“Türkiyə ilə açıq qarşıdurma İsrail üçün çox ciddi risklər yaradar” Dünya

“Türkiyə ilə açıq qarşıdurma İsrail üçün çox ciddi risklər yaradar”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə verdiyi müsahibədə qeyd edib ki, İsrail dövləti öz mövcudluğunu qorumaq üçün daim bir "düşmən" axtarışındadır və hazırda hədəf Türkiyədir.

Mövzu ilə bağlı xalqcebhesi.az-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Hakan Fidanın verdiyi açıqlamalar regionda formalaşan yeni geosiyasi xəttin göstəricisi kimi qiymətləndirilə bilər: “Onun İsrailin “düşmən axtarışı” strategiyası barədə dedikləri əslində təkcə ritorik mesaj deyil, eyni zamanda Ankara tərəfindən təhlükəsizlik mühitinin necə oxunduğunu ortaya qoyur. Bu kontekstdə Türkiyənin İsraillə birbaşa hərbi münaqişəyə qoşulması hazırkı mərhələdə real görünmür. Türkiyə NATO üzvü olaraq öz hərbi addımlarını təkcə milli maraqlar çərçivəsində deyil, həm də alyans daxilindəki balanslar əsasında müəyyən edir. Lakin Türkiyə ilə İsrail arasında qarşıdurma artıq dolayı formada davam edir. Bu qarşıdurma özünü əsasən siyasi ritorikada, kəşfiyyat mübarizəsində və regional təsir uğrunda rəqabətdə göstərir. Xüsusilə Qəzza məsələsində Ankaranın sərt mövqeyi və Fələstin dəstəyi İsrail tərəfindən strateji narahatlıq kimi qəbul olunur”.

V.Zifəroğlu qeyd edib ki, digər tərəfdən, Turkiyə regionda balanslı siyasət yürütməyə çalışır: “Ankara həm Qərb strukturları ilə münasibətləri qorumağa, həm də Yaxın Şərqdə müstəqil güc mərkəzi kimi çıxış etməyə çalışır. Bu səbəbdən o, birbaşa hərbi eskalasiyadan daha çox diplomatik təzyiq, siyasi mesajlar və çəkindirmə strategiyasına üstünlük verir. Bu mənada Türkiyənin bu münaqişəyə birbaşa qoşulması yalnız ekstremal ssenarilərdə – məsələn, onun milli təhlükəsizliyinə birbaşa təhdid yaranarsa – mümkün ola bilər. Hazırkı şəraitdə isə qarşıdurma açıq müharibə mərhələsinə deyil, daha çox “hibrid rəqabət” mərhələsinə uyğun gəlir və yaxın perspektivdə bu xəttin davam edəcəyi daha real görünür”.

Ekspertin bildirdiyinə görə, İsrail üçün isə Türkiyə kimi böyük, hərbi və siyasi baxımdan güclü bir dövləti “növbəti hədəf” seçmək nə real, nə də rasional strategiyadır: “İsrailin təhlükəsizlik doktrinası tarixən daha çox yaxın və birbaşa təhdidlərə fokuslanıb. Bu çərçivədə əsas prioritetlər uzun illərdir İran, onun regiondakı təsir şəbəkəsi və qeyri-dövlət aktorları (məsələn, Hizbullah və HƏMAS) olub. Türkiyə isə bu kateqoriyaya daxil deyil. Ankara İsrail üçün hazırda daha çox ideoloji və siyasi rəqibdir. Digər tərəfdən, Türkiyə ilə açıq qarşıdurma İsrail üçün çox ciddi risklər yaradar. Türkiyənin hərbi potensialı regiondakı bir çox aktordan qat-qat böyükdür. Belə bir münaqişə Şərqi Aralıq dənizi və Yaxın Şərqi tam miqyaslı müharibə zonasına çevirə bilər”.

Röya İsrafilova