Navalnının “müəmmalı ölümü” Dünya

Navalnının “müəmmalı ölümü”

Xalqların özlərinə tarix yazmaq imkanı olsa idi, əminliklə demək olar ki, rus xalqı müasir tarixini öz tarixinə yazılmasını istəməzdi və ya bu tarixdə yaşadığı üçün öz taleyindən gileyli olardı. Ümumiyyətlə, rus xalqı kənardan göründüyü kimi bədbəxtdirmi, yoxsa bu bizə belə görünür? Rus xalqı xoşbəxt olmaq üçün istədiyini bundan artığında görmür? O, həqiqətən də xoşbəxtdir? Dövlətini idarə edənlərin siyasətindən razıdır? Siyasi elitasının bir-birini məhv etməsini, oliqarxiyanın siyasi elitanın arxasında gizlənib milyardlarla vəsaiti mənimsəməsini, yaxın ucqarlarda belə həyat şəraitinin minimumdan aşağı olmasını, hələ ən ucqarlarda olan həyatı nəzərə almasaq demək olarmı ki, rus xalqı bunu qəbul edir, belə yaşamağı özünə rəva görür?
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Rus xalqının mentalitetinin xüsusiyyətləri baxımından hesab etmək olardı ki, onun üçün belə yaşayış tərzi qəbul ediləndir, onu qane edir. Tarixə nəzər salsaq görərik ki, Çar Rusiyası dövründə hakimiyyətdən narazı olan dekabristlərin üsyanından tutmuş, çar Alekseyə sui-qəsd, sonrasında Qış sarayına hücum, etirazçıların güllə-baran edilməsinin "Qanlı bazar" qırğını kimi tarixə düşməsi, l Dünya müharibəsi və Rusiyada vətəndaş müharibəsi, milyonlarla insanın ölməsi, ardınca Sovet dövrünün repressiyaları, Stalin dövründə ll Dünya müharibəsi. Yenidən milyonlarla insanın ölümü. Sonra Qərblə soyuq müharibə dövrü. Silahlanma yarışı, Əfqanıstan müharibəsi, yeni ölümlər deyərkən, Sovet İttifaqının dağılması. Bu ölümlər fonunda formalaşan rus xalqı və onun qanadlarına salınmağa məcbur edilən Sibirdən tutmuş Cənub sərhədlərinə kimi uzanan onlarla xalqların yaşadığı coğrafiya. Göründüyü kimi indi qərar verə bilərik ki, rus xalqı hansı tarixi şəraitdə, daha doğrusu şəraitsizlikdə formalaşıb. Hələ bura bir az da tarixdə irəli gedib Monqol-Tatar istilası altında yaşanan 3-4 əsrlik orta əsrlər dövrünü də əlavə etsək, görərik ki, rus xalqına formalaşmağa imkan verilməyib. Rus xalqı öz formasını ala bilməyib və tarixinin onları xalq kimi formalaşdırması məhdudiyyətlər, müharibələr, repressiyalar, ətrafından qorxduğu üçün qoruyucu refkeks kimi hamıya potensial düşmən gözü ilə baxmaq, hamıya işğalçı kimliyi ilə yanaşmaq xüsusiyyətlərini formalaşdırıb. Bu da məcburi şivinizmə çevrilib: “Məsələ ondadır ki, şovinizm, elə bir xüsusiyyətdir ki, bu, hər xalqa yaraşmır. Şovinist xalq olmaq olar, amma bu, həqiqi şovinizm olmalıdır. Şovinizm xalqlar üçün yaxşı xüsusiyyət olmasa da, hər özünü belə görən və ya görmək istəyən xalqa yaraşmalıdır. Milyonlarla vətəndaşının əksər hissəsi yoxluq, imkansızlıq, şəraitsizlik içərisində yaşayan Rusiyanın şovinist və işğalçı üzü, əslində utancgətirici, istehza doğurucu haldır.
