“Rusiya bölgədə məğlub oldu” Dünya

“Rusiya bölgədə məğlub oldu”

Qabil Hüseynli: "Qarşıdurma şəraitində vəziyyəti normallaşdırmaq mümkün olmayacaq"

Ukraynanın yeni prezidentinin kimliyi məlum olandan sonra bundan sonrakı siyasi kursun necə olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Krım məsələsi necə həll olunacaq? Qərb və Rusiya ilə münasibətlər hansı formada qurulacaq?
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.
Ağ Evin yaydığı bəyanatda Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalılar adından təbrik edib.
O da bildirilir ki, Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaqla bağlı proses başladır. Ukrayna mətbuatı xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib: "Milli Təhlükəsizlik və Müdafiə Şurası təkcə MDB-də sədrliyə son qoymaq yox, həm də bu qurumdan çıxmaq üçün prosesin başlanması ilə bağlı qərar qəbul edib". Ukrayna martın 19-da MDB-də sədrlikdən imtina haqda qərar qəbul edib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, seçkilər nəticəsində Ukraynanın Qərb seçimi həllini tapmış oldu: "İnanıram ki, prezident seçilmiş Pyotr Poroşenko Avropa Birliyi ilə inteqrasiya yolunda maneələri adlayacaq. Eyni zamanda keçmiş sovet respublikaları üçün vacib olan Rusiya ilə mehriban qonşuluq əlaqələrinə də diqqət yetirəcək. Ukraynanın Qərb standartlarına keçidi dövlətin uzaq perspektivdə davamlı, sabit inkişaf ritminə transferini təmin edəcək. Böyük biznes nümayəndəsi olan UDAR hərəkatının namizədi qısa müddət ərzində Ukraynanı düşdüyü iqtisadi tənəzzüldən çıxaracağına əminəm". VİP sədri onu da deyib ki, ölkədə yaşanan mənəvi böhranın da aradan qaldırılması yolunda xeyli çətinliklər olacaq: "Lakin düşünürəm ki, Ukraynanın bu günkü siyasi və biznes elitası son yarım il ərzində yüksək səbat və cəsarət nümayiş etdirərək, prosesləri legitim sonluğa çatdıra bildisə, mənəvi problemləri də çözə biləcək. Hesab edirəm ki, Rusiyanın nəhəng diversiya maşınının qarşısında tab gətirmək böyük hadisədir".
Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırdı ki, bu seçkilər sübuta yetirdi ki, demokratiya işğalçı Rus imperiyasının hərb maşınına qalib gələ bilər: "Artıq Rusiya da Poroşenkonun qələbəsini təbrik etməyə vadar olacaq. Yanukoviçin dağıtdığı iqtisadiyyat bərpa ediləcək və ərazi bütövlüyü təmin ediləcək. Rusiya bölgədə məğlub oldu. Onun separatizmi alovlandırması da bir nəticə vermədi. Cənubi Qafqazda da belə olacaq. Rusiya çöküşə doğru gedir və yaxın zamanlarda bir iri dövlət olaraq tənəzzülü başlayacaq".
Onun sözlərinə görə, Qərbin müdafiə etdiyi bu siyasi xadim seçicilərin əksəriyyətinin səsini toplayaraq ilk turda qalib gəldi: "Rusiya Ukraynadakı seçkiləri poza bilmədi. Ehtimal etmək olar ki, Ukraynanın yeni lideri ölkəsini Avropa Birliyinə daha sıx inteqrasiya etdirəcək. Kiyev Qərbdən ona hava-su kimi lazım olan kreditləri alacaq. Bir sözlə, Qərbi Ukrayna qısa zamanda iqtisadi böhrandan qurtulmaq yolunda əməli addımlar atacaq. Aydın məsələdir ki, Poroşenko Moskva ilə də münasibətləri nizamlamağa səy göstərəcək".
Politoloq Qabil Hüsyenli isə Proşenkonun qələbəsinin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə Ukrayna xalqının seçimi doğru və ədalətli oldu: "Pyotr Alekseyeviç Poroşenkonun qalibiyyəti gözlənilən nəticə idi. Seçkiyə qədər aparılan bütün rəy sorğuları, exit-pollun nəticələri də göstərirdi ki, birinci turda o, qalib gələcək. Bu qalibiyyət də Ukrayna üçün xeyirli oldu. Bu saat Ukrayna zaman etibarilə darmacallıq şəraitindədir və yeni prezident mütləq boşluqları doldurmalı və hakimiyyət strukturlarını sürətlə formalaşdırmalıdır. Bu nöqteyi-nəzərdən prezident seçkilərinin birinci turdan başa çatması mühüm əhəmiyyətə malikdir. Yəni prezident teziklə and içib, öz səlahiyyətlərini icra etməyə başlayacaq və bunun ardınca hökumətin formalaşmasına başlanılacaq. Prezident hakimiyyəti və hökumətin fomalaşdırılması Ukraynada hakimiyyət boşluğunu aradan qaldıracaq və nəticə