Nazirdən çağırış Dünya

Nazirdən çağırış

"Türkdilli dövlətlərin təşkilatlarını İKT xidmətlərimizdən istifadəyə dəvət edirik"



İnformasiya və kommunikasiya texnologiyaları hər bir ölkənin ümumi inkişaf dinamikasını göstərən bir sahədir və müasir dövrdə İKT-nin inkişafı bütün ölkələrdə prioritet istiqamətlərdən biri hesab olunur.
Bunu Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə birinci nazirlər toplantısında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan üçün İKT nisbətən yeni sahədir, amma buna baxmayaraq ölkəmiz bu sahədə bir sıra uğurlar əldə edib.
"Ölkədə informasiya cəmiyyətinin formalaşması üzrə siyasətin aparılması dövlət idarəçiliyində, biznes sektorunda, ümumiyyətlə cəmiyyətdə hər bir vətəndaşın İKT imkanlarından yararlanması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. 2013-cü ildə Azərbaycanda İKT-nin inkişafı növbəti mərhələyə keçib. 2013-cü ildə "Azərspace-1" orbitə çıxarılıb və bununla da ölkəmiz kosmik dövlətlərdən birinə çevrilib. Hazırda "Azərspace-2 peykinin orbitə çıxarılması üzrə işlər aparılır. Bir çox ölkələrin dövlət və özəl qurumları mövcud peyklərimizin xidmətlərindən istifadə edir. Biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə həmişə hazırıq və türkdilli dövlətləri təmsil edən təşkilatları İKT xidmətlərimizdən istifadəyə dəvət edirik. İKT sahəsi daim inkişaf edən sahədir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin artırılması vacib şərtdir", - deyə nazir əlavə edib.