Mövzuya bir az geniş aspektdən yaxınlaşmanın səbəbi ona görə lazım idi ki, Rusiyada hal-hazırda baş verən hadisələri doğru qiymətləndirək. Rusiyada müxalif lider olan Aleksey Navalnı cəza çəkdiyi həbsxanada öldü. Navalnı Rusiya müxalifətinin çox ciddi fiqurlarından idi. O, Putinin əsas siyasi rəqibi hesab olunurdu. Putin ənənəsinə sadiq qalıb onu ilk dəfə öldürməyə cəhd etmişdi. Navalnı "Noviçok" adlı zəhərlə zəhərlənmiş, amma təcili olaraq Almaniyaya aparılaraq uzun sürən müalicədən sonra ayağa qalxa bilmişdi. Avropadan yenidən Rusiyaya həbs olunacağını bildiyi halda geri qayıtmış, elə təyyarə Rusiyaya enən kimi təyyarədəcə həbs edilmiş, qeyd edildiyi kimi saxta ittihamlarla 30 il həbsə məhkum edilib, Rusiyanın soyuq və ucqar əyalətlərindən birindəki həbsxanaya göndərilmişdi. 16 fevral 2024-cü il tarixində Navalnının qəflətən tromb qopması nəticəsində vəfat etdiyi xəbəri yayılmışdı. Bir sözlə, Putin ilk dəfə zəhərləmək yolu ilə edə bilmədiyini üç il həbsdə saxladıqdan sonra axır ki, edə bilmişdi. Məsələ onda deyildir ki, Putin konkret olaraq belə göstəriş vermişdi, hansıki bu, böyük ölçüdə elə belə də olmuşdu. Çünki ilk dəfə Navalnı onu "Noviçokla" zəhərləyənləri özü ifşa etmiş, təhlükəsizlik orqanlarının həmin əməkdaşlarını öz dillərindən telefonla yanıldıcı üsullarla etiraf ettirə bilmişdi. Həmin əməliyyatın bütün əməkdaşları özləri də bilmədən bu əməliyyatın sirlərini bir-bir qeyd edilən telefon danışıqlarında açıb danışmış, onlarla danışanın yüksək rütbəli rəhbərləri olduğunu hesab etmişdilər. Bu telefon danışıqları bütün dünyaya sübut etmişdi ki, Navalnını Rusiya kəşfiyyat orqanlarının əməkdaşları öldürmək istəmişdilər”.
A.Qasımov qeyd edib ki, doğrudur, bu, Rusiya üçün elə də ciddi problemə səbəb olmamışdı. Çünki bu ilk belə iş deyildi. Rusiya kəşfiyyat orqanları İngiltərədə dəfələrlə belə ölümlər təşkil etmişdilər. Boris Berezovski öz evində hamam otağında ölü tapılmış, Lutvinenko adlı ikili kəşfiyyatçı radioaktiv maddə ilə zəhərlənib bir müddətdən sonra öldürülmüş, Skripallar ikili agent-kəşfiyyatçı ata və qızı da radioaktiv maddə ilə zəhərlənərək öldürülməyə cəhd edilmiş, amma hər ikisi sağ qalmışdı. Anna Stepanovna Politkovskaya Rusiyada baş verən siyasi və ictimai hadisələr, xüsusən də, İkinci Çeçenistan Müharibəsi haqqında məlumat verən rusiyalı jurnalist və hüquq müdafiəçisi idi. Politkovskayanın milli və beynəlxalq reputasiyası məhz onun Çeçenistandan reportajları sayəsində olmuşdu. O da, Moskvada güllənərək öldürülmüşdü. Bura Boris Nemtsovun Kreml divarlarının yaxınlığında güllənərək öldürülməsini, general Lebedin helikopter qəzasında öldürülməsini, son olaraq "Vaqner" özəl hərbi şirkətinin rəhbəri, Putinin aşbazı olmuş Priqojinin məlum qiyamından sonra hamının gözü önündə təyyarəsinin vurularaq öldürülməsi faktı onu göstərdi ki, Putin regimi təhlükə hesab etdiyi hər kəsi öldürmək üçün çox fikirləşmir. Bu siyahını Çeçenistanın prezidenti C.Dudayevə, Polyaniçkoya və s.kimi uzatmaq da olar, amma bir həqiqət budur ki, bütün bu insanların hamısı Putinin rəqibləri və ya onun üçün təhlükə təşkil edən insanlar idi. Putin onları heç nədən çəkinmədən ortadan götürməyə tərəddüd etməmişdi. Son olaraq Navalnı ilə də belə oldu: “Navalnının ölümü qeyri-adi deyildi. O, çoxdan ölməli idi. Rusiyaya qayıdanda da ölümünü gözə alıb geri qayıtmışdı. Navalnı kim idi. Aleksey Navalnı 4 iyun 1976-cı ildə Moskva vilayətinin Butın adlanan yaşayış məkanında doğulmuşdu. Hüquq fakültəsini bitirmişdir və ABŞ-da daxil iki təhsil müəssisəsinin də diplomuna sahib idi. 2000-ci ildən siyasətlə məşğul idi. Rusiya Birləşmiş Demokrat Partiyasının (Yabloko) müxtəlif strukturlarında rəhbərlik etmişdi. Gələcək Rusiya Partiyasının rəhbəri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. 2007 – Sosial mediadan məqsədli şəkildə bloq kimi istifadə edən Aleksey Navalnı Rusiyanın dövlət neft şirkətlərinə qoyduğu investisiyaları sənədləşdirərək, korrupsiya faktlarını üzə çıxarmaqla məşhurluq qazandı.
Qısa müddət sonra, “millətçi fəaliyyətlərdə” iştirak etdiyi əsas gətirilərək, azad müxalifət partiya hesab edilən Yabloko-dan uzaqlaşdırıldı. Dekabr 2011 – Alekseyin Anti-Korrupsiya fondu Kremldə təmsil olunan varlı təbəqənin sərvətini üzə çıxarmaqla xeyli sayda izləyici topladı. Həmin ilin sonuna yaxın o, Putinin Vahid Rusiya partiyasının saxtalaşdırılmış seçki nəticəsində qələbə qazanmasından sonra başlayan etirazların əsas liderinə çevrildi.
