Donald Trampın impiçmentinə əsaslar çoxalır Dünya

Donald Trampın impiçmentinə əsaslar çoxalır

"The İndependent" yazır ki, Donald Trampın impiçment olunması və ya mühakimə edilməsi üçün hüquqi əsaslar getdikcə artmaqdadır. Buna səbəb onun seçki komandasının Rusiya ilə əlaqələrinə dair yeni məlumatların aşkar olunmasıdır. Məqalədə deyilir ki, xəbər verildiyinə görə, Donald Tramp özünün milli təhülkəsizlik müşaviri Michael Flynnin Rusiya səfiri ilə danışıqlarda Moskva üzərindəki sanksiyaların qaldırılması məsələsini müzakirə etdiyini, bu xəbər mətbuata çıxandan azı üç həftə əvvəl bilirmiş. Flynn bu həftə istefaya gedib.
Keçmiş milli təhlükəsizlik müşaviri, Tramp prezident vəzifəsinə başlayandan az sonra FTB tərəfindən dindirilib. Onun Rusiya səfiri ilə danışıqları barədə təhlükəsizlik orqanlarına yalan danışması cənab Flynn-in mühakiməsi ilə nəticələnə bilər. Prezident Obamanın keçmiş etika vəkili deyib ki, Flynnin yalan danışdığı isbat edilsə, onu mühakimə etməlidirlər. Vəkil deyib ki, bundan sonra bu məhkəmə Trampı və başqalarını da mühakiməyə darta bilər.
Xəbər verilir ki, Trampın köməkçiləri və komanda üzvləri seçkilərə qədər müddətdə dəfələrlə Rusiya hökumətinin və kəşfiyyatının nümayəndələri ilə görüş və danışqıalr keçiriblər. Bu məlumatlar ABŞ kəşfiyyatının əlində olan telefon danışqılarının yazılarından, bank hesablarından və səfər sənədlərindən bəlli olub. Bu tapıntılar cənab Trampın Rusiya ilə hər hansı əlaqələrinin olmasını inkar etməsi ilə ziddiyyət təşkil edir. Ağ Evin mətbuat katibi Sean Spicer deyib ki, onun cənab Trampın köməkçilərindən kiminsə Rusiya ilə danışıqlarda olduğu barədə məlumatı yoxdur, hərçənd milli təhlükəsizlik müşavirinin Rusiya səfiri ilə danışdığı məlumdur.
Mətbuat katibi israr edib ki, cənab Flynn "etibarı pozduğuna" görə istefa verib. ABŞ kəşfiyyatı hələlik Trampın adamlarından kimlərin Rusiya rəsmiləri ilə təmasda olduğunu konkret şəkildə bildirməyib. Kəşfiyyat habelə bu təmasların seçkini təsirləndirmək məqsədi ilə aparılıb-aparılmadığını da açıqlamayıb, hərçənd Trampın özü seçki kampaniyasında Rusiya prezidenti Vladimir Putinə heyranlığını dəfələrlə elan edirdi. Demokratlar və bəzi respublikaçılar cənab Trampın Rusiya ilə əlaqələrinin dərindən araşdırılmasına çağırıblar.
"The İndependent" yazır ki, araşdırma prezidentin adamlarının Rusiya ilə Hillari Klintonun seçki kampaniyasına qarşı təxribat törətmək məqsədilə əməkdaşlıq etdiklərini üzə çıxarsa, onda 1799-cu il Logan qanununun pozulmuş olduğu isbat ediləcək. Bu qanun adi vətəndaşların ABŞ və xarici ölkələr arasındakı diplomatik münasibətlərə müdaxiləsini qadağan edir. Cənab Flynn Rusiya səfiri ilə danışdığı vaxt hələ adi vətəndaş idi.
Lakin bu qanundan indiyədək Kentucki ştatından bir fermer də daxil iki nəfərin 1803 və 1852-ci illərdə mühakiməsi üçün istifadə edilib. Texas Universiteti Hüquq Məktəbinin professoru Jennifer Laurin deyib ki, cənab Flynnin həmin maddə ilə mühakimə edilməsi tamamilə ağlabatandır. Harvard Universitetinin hüquq professoru Laurence Tribe "The İndependent" qəzetinə deyib ki, son açıqlamalar prezidentin impiçmenti üçün əsası gücləndirib.
Professor bildirib ki, Flynnin tələm-tələsik istefaya getməsi bu işə xitam vermir. Bu arada cənab Tramp başqa hüquqi problemlərlə də üz-üzə qalıb. Artıq bir neçə hüquqşünas prezidenti Ağ Evi "şəxsi ailə biznesinin mənfəət mərkəzinə" çevirməkdə ittiham edir. Onlar bildirirlər ki, bu halda prezident ABŞ Konstitusiyasının gəlirlər haqda maddəsini kobud şəkildə pozub. Ədliyyə nazirliyi vəkillərin sorğusuna 60 gün ərzində cavab verməlidir.