Putin dünyanı yenidən çoxqütblü etmək istəyir Dünya

Putin dünyanı yenidən çoxqütblü etmək istəyir

Rusiya dünyaya müharibə dövrünün qarşıdurmasını yaşatmaq istəyir.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Rusiyanın dünyada ABŞ-ın hegemonluğunu qəbul etməyərək, özü yeni bir qütbə çevrilmək istəyindən danışıb:
"Erməni federal demokrat partiyasının rəhbəri Jivinovski bildirib ki, postsovet məkanındakı bütün münaqişələri həll etməyin yeganə yolu münaqişə ocaqları olan suveren respublikaların könüllü sürətdə Rusiyaya birləşməsidir. O, qeyd edib ki, Cənubi Qafqazda olan ölkələr Rusiyaya birləşdikdən sonra bu problemlər aradan qalxacaq. Bu problemləri Rusiya yaratmışdı ki, həmin respublikaları öz nüfuz dairəsindən kənara qoymasın. Rusiya bir müddət öz istəyinə nail oldu. İndi isə məsələni başqa bir müstəvidən, Avrasiya Birliyi yaratmaq ideyasını irəli sürməklə Cənubi Qafqazda olan respublikaları könüllü sürətdə özünə tabe etmək yolundan məsələyə yanaşır. Bu iddianın tərkibində məşhur yazıçılar belə iştirak edir. Proxanov adlı yazıçı keçmiş SSRİ dövlətlərinin yenidən Rusiya tərkibində birləşdirilməsi ideyasının qızğın təbliğatçısıdır. Siyasi manevrlər edərək Dağlıq Qarabağ münaqişəsinin yaranmasını pisləyib. Bunun üçün ən yaxşı çıxış yolunun Azərbaycanın Avrasiyaya inteqrasiya yolunu tutmasında görüb".
Politoloq bildirib ki, Rusiyada millətçilik eyforiyası artıq açıq-aşkar təbliğ edilir.
"İndi müstəqillik qazanmış, 25 illiyini qeyd etmiş xalqların Rusiyaya tabe olması ağlasığmaz bir düşüncədir. Rusiya ABŞ-da kifayət qədər səriştəsi olmayan prezidentin hakimiyyətə gəlməsindən istifadə edərək dünya miqyasında yaranmış boşluğu doldurmağa başlayır. Dünyanın müxtəlif mövqelərində hərbi bazalar yaradaraq, öz dairəsini genişləndirir. Postsovet məkanında müstəqillik qazanmış 15 respublikanın yenidən geriyə qaytarılması uğrunda aparılan mübarizələr bu ideyanın nəticəsi kimi meydana çıxıb. Bu, çox təhlükəli bir tendensiya, dünya nizamının pozulmasına xidmət edən bir ideyadır. Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi məqsəd ölkənin keçmiş fövqəldövlət statusunu geriyə qaytarmaq və dünyanı yenidən çoxqütblü etməkdir".