
Putin güc tətbiqinin effektivliyinə əmin olmaqdadır
Cavid
Hazırda bütün dünyada inciklik və narazılıq hissləri üzərində oynayan siyasi partiyalar yüksəlişdədirlər. Avstriya, Danimarka, Yunanıstan, Macarıstan, Hindistan, Latviya, Fillipin, Polşa, Rusiya, Slovakiya, Cənubi Koreya, Türkiyə və bir çox digər ölkələrdə onilliklər ərzində marginal hesab edilən partiyalar siyasi meydanın ön xəttinə keçirlər. Bu cür oyunçular öz mövqelərini Fransada, Niderlandda və Amerika Birləşmiş Ştatlarında da gücləndirirlər.
İctimai bərabərsizlikdən və ya qaçqınların axınından, korrupsiyadan, dövlətin kifayət qədər şəffaf olmamasından qəzəblənənlər həmin bu gücləri dəstəkləyirlər. Bu siyasi dalğanın özü ilə daşıdığı fikir və hisslər, həm ifrat sağ, eyni zamanda da ifrat sol spektrə aiddir. Ümumi yekunda siyasi ideyanın özü dərin məntiqini itirir və bu ənənə mass-media ilə işləməyi bacaran liderləri yuxarıya çıxarır.
"Financial Times" qəzetinə yazdığı məqalədə Qedeon Rixter bildirir: "Ola bilər ki, Filippin və ya Rusiyadakı siyasi həyatla Amerikadakı siyasi həyat arasında nəysə ümumi bir şeyin olması ideyası amerikanlara bərk toxunur. Amma əsl həqiqətdə Trampın yeni nəsil avtoritar liderlər – Vladimir Putin, Si Çzinpin, Rəcəb Tayyib Ərdoğan, Əbdul Fəttah as Sisi, Narendra Modi, Viktor Orban və Rodriqo Duterte ilə xeyli oxşar cəhətləri var".
Sözsüz ki, Rusiya bu qlobal dalğanın bir hissəsidir. "Brukinqs İnstitutu"ndan Fiona Hill deyir: "İndi bütün dünyadakı bu cür siyasi axında Rusiya qabarıq nəzərə çarpır. Putin bu siyasi xəttə daha böyük təsir göstərib. Hazırda hamı yenidən böyük olmaq istəyir. Özünün postsovet tarixi yolunda Rusiya, "böyüklüyünü itirməkdən" ilkin olaraq əziyyət çəkməyə başlamışdı".
Bəs, Rusiya yenidən böyük olmaq üçün məhz nə etməli idi? Bu mövzu uzun müddət ərzində mübahisə predmeti olub. Vladimir Putin 1999-cu ildə siyasi səhnəyə çıxanda, iqtisadi islahatlar proqramının həyata keçirilməsi üzərində işlənilirdi. O zaman hesab olunurdu ki, sıfırdan başlamaq üçün Rusiyaya investisiya və texnologiyalar cəlb edilməlidir.
Amma ilkin başlanğıc islahatlar planı həyata keçirilmədi. Tezliklə məlum oldu ki, ölkənin problemləri ilə mübarizədə ön plana təhlükəsizlik məsələlərinin qoyulması qərarlaşdırılıb. Onun üçün prioritet istiqamət, Qafqazda aparılan antiterror əməliyyatı oldu (yəni Çeçenistanda müharibə). İqtisadi islahatlar və siyasi yenidənqurmalar çox da effektli vasitə deyildi, lakin döyüşlər və qələbələr əla işləyirdi.
Ümumi yekunda Putin Rusiyanın böyüklüyünün qaytarılması üsulunu tapa bilmişdi. İlkin olaraq Çeçenistan, sonra Osetiya və Abxaziya, sonra Krım, sonra Donbas, sonra Suriya dövriyyəyə qoşuldu. İqtisadi islahatların yox, yalnız neftin yüksək qiymətləri hesabına. Daha sonra nə olacağını isə yalnız Allah bilər.
Bu əməliyyatların bəzisi legitim olub, amma hamısı yox. Çeçenistanda Rusiya daxili terrorizmlə mübarizə aparıb, lakin hədsiz dərəcədə sərt üsullarla. Gürcüstandakı müharibə legitimlik baxımından daha şübhəli xarakter daşıyır, hərçənd ki, onun səbəbləri və günühkarları barəsində mübahisə etmək olar. Krım beynəlxalq müqavilələrin və suveren dövlətin ərazi bütövlüyünün birbaşa pozulmasıdır. Həmin hadisələri birləşdirəcək yeganə məsələ, Rusiyanın məhdud miqyasda olsa da, ancaq hər halda hərbi gücə əl atmasıdır.
