“Amerika Türkiyəni diz çökdürə bilməyəcək“ Dünya

“Amerika Türkiyəni diz çökdürə bilməyəcək“

"Express" qəzeti yazır ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan öz ölkəsinin Amerika qarşısında "diz çökməyəcəyi" barədə xəbərdarlıq edib.
Türkiyə lideri bildirib ki, Vashington "istədiyi qədər çalışa bilər", lakin "Türkiyəni gözdən salmaq işində" müvəffəq olmayacaqdır.
Hazırda iki ölkə arasında münasibətlər son dərəcə gərginləşib. Bunun əsas səbəbi Birləşmiş Ştatrlarda Türkiyə vətəndaşlarına qarşı aparılan səs-küylü məhkəmə prosesidir.
Hazırda Türkiyənin iki vətəndaşı ABŞ həbsxanasındadır və daha yeddi nəfər ABŞ sanksiyalarından yayınmaq məqsədilə Amerikanın bank sistemindən qanunsuz istifadə daxil bir sıra cinayətlərdə ittiham edilir.
Ərdoğan iddia edir ki, bu ittihamlar siyasi məqsədlərlə qondarılıb. Türkiyə prezidenti Donald Tramp hökumətini dəfələrlə bu iki nəfərin azad edilməsinə çağırıb.
Ötən həftə həbsdə olanlardan biri iranlı Reza Zərrab Tehrana qarşı ABŞ sanksiyalarını pozduğuna dair ittihamları qəbul edib.
34 yaşlı qızıl taciri istintaqla əməkdaşlığa və Türkiyənin bank rəsmisi Mehmet Hakan Atillaya qarşı ifadə verməyə razılaşıb.
Atilla ABŞ-ın bank sistemindən qanunsuz məqsədlər üçün istifadə etməkdə ittiham olunur.
Prokurorlar keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan da daxil 9 Türkiyə vətəndaşına qarşı cinayət ittihamları irəli sürürlər. İttiham olunanların arasında dövlət maliyyə təsisatı olan Halkbankın keçmiş direktoru Süleyman Aslan da var.
Ərdoğan bəyan edib ki, "ABŞ Türkiyəni aldada bilməyəcək".
Özünün hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxış edən prezident deyib: "Bizim millətimiz bilməlidir ki, bu hücumlar, böhtanlar və oyunlar bir-birilə əlaqəlidir. Onların hamısının bir məqsədi var. Türkiyəni diz çökdürmək və bizi bir-birimizə qarşı qoymaq…"
Ölkədəki insan haqlarının acınacaqlı vəziyyətinə görə Qərb tərəfindən kəskin tənqid olunan Erdoğan iddia edir ki, ABŞ prokurorları Pensilvaniyadakı müsəlman vaiz Fəthullah Gülənlə əlbir hərəkət edirlər.
Türkiyənin ekstradisiyasını tələb etdiyi keçmiş imam türk siyasətçilərin təbirincə deyilsə, "terrorçu FETÖ təşkilatına rəhbərlik edir".
Hurriyet Daily News yazır ki, prezident öz partiyasının üzvlərinə deyib: "ABŞ bizi onun ssenarilərinə getmədiyimizə görə cəzalandırır, mühakimə edir və gözdən salır".
"Bu ssenari və qəsd göz qabağındadır və onlar bu əməllərini ölkəmizdəki əlbirlərinin köməyi ilə həyata keçirirlər. Onlar bunu FETÖ ilə birlikdə edirlər" - Ərdoğan deyib.