Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq Gündəm

Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq

Almaniya hökuməti təxminən üç ay yarım əvvəl İsrailə silah satışına qoyulan məhdudiyyətləri noyabrın 24-də ləğv edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə DPA agentliyinə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

O, məhdudiyyətlərin aradan qaldırılmasını İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında oktyabrın 10-dan etibarən Qəzza zolağında qüvvədə olan və onun sözlərinə görə, "son həftələrdə stabilləşən" atəşkəslə izah edib. Kornelius qeyd edib ki, Almaniya hökuməti indi "İsrailə silah ixracı ilə bağlı hər bir fərdi halın ümumi nəzərdən keçirilməsinə qayıdır və vəziyyətin sonrakı inkişafı ilə bağlı cavab verəcək". O vurğulayıb ki, Almaniya hakimiyyəti Yaxın Şərqdə uzunmüddətli sülhə nail olmaq, Qəzza zolağının sakinlərinə humanitar yardım göstərmək və anklavda yenidənqurma işlərinə yardım etmək üçün səylərini davam etdirəcək.

Məryəm Quliyeva