İŞİD-ə qarşı yeni plan Dünya

İŞİD-ə qarşı yeni plan

Türkiyə "qırmızı xətt"indən vaz keçdi

Cavid

ABŞ və Türkiyə Suriyanın şimalının İŞİD terror təşkilatından təmizləmək üçün yeni bir plan üzərində çalışır. Türkiyə mediası xəbər verir ki, yeni palana görə, Türkiyə PYD-nin Fərat çayının qərbinə keçməsinə icazə verəcək.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın sonunda Vaşinqton səfərində ABŞ dövlət katibi Con Kerri, prezident Barak Obama və vitse-prezident Cozef Baydenlə görüşlərində bu mövzu xüsusi diqqətdə olub. Görüşlərdə Suriyanın şimalında İŞİD-dən təmizlənəcək ərazidə hansı qüvvələrin yerləşdiriləcəyi müzakirə olunub.
Türkiyə bölgədə türkman və ərəb qüvvələrinin yerləşdirilməsini istəyir. Türkiyə PKK-nın Suriya qolu olan PYD-nin rəhbərlik etdiyi və ABŞ-ın liderliyi ilə qurulan Suriya Demokratik Güclərinin (SDG) Fəratın qərbinə keçməsini istəmir. Bu, Türkiyənin "qırmızı xətt"i hesab olunur. Türkiyə PYD-in təktərəfli elan etdiyi Afrin və Kobani kantonlarını birləşdirəcək dəhlizə də qarşıdır. ABŞ isə İŞİD-lə mübarizə üçün PYD-nin silahlı qanadı olan YPG-dən quru gücü kimi istifadə edir. Vaşinqton bu bölgəni İŞİD-dən təmizləmək üçün də YPG ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır. Ərdoğanın Vaşinqton səfərindən sonra, 4-5 aprel tarixlərində ABŞ-ın diplomat və hərbçilərdən ibarət nümayəndə heyəti Ankaraya gələrək mövzu ilə bağlı müzakirələri davam etdirib.
Bölgədəki türkman və kürd mənbələrdən əldə edilən məlumata görə, ABŞ-ın təklif etdiyi formul Türkiyə-Suriya sərhədinin 80 kilometrlik hissəsində, yəni Azezdən Cerablusa qədər ərazidə türkman və ərəblərdən ibarət Azad Suriya Ordusunun (ASO) yerləşdirilməsini nəzərdə tutur. Bölgənin İŞİD-dən təmizlənməsindən sonra ərəb və türkman birliklər təxminən 20 kilometr cənuba çəkilərək bölgəyə nəzarət edəcək. Daha cənubda isə Suriya Demokratik Gücləri Mumbuçdan Tel-Rıfata qədər irəliləyə biləcək. Tışrin anbarı üzərindən Fəratın qərbinə keçən Suriya Demokratik Güclərinin qərbə doğru irəliləyişinə davam edəcək. Beləliklə, iki ayrı gücün yaratdığı iki ayrı dəhliz İŞİD-in Rakkadan Türkiyə sərhədinə qədər uzanan yolunu da kəsmiş olacaq.
Cənubda yaradılacaq dəhlizi ilə bağlı qeyri-müəyyənlik var. Türkman və kürd mənbələrinə görə, Mumbuç alındıqdan sonra Suriya Demokratik Gücləri qərbə doğru irəliləyərək Afrin və Kobani kantonlarını birləşdirəcək. Ancaq Ankaranın "kürd dəhlizi" ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığı bildirilir.