Ümumiyyətlə, Putinin KİV-lər hesabına ictimai dəstəkdən istifadə etməsi fikri ilə yanaşı ölkədə başqa cür düşünənlər də mövcuddur. Keçmiş maliyyə naziri Aleksey Kudriniddia edir ki, Rusiyanın dayanıqlı iqtisadi böyümə ilə təmin edə biləcək dəqiq qaydalara söykənən siyasi və iqtisadi sistemə böyük ehtiyacı var. Hazırda Rusiyada yeni islahatların hazırlanmasına cavabdeh şəxs olan Kudrin, bu yaxınlarda xarici investisiyanın cəlb edilməsi üçün geosiyasi gərginliyi azaltmağın vacibliyini Putinə inandırmağa cəhd göstərib.Cavabında isə, Putin özünün keçmiş nazirinə etiraz edərək bildirib ki, o, Rusiyanın suverenliyi ilə alver etmək niyyətində deyil. Beləliklə Rusiya lideri təsdiq edib ki, onun üçün suverenlik və təhlükəsizlik iqtisadi məntiqdən daha üstündür.
Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, Rusiyanın belə bir mövqe nümayiş etdirməsi, mütləq siyasi suverenliyin və güc tətbiqinin vacibliyinə inama söykənir. Dövlət nəzarətindəki mətbuat və Rusiya siyasəti daimi olaraq bu ideyaları önə çəkir. Rusiya özünün yeni avtoritetini, yumşaq gücə, ticarət təsirlərinə və ya iqtisadi rəqabət qabiliyyətnə yox, kobud gücə dayanaraq yaradır. Rusiyanın indiki siyasi elitası, iqtisadi inkişafı və siyasi modernləşməni inkar edərək, onu faktiki güzəştə getmək yolu sayır.
Keçmişdə itirdiklərini (real və ya xəyali) kompensasiya etmək istəyən digər siyasi rejimlərlə (Polşa, Macarıstan, Türkiyə) Rusiya arasında müqayisə aparmaq cəhdlərimizin mənası nəyi ifadə edir? Suverenliyin bərpası, Avropadakı və ya onun xaricindəki yeni milli liderlərin böyük proqramının mühüm elementidir. Avropadakı populistlərin əksəriyyəti – həm sağlar və həm də sollar, Brüsselə etibar etmirlər. Bəzi rejimlər isə köhnə anti-amerikanizmə söykənirlər və onlar ABŞ siyasi kursundan müstəqil xətt yürütməyə çalışırlar.
İndi hamı böyük olmaq istəyir (yəqin ki, Kanada yeganə xoş istisnadır). Lakin onların içərisində yalnız bəziləri açıq şəkildə qonşunun ərazisinə iddia etməyə hazırdır. Qlobal və regional təhlükəsizlik strukturuna qarşı Rusiya kimi narazılığını açıq formada yalnız çox az dövlət ifadə edir. Kreml fikirləşir ki, iqtisadi problemlərlərlə yalnız zəiflər məşğul olur. Kreml kimi düşünənlər isə şox azdır. Çünki Rusiya güc tətbiqinin əlverişli olmasını düşünməyə vərdiş edib.
Avropa Şurasının beynəlxalq münasibətlər məsələləri ilə bağlı tərtib etdikləri məruzədə Fredrik Veslau və Endryu Uilson yazırlar: "Özünün bu yaxınlardakı Suriya, Ukrayna və Gürcüstan hərbi avantürasından Moskva belə dərs çıxarıb ki, hərbi güc xarici siyasətdə effektli vasitədir… və Qərb Rusiyanın güc əməliyyatlarına sərt və həm də ki, güc tədbirləri ilə reaksiya verməyə hazır deyil".
Bu, yəqin ki, Rusiya ilə digər böyük narazı (Çin kimi) dövlətlər arasındakı əsas fərqləndirici cəhətlərdən biridir. Özünü təsdiq etmiş rejimlərin əksəriyyəti diqqətlərini daxili siyasətə cəmləşdirməyə, müdaxiləçı düşüncələrdən imtina etməyə, beynəlxalq ticarət müqavilələrini ziyanlı saymağa meyillidirlər. Rusiya həmçinin qloballaşmanı sevmir, amma buna baxmayaraq, müdaxiləçi siyasət yürütməyə və hakimiyyətin lazım bildiyi vaxt güc tətbiq etməyə hazırdır.