Gülən-Saakaşvili işbirliyi üzə çıxdı Dünya

Gülən-Saakaşvili işbirliyi üzə çıxdı

Cənubi Qafqazda nurçular Mixael Saakaşvilinin prezidentliyi dövründə güclənməyə başlayıb

Cavid

Bu barədə Rusiyanın aparıcı media orqanlarında sensasion xəbərlər dərc olunub.
Rusiya mətbuatı yazır ki, Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin hazırda ABŞ-da gizlənən Fətullah Gülənlə yaxın münasibətləri olub.
"Hələ bir neçə il öncə Gürcüstanda nurçular tərəfindən yeni məktəb-liseyin açılışı olmuşdu. Həmin açılış mərasiminə sabiq prezident Mixael Saakaşvili ilə yanaşı Türkiyənin o dövrdə dövlət naziri olmuş Hayati Yazıcı və digər rəsmi şəxslər qatılmışdı. Açılış zamanı Mixael Saakaşvili söylədiyi çıxışında nurçulara və Fətullah Gülənə açıq şəkildə dəstək verdiyini bəyan etmişdi. Təsadüfi deyil ki, Gürcüstanda fəaliyyət göstərən Fətullah Gülənə məxsus məktəblər və digər qurumların əksəriyyəti məhz Saakaşvilinin prezidentliyi dövründə açılıb. Bunun nəticəsidir ki, bu gün Gürcüstanda Fətullah gülənə məxsus xeyli sayda məktəblər, universitetlər, media təşkilatları və müəssisələr mövcuddur", - deyə yazıda qeyd edilir.
Rusiya mediası xatırladır ki, Gürcüstandan fərqli olaraq, bu gün MDB ölkələri arasında Azərbaycanda, Ermənistanda, Özbəkistanda və Rusiyada Fətullah Gülənə məxsus təşkilatlar qalmayıb: "Rusiya hökuməti 2008-ci ildə Fətullah Gülənə məxsus məktəblərdə ABŞ kəşfiyyatının casuslarını aşkar etdiyi üçün, bağladı. Həmin vaxtı Fətullah Gülənin Rusiyadakı məktəblərində çalışan bir sıra müəllimlər isə həbs olundu. Oxşar hadisələr Özbəkistanda da yaşandı. Azərbaycanda isə nurçuların üzvü olan 17 nəfər tutuldu. Bütün bunlar onu göstərir ki, Fətullah Gülənin gələcək planları heç də dinc və təhsil vermək məqsədi daşımır. Əslində, Fətullah Gülən ABŞ-ın planlarını yerinə yetirir. Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) adamı olduğu üçün Fətullah Gülənlə ortaq mövqeyə malik olub".
Bu arada Türkiyə mətbuatı yazır ki, ABŞ Fəthullah Gülənin ekstradisiyası məqsədilə edilən rəsmi müraciətin qəbul edilməsi üçün əsaslı dəlillərə istinad edəcək.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi paytaxt Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında deyib.
Con Kirbi bildirib ki, Vaşinqtondan ekstradisiya tələbi iddialara deyil, dəlillərə söykənməlidir. Gülənin qaytarılması ilə əlaqədar Türkiyənin göndərdiyi sənədlərin araşdırıldığını qeyd edən Dövlət Departamentinin sözçüsü Türkiyəyə birgə qrupun yaradılması barədə təklif verib.
Qeyd edək ki, Türkiyə iyulun 15-də hərbi çevriliş cəhdinin Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) tərəfindən edildiyini açıqlayıb. Ankara bununla əlaqədar ABŞ-da yaşayan Fəthullah Gülənin Türkiyəyə verilməsini tələb edib. Vaşinqton isə Fəthullah Gülənin hərbi çevriliş cəhdində iştirakını sübut edən dəlilləri istəyib.Türkiyə iyunun 19-da Fəthullah Gülənin hərbi çevrilişdə iştirakını göstərən sənədləri ABŞ-a göndərib.
Misirin keçmiş prezidenti Adil Mansurun mətbuat katibi, ölkənin tanınmış jurnalistlərindən biri Əhməd əl-Müselmani isə Qahirə ilə Ankara arasında yeni siyasi qalmaqalın yaranmasına səbəb olub.
Əl-Müselmani aparıcısı olduğu Misirin Dream TV kanalında FETÖ terror qruplaşmasının lideri Fəthullah Gülənin ABŞ-dan çıxarılacağı təqdirdə Misirə gələ biləcəyini söyləyib.
Ölkədə Mursinin devrilməsindən sonra Türkiyənin Misirə təzyiqlərini xatırladan jurnalist Gülənin Misirə gələcəyi təqdirdə ölkəsinin əlində Ankaraya qarşı çox mühüm kart olacağını bildirib.