ABŞ dövlət katibi Hind-Sakit okean regionuna səfər edəcək Dünya

ABŞ dövlət katibi Hind-Sakit okean regionuna səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken 24 iyul-3 avqust tarixlərində Vyetnam, Laos, Yaponiya, Filippin, Sinqapur və Monqolustana səfər edəcək.

AZƏRTAC-ın verdiyi məlumata görə, bu, onun Hind-Sakit okeanı regionuna sayca 18-ci səfəridir. Dövlət katibi Vyetnamda baş katib Nquen Fu Çonqun dəfn mərasimində iştirak edəcək.

Laosda o, illik ASEAN-ABŞ Nazirlər Konfransı, Şərqi Asiya ölkələri xarici işlər nazirlərinin 14-cü Sammiti və 31-ci ASEAN Xarici İşlər Nazirlərinin Regional Forumunda iştirak edəcək.

Antoni Blinken və müdafiə katibi Lloyd Ostin Yaponiyada Xarici və Müdafiə Nazirləri Dialoqu (2+2) çərçivəsində həmkarları Kamikava Yoko və Kihara Minoru ilə görüşəcəklər. Həmçinin Tokioda Avstraliya, Hindistan, Yaponiya və ABŞ xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Filippində A.Blinkenin və L.Ostinin həmkarları Enriki Manalo və Gilberto Teodoro ilə görüşləri nəzərdə tutulub.

Sinqapurda isə dövlət katibi Baş nazir Lorens Vonq, həmkarı Vivyan Balakrişnan və digər rəsmilərlə görüşəcək. Monqolustanda da ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində dövlət rəsmiləri ilə görüşlər planlaşdırılır.