Banqladeş Baş naziri ölkədən qaçıb, müvəqqəti hökumət qurulacaq - YENİLƏNİB Dünya

Banqladeş Baş naziri ölkədən qaçıb, müvəqqəti hökumət qurulacaq - YENİLƏNİB

Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman Baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib.

APA "Times of India"ya istinadən xəbər verir ki, bu barədə qərargah rəisi xalqa müraciətində deyib.

O bildirib ki, müvəqqəti hökumət qurulacaq.

Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb. O, vətəndaşları sülhü və asayişi qorumağa, zorakılıqdan çəkinməyə və ölkənin rifahını qorumaq üçün birlikdə çalışmağa çağırış edib.

Qeyd edək ki, yerli media Baş nazir Şeyx Hasinanın öz bacısı ilə birgə hərbi helikopterlə Hindistana qaçdığı barədə məlumat yayıb.
Etirazçılar Baş nazirini iqamətgahını ələ keçirib.

Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.

Qeyd edək ki, Baş nazir xanım Şeyx Hasina 2009-cu ildən hökumətə rəhbərlik edirdi.

***

13:31

Banqladeşin baş naziri Şeyx Hasinanın ölkədə həftələrlə davam edən ölümcül etirazlardan sonra istefa verdiyi bildirilir.

APA "Sky News"-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin aparıcı qəzeti məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.

"Reuters" xəbər agentliyi isə öz mənbəsinə istinadən xəbər verir ki, onlar Baş nazirin rəsmi iqamətgahından “təhlükəsiz sığınacaq”a aparılıblar.

Yerli media bildirir ki, bazar günü paytaxtda baş verən qarşıdurmalarda azı 95 nəfər, o cümlədən ən azı 14 polis məmuru ölüb, yüzlərlə insan isə yaralanıb.