İyul 2013 – Navalnı Rusiya hökumətinin irəli sürdüyü 500 min dollarlıq maliyyə fırıldağı ittihamı ilə həbs edildi. O, bu ittihamları rədd edirdi.
Sentyabr 2013 – Mokvanın meri olmaq uğrunda keçirilən seçki marafonunda Navalnı Kremlin dəstəklədiyi Sergey Sobyanindən sonra topladığı səs faizi ilə ikinci olur.
Dekabr 2018 – Beş il sonra prezident seçkilərinə qatılmağa çalışan Navalnının siyasətdə mövcudluğu Putinin Rusiyada yaratdığı idealları dağıtmağa davam edir. Buna baxmayaraq, Putin Navalnı barədə maliyyə fırıldaqlığı ittihamını əsas gətirərək, onun namizədliyinə əngəl yaradır. Navalnının Rusiya xalqını seçkiləri boykot etmə çağırışına baxmayaraq, Putin seçkilərdə 4-cü müddətə qalib gəlir.
Avqust 2020 – Navalnı uçuş zamanı huşunu itirərək tibbi səbəblərdən komaya düşdüyü üçün Sibirdə xəstəxanaya yerləşdirilir. Tibbi müayinələr zamanı məlum olur ki, o, Sovet dövründə istifadə edilən və sinir sistemini zədələyən Noviçok maddəsi ilə zəhərləndirilib. Kreml Navalnının zəhərlənməsi ilə bağlı ona qarşı sürülən ittihamları rədd edir.
Yanvar 2021 – Moskvaya qayıdan Navalnı hava limanında saxlanılır. Rusiyanın hər yerində minlərlə insan onun azadlığa buraxılması üçün nümayişlər keçirirlər.
Fevral 2021 – Almaniyada müalicə alaraq sağalan Aleksey şərti cəzanın qaydalarını pozduğuna görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilir və cəzaçəkmə müəssisəsinə göndərilir.
Avqust 2023 – Məhkəməyə hörmətsizlik və maliyyə fırıldaqlığı üzrə yeni ittihamlar irəli sürülərək Navalnının həbs müddəti 9 ilə qaldırılır. İttiham aktına əlavə edilən ektremizm maddəsi ilə barəsində 19 il “xüsusi rejimdə” cəza çəkmə hökmü verilir.
Dekabr 2023 – İki həftə itkin düşdükdən sonra, müxalifət lideri Şimali Arktikada yerləşən cəzaçəkmə müəssisəsinə köçürülür.
Fevral 2024 – Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairısinin Xarp həbsxanasında ölür.
Navalnının ölümündən sonra Putin penitensiar xidmət rəsmisi Cəzaların İcrası Federal xidmət üzrə direktor müavini Valeri Boyarinovun rütbəsini artırıb. Ona general-polkovnik rütbəsi verilib.
Müxalifətçinin həmkarı İvan Jdanov bunu Putinin işgəncəyə görə səmimi mükafatı" adlandırıb. "Boyarinov Aleksey Navalnıya həbsxanada işgəncə verilməsini şəxsən kurasiya edib. Alekseyin yemək alınması ilə bağlı hesablarına məhdudiyyət, digər işgəncələr Boyarinovun şəxsi göstərişidir", - Jdanov yazıb.
Jdanov Boyarinovun Vladimir vilayətinin müvafiq idarəsinə məktubunu yayıb. Navalnı 2023-cü ilin dekabrınadək həmin vilayətdə cəza çəkib. Məktub göndəriləndən sonra koloniyada yeməyə ayda 5 min rubldan çox pul xərclənməsi qadağan edilib. Ancaq Navalnı cəza müddətinin çoxunu cərimə kamerasında keçirib ki, oraya yemək sifariş vermək qadağandır.
Putin Boyarinovdan başqa xidmətin daha üç əməkdaşının, eləcə də digər qurumların onlarla işçisinin rütbəsini artırıb.
Navalnı deyirdi ki: "Mən də sizlər kimi öz ailəmin və uşaqlarımın gələcəyi üçün mübarizə aparıram. Sizin kimi mən də təslim olmayacaq və heç vaxt geri çəkilib getməyəcəyəm". Amma... Navalnı da Rusiya cəmiyyətinin şovinist nümayəndəsi idi. O, hakimiyyətə gəlsə idi bəlkə də, Putindən pis şovinist rəhbər olacaqdı. Bu, rus xalqının gen yaddaşında olan defekt idi və gen xəstəliyi orqanizmi daxildən yediyi üçün Navalnı ilə də belə oldu. "Sistem öz balasını yedi!". Əsas odur ki, özləri-özlərini yesinlər. Belə hallar sistemin çökməsinə səbəb olur. Bu tarix elə də uzaqda deyil”.

Cavid