Papa bizi ermənilərlə “qardaş” olmağa səsləyirsə... Dünya

Papa bizi ermənilərlə “qardaş” olmağa səsləyirsə...

Bundan əvvəlki Papa nə hansısa "şüarla" bizə ağıl öyrədir, nə də Qarabağı unutmağı tövsiyə edirdi. Bu sözləri Roma Papası Fransiskin Azərbaycana gözlənilən səfərini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, işğalın davamına rəğmən, Papa bizi ermənilərlə "qardaş" olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir: "İki ay əvvəl Ermənistana gedərək orada "soyqırım" abidəsini ziyarət edən Roma Papası "soyqırım olub" demişdi. Üstəlik, İrəvanda bizi qıcıqlandıran, "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməmək möhtəşəm bir şey deyil" fikrini dilə gətirmişdi. Erməniləri gözlədiklərindən də çox məmnun edən Papa indi Bakıda "hamınız qardaşıq" açıqlamasıyla bizə nə demək istəyir? Əgər Papa bununla Azərbaycanda bütün din və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun. Yox, əgər işğalın davamına rəğmən, bizi ermənilərlə "qardaş" olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir ki, Roma Papasının çıxışının mətninə əl gəzdirsinlər".
Qeyd edək ki, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək. Planlaşdırılmış səfər "Hamımız qardaşıq" şüarı altında həyata keçiriləcək.