti dayandırıb Türkiyə ilə ABŞ-ın himayə etdiyi qüvvələri bu bölgədən sıxışdırırlar. Görünür Rusiya kürdlərə bu bölgədə möhkəmlənmək imkanı yaratmaqla daha uzunmüddətli plana əsaslanır.