Tramp və Klinton gərgin rəqabətdə Dünya

Tramp və Klinton gərgin rəqabətdə

CNN sorğunun nəticələrini açıqlayıb

Yeni rəy sorğusu respublikaçı Donald Trampın demokrat Hillari Klintondan iki faiz irəlidə olduğunu göstərir. Klinton bir çox rəy sorğularında üstünlüyü saxlamağa davam edir, lakin CNN tele şirkətinin son sorğusu, eləcə də ölkə üzrə keçirilən başqa sorğular ABŞ prezident seçkilərinə iki ay qalmış namizədlər arasında rəqabətin gərgin xarakter aldığına işarə edir. Respublikaçı Donald Tramp Virciniya ştatında xarici siyasət kursunu müzakirə edərkən son sorğuların göstəricilərini də qeyd edib.
"CNN sorğunun nəticələrini açıqlayıb. Onların sorğusu Trampın qələbəsini göstərir. Bu, psixoloji baxımdan yaxşıdır. Mən bunu ona görə bilirəm ki, dünən mənə zəng etməyən adamlar bu gün zəng etməyə başlayıb. Həyat belədir, elə deyilmi?" Demokrat Hillari Klinton ölkə üzrə bir sıra rəy sorğularına görə hər iki namizədin son iki ayda xüsusi diqqət verdiyi həlledici ştatlarda üstünlüyü saxlamağa davam edir.
Klinton Florida ştatında kampaniya tədbirində Trampdan danışıb. "O, müsəlmanları alçaldır və İraqda oğlunu itirmiş ailəyə hücum edir. Bu, biz deyilik. Bizim planlarımız var, bizim dəyərlərimiz var, dostlar və biz Amerika dəyərlərini müdafiə edəcəyik!"
Təhlilçi Stiven Veynin fikrincə, Klintonun zəif cəhətləri diqqət mərkəzində olduğu üçün gərgin rəqabət gedir. Onun vicdanlı və etibarlı olmadığını düşünən çox sayda adam var. O, anti-siyasi bir dövrdə olduqca ənənəvi bir siyasətçi kimi görünür." Gallup sorğusunu keçirən Frenk Nyuport Trampın da reytinq məsələsində problemlə qarşılaşdığını deyir. "Onların hər ikisinin problemi var. Fikrimcə, Hillari Klintonun kampaniyası onun imicinin necə yaxşılaşdırılması məsələsi üzərində çox düşünür. Amma bunu etmək çətindir. Hazırkı mərhələdə bu artıq belədir."
Təhlilçi Ceremi Mayer deyir ki, Klinton partiya qurultaylarından sonra və əsasən də Trampın ziddiyyətli çıxışlar nəticəsində üstünlüyünü saxlaya biləcəyinə ümid edir. "Donald Trampın bu yarışda qələbə çalması mümkündür. Lakin bunu etmək üçün o, müasir rəy sorğuları dövründə heç bir namizədin qarşılaşmadığı defisiti aradan qaldırmalıdır. Heç kəs bu qədər geri oduqdan sonra belə tez bir zamanda buna nail ola bilməyib."
Tramp və Klinton sentyabrın 26-da prezident seçki kampaniyasının ən mühüm tədbirlərindən biri olan namizədlərin ilk debatına hazırlaşır. Onu da qeyd edək ki, ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerikanın İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin ələ keçirilməsinin 2011-ci ildə Əl-Qaidə lideri Üsama Bin ladenin öldürülməsi kimi prioritet etməsinə çağırıb.
"Əl-Bağdadinin ələ keçirilməsi yüksək səviyyədə ciddi səylər tələb edir"-deyə Klinton Nyu-Yorkda müxbirlərə bildirib. O deyib ki, dedikləri heç kimin Amerikaya qarşı hücum planı hazırlayanların və ya hücumlara çağırışların cavabsız qalmayacağına aydın bir mesajdır. Sabiq dövlət katibi rəqibi Donald Trampın milli televiziyada yayımlanan forumdakı çıxışını tənqid edib. Hər iki namizəd müdafiə və milli təhlükəsizliklə bağlı sualları cavablandırıb. Klinton deyib ki, Tramp bir daha ölkənin baş komandanı olmasına yararsızlığını nümayiş etdirdi.
O, Tpampın Obamanı Rusiya prezidenti Vladimir Putindən daha yaxşı lider adlandırmasını Amerika xalqına təhqir adlandırıb. Tramp prezident olsa "Putinlə çox yaxşı münasibətlərinin olacağını" düşündüyünü deyib. O, Rusiya və Birləşmiş Ştatların İslam Dövlətini məğlub etmək kimi ortaq marağı olduğunu bildirib. Bundan əlavə Tramp Obamanın rəhbərliyi altında ABŞ-ın İraqa hərbi müdaxiləsini tənqid edib.