Donald Tramp Rusiyalı vəkillə görüşməzdən əvvəl... Dünya

Donald Tramp Rusiyalı vəkillə görüşməzdən əvvəl...

"New York Times" qəzetinin iyulun 10-da yazdığına görə, ABŞ prezidentinin böyük oğlu Donald Tramp Rusiya vəkili ilə görüşməzdən əvvəl, ona Demokratik Partiyanın namizədi Hillari Klinton üçün ziyanlı ola biləcək informasiyanın mənbəyinin Rusiya hökuməti olduğu barədə məlumat verilibmiş.
Üç anonim mənbəyə istinadən qəzet yazıb ki, 2016-cı ilin iyununda baş vermiş görüşü təşkil edən musiqi agenti Rob Goldston Trampın oğluna e-mail göndərib. Bu elektron məktubda bildirilirdi ki, potensial baxımdan ziyanlı informasiyanın mənbəyi Kremldir. O bunu da yazırdı ki, sözü gedən informasiya "Rusiya hökumətinin onun atasının namizədliyinə kömək etmək cəhdinin bir hissəsidir".
İddia olunduğuna görə, Goldstonun yazdığı e-maildə deyilirdi ki, vəkil Natalya Veselnitskaya guya Demokratik Milli Komitəyə qanunsuz kampaniya köməkləri göstərildiyinə dair informasiyaya malik olduğunu iddia edib. Bu da qeyd olunurdu ki, vəkilin fikrincə, bu informasiya oğul Tramp üçün faydalı ola bilərdi. Timesın mənbələrinin verdiyi məlumata görə emaildə Moskvanın Trampa köməyinin təfərrüatları yoxdur.
İyulun 11-də Veselnitskaya ABŞ-ın NBC kanalının Moskva bürosuna deyib ki, "o heç vaxt Hillari Klinton barədə zərərli və "həsas" informasiyaya malik olmayıb və Rusiya prezidenti Vladimir Putinin hökuməti ilə heç bir bağları yoxdur".
Veselnitskaya deyib ki, Barak Obama tərəfindən imzalanmış Magnitsky aktı ilə bağlı danışmaq istəyirmiş. Bu qanun Rusiyada insan haqlarını pozanları hədəfləyir. Bundan əvvəl Timesla danışan Goldston, Klintona dair ziyanlı informasiyanın mənbəyi barədə məlumatlı olmadığını deyib. Ortaya çıxmış yeni e-mail barədə Goldstonun fikrini öyrənmək mümkün olmayıb.
Trampın böyük oğlu, kürəkəni və o vaxtkı kampaniya başçısı Paul Manafortun qatıldığı görüş, Donald Tramp respublikaçıların namizədi olmaq üçün kifayət sayda seçici nümayəndəsini təmin etdikdən üç həftə sonra və partiyanın nominasiya qurultayından bir ay əvvəl yer alıb. Bu görüşdən bir həftədən də az əvvəl müddətdə media Rusiya hakerlərinin Demokratik Milli Komitənin serverlərinə hücum etməsindən və minlərlə elektron məktubu oğurlamasından yazırdı.
Veselnitskaya NBC-yə deyib ki, Kuşner görüş başlanandan 7-10 dəqiqə sonra otaqdan çıxıb və daha qayıtmayıb, Manafort isə deyəsən söhbətə çox da fikir vermirdi. Belə gözlənilir ki, Goldstonun e-mail-i, əgər belə bir e-mail mövcuddursa, Ədliyyə Nazirliyi və seçkiyə Rusiya müdaxiləsini araşdıran Konqres komitələri tərəfindən istəniləcək. Oğul Tramp Veselnitskaya ilə Klintona dair ziyanlı informasiyanı əldə etmək üçün görüşdüyünü etiraf edib. Bu belə bir halın ilk əlaməti ola bilər ki, ona hələ görüşdən əvvəl bu informasiyanın Donald Trampın namzidəliyinə köməklik məqsədi ilə Kremldən gəldiyi barədə məlumat verilibmiş. Oğul Tramp Veselnitskaya ilə görüş zamanı Klinton kampaniyasına dair spesifik informasiya almadığını deyib. Oğul Trampın vəkili Alan Futerfas deyib ki, onun müştərisi heç bir qanunsuzluğa yol verməyib və təhqiqatla əməkdaşlığa hazırdır.
Konqresin Kəşfiyyat Komitəsinin vəzifəli demokrat üzvü Mark Varner deyib ki, sözü gedən görüş Tramp kampaniyasının vəzifəli üzvlərinin rusiyalılarla əlaqədə olduğunu göstərən ilk aydın dəlildir".