

Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb, ilk addımlar atılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər Trampın sayəsində düzəlir, baxmayaraq ki, hər şey hamar getmir.
Rusiya prezidenti qeyd edib ki, iki ölkənin xarici siyasət idarələri ilə xüsusi xidmət orqanları arasında işgüzar əlaqələr yaradılıb: "Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq üçün yaxşı perspektivlər var, Amerika biznesi Rusiya bazarına qayıtmaq istəyi barədə siqnal verir".
Putin Tramp da daxil olmaqla təmaslara və görüşlərə açıq olduğunu bildirib. O, ABŞ prezidenti ilə görüşün tamamilə mümkün olduğunu deyib: “Mən Trampa böyük hörmətlə yanaşıram. Biz bu görüşü məmnuniyyətlə hazırlayacağıq".
O əlavə edib ki, ABŞ Prezidenti ilə görüşdən sonra Moskva-Vaşinqton münasibətləri yeni səviyyətə çatmalıdır.
Putin onu da deyib ki, Tramp səmimi şəkildə Ukrayna ətrafındakı münaqişəni həll etməyə çalışır.