etibarilə xarici təxribatçı dəstələrlə daha effektli mübarizə aparmaq üçün şərait yaradılacaq". Siyasi şərhçi deyib ki, Poroşenko hakimiyyətdə təcrübəsi olan adamdır: "O, Yuşenko ilə birlikdə işləyib, Yanukoviçin dövründə nazir postunu tutub. Adətən onu milyoner kimi təqdim edirlər, amma Poroşenko böyük təcrübəsi olan və demokratik təfəkkürlü bir adamdır. Onun necə bir siyasət həyata keçirəcəyinə gəlincə, o, radikal siyasət həyata keçirməyəcək. Yəni dərhal Qərbə inteqrasiya xəttini həyata keçirməyəcək. O, çalışacaq ki, balanslı siyasət vasitəsilə Ukraynanın problemlərini həll etsin. Yəni Rusiyanı qıcıqlandırmadan, münasibətləri radikal səviyyədə aparmadan çalışsın ki, Rusiyanın ölkəyə təzyiqlərini zəiflətsin. Qərbə inteqrasiya isə xarici siyasətin aparıcı qolu olacaq. Amma NATO-ya, Avropa Birliyinə inteqrasiya xətti tezliklə görünməyəcək. Ölkə sabitləşməli, iqtisadiyyatın vəziyyəti düzəldilməli, ciddi reformalar aparılmalı, ölkədə rüşvət və korrupsiyanın qarşısı alınmalı, əhalinin maddi rifah səviyyəsinə təsir edən addımlar atılmaldır ki, Ukrayna bir növ nəfəsini dəlsin və əsas diqqətini ərazi bütövlüyünün bərpasına yönəltsin".
Qabil Hüseynlinin fikrincə, Ukraynada hakimiyyət oturuşduqdan sonra Proşenko xarici siyasət xəttində dönüş edəcək: "Rusiyaya meyillik siyasətindən söz gedə bilməz. Amma Rusiya ilə yaxın qonşuluq münasibətindən söhbət açmaq olar. Çünki Rusiya ilə qarşıdurma şəraitində Ukraynada sabitliyi bərpa etmək Ukraynanın şərq vilayətlərində vəziyyəti normallaşdırmaq mümkün olmayacaq. Ukrayna Rusiyanı qıcıqlandırmamaq üçün NATO və Avropa Birliyi ilə münasibətləri ehtiyatlı, balanslı şəkildə həyata keçirəcək".
Azərbaycan- Ukrayna münasibətlərinə gəlincə, politoloq bildirib ki, Porosenko praqmatik adamdır və münasibətlər də normal olacaq: "Azərbaycan BMT-də Ukraynanın mövqeyini müdafiə etmiş bir dövlətdir. Ukrayna münasibətlərin inkişafına cəhd edəcək, Azərbaycan da Ukrayna ilə münasibətlərin inkişafının tərəfdarıdır".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə hesab edir ki, Pyotr Poroşenko siyasət meydanında yetişən biri deyil: "O, iş adamıdır. Onun düşüncə tərzi daha çox iş adamının düşüncə çərçivəsində formalaşıb. Belə bir çətin dövrdə Ukrayna kimi dövlətin prezidenti seçilməsi iqtisadi məsələlərini həll edilməsi, Ukraynanın ərazi bütövlüyünün qorunması, Rusiya ilə münasibətlərin hansı məcərda formalaşması və ABŞ, Avropa İttifaqı (Aİ) ilə necə münasibət qurması Pyotor Poroşenkonun gələcəyinin təminata alınması üçün əsas faktorlardır. Ukrayna Krımı itirdi. Şərq əyalətlərində də separatçılar "Yeni Rusiya"nın yaradılmasından danışırlar. Həm də Ukraynanın Şərqində hərbi əməliyyatlar, lokal atışmalar davam edir. Bu baxımda Pyotor Poroşenko hökumətinin bu məsələlərdə hansı siyasi xətt üzərində hərəkət edəcəyi hələlik məlum deyil. Görünən odur ki, Ukrayna hadisələrində Rusiya hələlik ABŞ və Avropadan bir addım irəlidədir. Xüsusi ilə Rusiyanın Çin ilə təbii qaz müqaviləsi imzaladıqdan sonra "Qazprom"un prezidenti Aleksey Millerin "belə müqavilələr Avropada küçələrdə tökülməyib" deməsi, onu göstərir ki, Ukrayna məsələsində Rusiyanın manevr sahəsi bir az daha genişlənib. Sahənin geniş qalması ABŞ-ın və Avropanın Ukraynayana münasibəti və Rusiyaya qarşı həyata keçirdiyi sanksiyaların nəticəsi ilə düz mütənasibdir. Ukrayna bu gün siyasi olaraq tükənmiş coğrafiyadır. Hələ də Ukraynanın Qərbində belə hakimiyyət uğrunda mübarizənin nüansları var. Bu baxımdan hökumətin necə siyasət həyata keçirəcəyi ölkənin dağılan iqtisadiyyatının və təhlükəsizliyinin necə qorunacağı haqqında indidən qəti fikir bildirmək bir az çətindir. Önümüzdəki günlərdə Rusiya ilə məsələnin hansı istiqamətdə həll edə biləcəyini görəcəyik. ABŞ və Aİ-nın Ukraynaya verəcəyi dəstəyin həcmi xüsusi əhəmiyyət daşıyır. Əgər bu günə qədər ABŞ və Aİ Ukrayana göstərdiyi zəif dəstəyi davam etdirəcəksə, Pyotor Poroşenkonun siyasi gələcəyi təhlükə qarşısında qala bilər".

Əli