“Dayanıqlı sülh üçün nə İsrail, nə də HƏMAS hələ hazır deyil” Dünya

“Dayanıqlı sülh üçün nə İsrail, nə də HƏMAS hələ hazır deyil”

“Yaxın Şərqdə atəşkəslər çox olub, sülh isə heç vaxt sabit qalmayıb. Problem təkcə sərhədlərdə deyil, ideoloji uçurumdadır. HƏMAS İsrailin varlığını qəbul etmədiyi müddətcə diplomatiya kağız üzərində qalacaq”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov əlavə edib ki, İsrailin də hərbi gücə söykənən təhlükəsizlik konsepsiyası bəlkə də dialoq mədəniyyətinə yer qoymur: “Bu münaqişənin həlli üçün ikitərəfli deyil, çoxsəviyyəli regional mexanizm lazımdır. Atəşkəs indi müvəqqəti sakitlik gətirəcək, amma strateji etimad yaranmadan sülh reallığa çevrilməyəcək. Əslində, bu razılaşma daha çox yeni siyasi dövrün başlanğıcıdır – tərəflər öz mövqelərini yenidən formalaşdıracaq”.

Onun bildirdiyinə görə, Qəzzada sakitlik bərqərar olsa da, hər an qırılma nöqtəsi yaranma ehtimalı qalır: “Ona görə bu atəşkəs “son” yox, “növbəti mərhələ” kimi oxunmalıdır. Dayanıqlı sülh üçünsə nə İsrail, nə də HƏMAS hələ hazır deyil məncə”.

Röya İsrafilova