Tehran xariclə əlaqəsi olanları məhkum edir Dünya

Tehran xariclə əlaqəsi olanları məhkum edir

"The Guardian" yazır ki, Tehran ABŞ-da daimi yaşamaq icazəsi olan iranlını casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Müttəhimə üstəlik 4,2 milyon dollar məbləğində cərimə də qoyulub. Məqalədə deyilir ki, bu, dünya gücləri ilə nüvə sazişinin imzalanmasından sonra, xariclə əlaqəsi olan iranlılara çıxarılan silsilə hökmlərdən yalnız axırıncısıdır. Washingtonda yaşayan və internet azadlığı sahəsində fəaliyyət göstərən QHT-yə rəhbərlik edən livanlı Nizar Zakka barədə hökmün çıxarılması, İran nümayəndə heyətinin New Yorka, BMT Baş Assambleyasına səfəri ilə eyni vaxta təsadüf edir. "The Guardian" yazır ki, son vaxtlar ölkənin təhlükəsizlik qüvvələri xüsusilə də ikili vətəndaşlığı olan iranlıları hədəfləyir.
"Nizar Zakkanın Dostları" qrupunun rəhbəri David Ramadan qəzetə müsahibəsində deyib ki, Tehran heç bir beynəlxalq qaydaya, heç bir beynəlxalq münasibətlərə məhəl qoymur. Tərəfdarları bildirirlər ki, Zakkanın hökmünü özünün siyasi motivli qərarları ilə ad çıxarmış mühafizəkar hakim Əbülqasim Sələvati çıxarıb. Bundan əvvəl o, "Washington Post" jurnalisti Jason Rezaianı həbsxanaya göndərmişdi. Rezaian və daha üç amerikalı ötən yanvarda məhbus dəyiş-düyüşü zamanı azad edilib.
"The Guardian" yazır ki, Zakka barədə hökm haqqında İran mediası heç bir xəbər yaymayıb və BMT bu barədə heç bir açıqlama verməyib. Məqalədə deyilir ki, ABŞ-da yaşamaq üçün sakin hüququ olan Zakka 13 ölkədə fəaliyyət göstərən Arab ICT təşkilatının rəhbəridir. O, 2015-ci ilin 18 sentyabrında İrana beşinci səfəri zamanı yoxa çıxmışdı. Onu prezident Ruhaninin də çıxış etdiyi beynəlxalq konfransa dəvət etmişdilər.
Həmin ilin noyabrında İran dövlət televiziyasında yayımlanan xəbərdə deyilirdi ki, Zakka ABŞ kəşfiyyatı ilə "dərin bağlarına" görə həbs olunub. Associated Press agentliyi yazır ki, Zakkanın təşkilatı 2009-cu ildən bəri ABŞ-ın Dövlət Departamentindən və USAİD təşkilatından azı 730 min dollar qrant alıb. Məhz buna görə də Zakkanın dostları ABŞ Dövlət Departamentini bu məsələyə müdaxilə etməyə çağırıblar. Dövlət Departamenti bu barədə hər hansı şərh verməyib.
"The Guardian" yazır ki, İranda daha bir neçə nəfər casusluq ittihamı ilə məhkum edilib. İranlı-kanadalı Homa Hudfər Montreal Concordia Universitetinin pensiyada olan professorudur. İranlı ABŞ biznesmeni Siyamək Nəmazi uzun müddət iki ölkə arasında yaxın münasibətlər üçün kampaniya aparıb. Hazırda o, və vaxtilə İranın BMT-dəki nümayəndəliyində çalışmış atası Bağer Siyamək Tehran həbsxanasındadırlar. İranlı-amerikalı Robin Şahinini qohumlarına baş çəkərkən həbs ediblər. Bundan əvvəl o internetdə İranın insan haqlarını tənqid etmişdi. Britaniyalı Nazənin Zəgəri-Ratcliffe İran hökumətini devirmək cəhdi ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, İrana balaca qızı ilə səfər etmişdi. "The Guardian" yazır ki, 2007-ci ildə İranda yoxa çıxmış FTB agenti Robert Levinson hələ də itkin sayılır.