Macarıstanın baş naziri referendumda qalibiyyəti “bayram edir“ Dünya

Macarıstanın baş naziri referendumda qalibiyyəti “bayram edir“

Macarıstanın baş naziri Viktor Orban aşağı fəallığa baxmayaraq məcburi Aİ kvotalarına görə keçirilən referendumda qalibiyyəti açıqlayıb. Seçkidə iştirak edənlərin 98 faizi hökumətin çağırışına uyğun olaraq Aİ planından imtina etməyə səs verib. Aİ-nin planına görə, bloka üzv ölkələrdə 160 min miqrantın yerləşdirilməsi nəzərdə tutulub. Onlardan 1294-ü macarıstanın payına düşür. Miqrantlar əsasən Suriya, İraq və digər Yaxın Şərq və şimali Afrika ölkələrindəndir. Səsvermədə seçicilərin 50 faizinin iştirak edilməsinin tələb olunmasına baxmayaraq seçici fəallığı 43 faiz olub.
Bu hal müxalifətə əsas verib ki, referendumun nəticələrinin etibarsız olduğunu iddia etsinlər. Müxalifət lideri Ferenc Gyurcsánynin sözlərinə görə, aşağı fəallıq insanların əksəriyyətinin hökuməti dəstəkləmədiyinin göstəricisidir. Lakin hakimiyyət sözçüsü səsvermənin nəticələrinin etibarsız sayıla bilməyəcəyini bildirib. Orban Aİ liderlərini referendumun nəticələrinə diqqət yetirməyə çağırıb və xəbərdarlıq edib ki, referendum nəticələrinin tanınmasının məcburi edilməsi üçün ölkə konstitusiyasına dəyişikliklər edəcək.
Ötəl il miqrant böhranı zamanı Macarıstan Almaniyaya və digər Aİ məntəqələrinə gedən Qərbi Balkan marşrutunda tranzit dövlət idi. Axını cilovlamaq məqsədilə ölkə Serbiya və Xorvatiya ilə olan sərhədləri bağlamışdı. Tədbir ölkə daxilində dəstəklənsə də, insan hüquqları qrupları tərəfindən tənqid olunub. Referendum zamanı seçicilərə "Siz Avropa İttifaqının Milli Məclisin təsdiqi olmadan Macarıstan vətəndaşı olmayan şəxslərin Macarıstanda məcburi yerləşdirilməsi mandatına sahib olmasını istəyirsinizmi?" sualı ünvanlanıb.
Aİ təklifi bloka daxil olmaq istəyən miqrantlar və qaçqınlar üçün əsas giriş nöqtələri olan Yunanıstan və İtaliyaya təzyiqi azaltmaq məqsədi daşıyır. Ötən ilin dekabrında Macarıstan Aİ planına qarşı ərizə ilə məhkəməyə müraciət edib.